Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10203/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-233/2008 saylı qərarı üzrə xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icra edilmədən geri qaytarması hərəkətinin qanunsuz hesab edilməsi və «İcra haqqında» AR Qanunu ilə üzərinə düşən vəzifələrin yerinə yetirməsinin (İcraata başlamaq haqqında qərar qəbul edilməsi) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aidə Ağayeva 2008-ci ildə İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iclasında aralarında barışıq sazişi bağlanmış və iş üzrə icraata xitam verilmişdir. Sazişə görə İddiaçı mənzilin özəlləşdirilməsinə razılıq verməli idi, o isə mənzili özəlləşdirib satmalı və əldə edilən pulun yarısını ona ödəməli idi. İddiaçı öz öhdəliyini yerinə yetirdi, lakin Aidə Ağayeva mənzilə dair çıxarışı aldıqdan sonra öhdəliyini yerinə yetirmək əvəzinə gizlincə İddiaçı və uşaqlarının mənzildən hüquqlarının itirilməsinə dair yeni iddia vermiş və Nəsimi Rayon Məhkəməsinin 2-(006)- 3661/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X3 onlara qarşı «mənzilə istifadə hüququnun itirilməsi tələblərə dair» iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsindəki 44 saylı evin 29 saylı mənzilindən onların istifadə hüquqları itirilmişdir. xx.xx.2018-ci il tarixdə qiyabi qətnamənin surətini alıb, ləğvi barədə məhkəməyə ərizə vermişdir. Həmin ərizəyə Aidə Ağayeva ilə aralarında əvvəl olmuş, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla baxılmış məhkəmə mübahisəsinin nəticəsi barədə barışıq sazişini və sazişin təsdiq edilməsi barədə məhkəmənin xx.xx.2008-ci il tarixli xitam Qərardadını da əlavə etmişdir. Lakin qiyabi qətnamənin ləğvi barədə ərizəsi xx.xx.2018-ci il tarixdə baxılmadan geri qaytarılmışdır. Bundan sonra verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2019cu il tarixdə baxılaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, Aidə Ağayevanın iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2008-ci il tarixli barışıq sazişi üzrə həmin xitam qərardadının qüvvədə olmasını nəzərə alaraq qiyabi qətnaməni ləğv etmişdir. Həmin qərardadda da məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbi bilavasitə tərəflərə izah edilmiş və qərardadın nəticə hissəsində də göstərilmişdir ki, «...tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir». Barışıq sazişinin təsdiq edilməsi haqqında xitam qərardadına əsasən İddiaçı mənzilə köçürülmə tələbindən imtina edərək, mənzilin özəlləşdirilməsinə razılıq verməyi öhdəsinə götürmüşdür. Aidə Ağayeva isə bunun müqabilində mənzili özəlləşdirib satmağı və əldə edilən pul vəsaitini İddiaçıyla bərabər bölməyi öhdəsinə götürmüşdür. Həmin sazişə uyğun olaraq o, mənzilin özəlləşdirilməsinə elə 2008-ci ildə notariat qaydasında razılıq vermişdir. Aidə Ağayeva mənzili özəlləşdirib adına çıxarış aldıqdan sonra mənzili satıb, əldə ediləcək pulu İddiaçıyla bərabər bölmək öhdəliyini yerinə yetirməmişdir. Əvəzinə, eyni tələblə təkrar məhkəməyə müraciət edərək İddiaçı və övladlarının xəbəri və iştirakı olmadan qanuni mənafelərinin pozulması ilə nəticələnən məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. Bundan başqa, İddiaçı həmin mübahisəli mənzillə bağlı «mənzilin açıq hərracdan satılması, əldə edilən pul vəsaitinin aralarında bölünməsi» tələbinə dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-6857/2019 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə MPM-in 261.0.2-ci maddəsinə əsasən ləğv edilmiş və izah eddilmişdir ki, qüvvədə olan tərəflərin barışıq sazişinin icrası ilə bağlı icra vərəqəsi verilməsinə dair birinci instansiya məhkəməsinə ərizə verməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2828/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilib, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilsə də kassasiya instansiyası məhkəməsi də hesab etmişdir ki, iş üzrə icraata MPM-in 201.0.1-ci maddəsinə əsasən xitam verilməlidir və barışıq sazişi üzrə icra vərəqəsi verilməsi üçün birinci instansiya məhkəməsinə ərizə verməlidir. Odur ki, AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3496/2021 saylı qüvvədə olan qərarında göstərilənləri nəzərə alaraq, X8 ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadın icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müvafiq icra vərəqəsi verilməsini xahiş etmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin Nəsimi rayon İcra şöbəsinə icra vərəqəsi verməsindən və icra məmurunun icra sənədinin geri qaytarması barədə xx.xx.2022-ci il tarixli məktubundan xəbəri olmayıb. Bu hərəkətlər barədə ona bildiriş verilməyib. Odur ki, xx.xx.2022-ci il tarixdə eyni xahişlə, yəni xx.xx.2008-ci il tarixli qərardadın icrası ilə bağlı icra vərəqəsi verilməsindən ötrü Nəsimi Rayon Məhkəməsinə təkrar müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə xx.xx.2022-ci il tarixli cavab məktubunu xx.xx.2022-ci il tarixdə məhkəmə zalında ona təqdim edərək, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Yavər Abdullayevin xx.xx.2022-ci il tarixli, 2938 saylı məktubla icra vərəqəsini geri qaytardığını, icra məmurunun hərəkət və hərəkətsizliyindən inzibati məhkəməyə, yaxud barışıq sazişinin şərtinin pozmaqla vurduğu zərərin ödənilməsi tələbi ilə Aidə Ağayevanın qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət hüququnu izah etmişdir. İcra məmuru üzərinə düşən vəzifə olan icra vərəqəsinin icrasını təmin etmək əvəzinə, əsassız olaraq «məhkəmə qərarının nəticə hissəsində icra olunmalı olan tələb qeyd edilməmişdir» səbəbilə icra sənədini müvafiq qərar qəbul etmədən, məktubla geri qaytarmışdır. Hansı ki icra vərəqəsində borclunun etməli olduğu hərəkətlər, yəni «Bakı şəhəri, 5-ci mkr, A.Məhərrəmov küçəsi, 44 saylı evin 29 saylı mənzili özəlləşdirilsin və satılsın» tələbi aydın şəkildə göstərilmişdir. İcra məmuru icra vərəqəsini geri qaytarmaq əvəzinə, icraata başlamaq haqqında qərar qəbul etməli və MPM-in 230.1-ci maddəsinə müvafiq olaraq, icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə aktının izah edilməsi barədə təqdimatla məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlük məsələsinin həll edilməsi ilə əlaqədar məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadı ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququn itirilməsi tələbinə dair iddia ərizəsi üzrə, Qəmzə Mikayıl qızı X1 qarşı mənzilə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və mülki işin icraatına xitam verilməsi, İddiaçı tərəfindən verilmiş razılığa əsasən Bakı şəhəri, 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 saylı evin 29 saylı mənzilin X6 tərəfindən özəlləşdirilməsi və satılması, satışdan əldə edilmiş vəsaitin onunla İddiaçı arasında bölünməsi qərara alınmışdır. Qərardad xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini almış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2008-ci il tarixli, 2(006)- 233/2008 nömrəli qərardadı üzrə icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixli 2938-54370/2022-5-1 nömrəli məktubu ilə icra sənədini Nəsimi rayon Məhkəməsinə qaytarılmış və bildirilmişdir ki, sözügedən məhkəmə qərarının nəticə hissəsində icra olunmalı tələb qeyd edilməmişdir. Hazırda iddiaçı icra məmurunun icra sənədinin icra olunmadam geri qaytarılması barədə hərəkətlərinin qanunsuz hesab edilməklə icra sənədinin icra olunması ilə bağlı icra hərəkətlərinin edilməsi vəzifəsinin cavabdeh İcra Şöbəsinin üzərinə qoyulmasını inzibati iddia qaydasında inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -23.1-ci maddəsinə əsasə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: (......) -23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlıdır. Belə ki, iddiaçı icra məmurunun icra sənədinin icra olunmadan geri qaytarılması barədə hərəkətlərini mübahisələndirir. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 23.1, 23.7-ci maddələrinin birgə təhlilindən görünür ki, icra sənədi məhz icra sənədini vermiş məhkəməyə qaytarılır və icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərardan tərəflər “iddia” deyil, “şikayət” verə bilərlər və bu şikayətin verildiyi “müvafiq məhkəmə” məhz icra sənədini vermiş məhkəmə hesab olunur. Bu, həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Hazırkı halda iddiaçının icra sənədinin geri qaytarılması barədə icra məmurunun hərəkətinin qanunsuz hesab olunması, icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı tələbi müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə şikayət verilməklə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10203/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10203/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver