Məhkəmə qərarları › İş №2-1(112)-10201/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10201/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10201/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı Kərimzadə - İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı “qərarın, torpaqların alqı-satqısına dair aktın, alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya ona torpağın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Kərimzadə - İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə (üçüncü şəxs X9 göstərilməklə) məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Xocəsən X1 mülkiyyətinə 400 kv.m torpaq sahəsinin verilməsinə dair xx.xx.2007-ci il tarixli 22/26 №li qərarının, qərara əlavə edilmiş torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisinin və torpaqların alqı-satqısına dair aktın, həmçinin X10 ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu mümkün sayılmadıqda Xocəsən Bələdiyyəsinin üzərinə Kərimzadə İddiaçı mülkiyyətinə yaxın ərazidə eyni keyfiyyətdə və eyni ölçüdə torpağın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli 13/05 nömrəli qərarına əsasən bələdiyyə ərazisindən alqı-satqı yolu ilə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 500 kvadrat metr torpaq sahəsi verilmişdir. Maddi imkanı olmadığına görə ötən uzun müddət ərzində həmin torpaq sahəsində ev tikdirə bilməmişdir. Son illərdə isə işiylə əlaqədar çox vaxt xarici ölkələrdə olduğundan həmin torpaq sahəsi demək olar ki, nəzarətsiz qalmışdır. 2024-cü ilin sonlarında mülkiyyətinə verilmiş torpaq sahəsinin başqası tərəfindən yenidən hasara alındığını və orada fərdi yaşayış evi tikildiyini bilmişdir. Bununla əlaqədar tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 400 kvadrat metri sonradan qanunsuz olaraq Xocəsən Bələdiyyəsinin 17 sentyabr 2007-ci il tarixli 22/26 nömrəli qərarına əsasən alqısatqı yolu ilə X5 mülkiyyətinə verilmiş, o da bu torpağı aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə X2. Həmin torpaq sahəsinə məhz C.C.Həsənova tərəfindən təzə hasar çəkdirilmiş və onun tərəfindən də orada fərdi yaşayış evi tikdirilmişdir. Hazırda da C.C.Nəcəfova özünün ailə üzvləri ilə birlikdə iddiaçının torpağında tikdirdiyi evdə yaşayır. Odur ki, xx.xx.2025-ci il tarixli ərizə ilə Xocəsən Bələdiyyəsinə müraciət edərək bələdiyyənin 17 sentyabr 2007-ci il tarixli 22/26 №li qərarının ləğv edilməsini, mülkiyyətinə verilmiş 500 kvadrat metr torpağın özünə qaytarılmasını və torpaq üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsini, yaxud da qanunsuz olaraq başqasının mülkiyyətinə verilmiş torpağının əvəzində ona eyni dəyərdə başqa torpaq sahəsinin verilməsini xahiş etmişdir. X11 22 aprel 2025-ci il tarixli 02-K/22 №li məktub göndərərək xahişini təmin etməkdən imtina etmişdir. Göründüyü kimi Xocəsən Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş 500 kvadratmetr torpaq sahəsinin 400 kvadratmetri sonradan qanunsuz olaraq X5 mülkiyyətinə verilmiş, R.A.Məlikov bu torpağı X3 sonra isə sonuncu tərəfindən orada fərdi yaşayış evinin tikilməsi üçün şərait yaradılmışdır. C.C.Nəcəfova göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və ailə üzvləri ilə birlikdə yaşamaq üçün həmin evə köçmüşdür. Beləliklə də Xocəsən Bələdiyyəsinin təqsirindən onun torpaq üzərində mülkiyyət hüququ pozulmuşdur.

3. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22/26 №li qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha (400 m2) torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verillmişdir. Həmin qərara əsasən alqı-satqı aktı tərtib edilmişdir.

4. xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin ərazisində 400 kv.m torpaq sahəsini müvafiq manat məbləğinə satılmasına və alıcı X6 mülkiyyətinə verilməsinə dair öhdəlik götürmüşdür.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası İPM-nin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

10. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.

11. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

12. İddia tələbinin birinci hissəsindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik torpaq sahəsinin X8 ayrılması barədə Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22/26 nömrəli qərarın ləğv edilməsini tələb edir.

13. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

14. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

15. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

16. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən:

17. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

18. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

19. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

20. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.

21. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsi təklif etmiş, lakin təklif iddiaçı tərəfindən nəzərə alınmamışdır.

22. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı yol verilən müddət ötürülmüşdür, iddia ərizəsində qeyd edilənlər prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

23. İddia tələbinin ikinci hissəsi X10 ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqısatqı müqaviləsinin ləğv edilməsindən ibarətdir.

24. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı mübahisə şəxslər arasında əmlakın alqısatqısına dair bağlanmış mülki hüquqi əqdin ləğv edilməsi ilə bağlıdır, yəni mübahisə mülki xarakterli olmaqla inzibati orqanın “İnzibati icraat haqqında” Qanundan irəli gələn fəaliyyəti ilə bağlı deyildir.

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı müqavilə münasibətlərindən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müqavilənin ləğv edilməsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsində qeyd olunur: İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).

28. İddia tələbi üçüncü hissədə isə birinci və ikinci hissədə tələb təmin olunmadıqda Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçının mülkiyyətinə yaxın ərazidə eyni keyfiyyətdə və eyni ölçüdə torpağın verilməsindən ibarətdir.

29. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22/26 saylı qərarına əsasən Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X5 mülkiyyətinə verilmişdir. Həmin qərar etibarsız hesab olunmamış və ya qüvvədən düşməmiş, iddiaçı tərəfindən qərarın ləğv olunmasına dair tələblə məhkəməyə müraciət edilmiş, ləğv edilməsi mümkün olmadıqda ona uyğun başqa torpaq sahəsinin mülkiyyətinə verilməsi xahiş edilmişdir.

30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

31. Beləliklə, cavabdeh qurumun (X8 vaxtilə alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinə yaxın ərazilərdə yerləşən) başqa bir torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirmək və ya ayırmaq vəzifəsi (səlahiyyəti) yoxdur.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

33. İddia mümkün sayılmadığından üçüncü şəxsin cəlb edilməsi məsələlərinə baxılmasına zərurət qalmadı.

34. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

35. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

36. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar