Məhkəmə qərarları › İş №2-1(112)-10203/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10203/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10203/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "müddətsiz əlillik məlumatlarının əlillik alt sisteminə daxil edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci ildən 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il hərbi qulluqçu kimi gizir rütbəsində xidmət keçmişdir. Xidməti vəzifələrinin icrası zamanı 1993-cü ildə xəsarət almışdır. Ona xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək müddətli, xx.xx.2008-ci ildən isə 2-ci dərəcə müddətsiz hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar əlillik təyin edilmişdir. Onun əlilliyi haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində olmadığı üçün cavabdehə ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlil olmağını nəzərə alıb (ərizəyə bütün əlillik sənətləri əlavə etməklə) əlilliyi haqqında məlumatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilsin. Lakin cavabdeh tərəfindən uzun müddət keçməklə müraciətinə biganə cavab verildiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. İddiaçı müraciəti əsasında əldə edilən TSEK arayışı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən vətəndaşın əlillik səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar, əlavə araşdırılmanın aparılması məqsədilə vətəndaş xx.xx.2024-cü il tarixə Agentliyə qəbula dəvət edilmişdir. Lakin həmin tarixdə vətəndaş qəbulda iştirak etməmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 123067 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 286332 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 424442 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2002-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 587043 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 700351 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2004-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 872704 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 305593 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 478373 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2008-ci ildən 2 dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-19509/2024 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaşın əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı müraciəti əsasında əldə edilən TSEK arayışı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən vətəndaşın əlillik səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır. Yaranmış zərurətlə əlaqədar, əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə vətəndaş Agentliyə qəbula dəvət ediləcəkdir. Bu barədə vətəndaşla öncədən əlaqə saxlanılacaqdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-265634/2024 nömrəli məktubla göndərilmiş İddiaçı müavinət ödənişinə dair sənədlərinin təsdiq olunmuş surətindən görünür ki: Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008-ci il tarixli 326 nömrəli qərarına əsasən İddiaçı hərbi tapşırığı yerinə yetirməsi ilə əlaqədar 2-ci qrup əlilliyinə görə xx.xx.2008-ci il tarixdən ömürlük 70 manat müavinət verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1047 nömrəli qərarı ilə Şamaxı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993- cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: "Onurğa sütununun, döş qəfəsinin sağ yarısının əziyi. Şağ böyrəyin kontuziyası. Qeyri spesifik uretrit" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi diaqnoz: "Qapalı küt travmadan (xx.xx.1993) sonrakı birinci bel fəqərəsinin bitişmiş kompression sınığı" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2017ci il tarixli 6 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 104 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1994-cü il tarixli 6755 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Azərbaycan Respublikası Ali Məhkməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia əlillik alt sistemində əlillik təyinatı məlumatlarının daxil edilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İşin halarından görünür ki, iddiaçıya hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2000-ci il tarixdən etibarən xx.xx.2008-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuş, xx.xx.2008-ci il tarixdən isə 2 dərəcəli əlilliyi eyni səbəblə müddətsiz olaraq müəyyən olunmuşdur. İddiaçıya aid müavinət işində olan TSEK sənədlərindən də görünür ki, 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 478373 nömrəli arayışı müavinət işinə əlavə edilmiş, həmin arayışa əsasən Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008-ci il tarixli 326 nömrəli qərarı ilə İddiaçı hərbi tapşırığı yerinə yetirməsi ilə əlaqədar 2-ci qrup əlilliyinə görə xx.xx.2008-ci il tarixdən ömürlük müavinət təyin edilmişdir. Göründüyü kimi iddiaçıya 2008-ci ildən müddətsiz ikinci dərəcə hərbi tapşırığı yerinə yetirməsi ilə əlaqədar səbəbi ilə əlillik təyin edildiyi halda cavabdeh inzibati orqan əlillik təyinatı ilə bağlı məlumatları, əlillik təyini qərarını elektron sistemə yerləşdirməmiş, iddiaçının isə ona müddətsiz olaraq təqdim edilmiş müayinə aktına əsasən barəsində əlilliyin müddətsiz olaraq təyin edilməsi barədə qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixdə 1047 nömrəli qərarı "Hərbi travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır" kimi şəhadətləndirilməsi iddiaçı barəsində həmin tarixədək olan əlillik təyinatı məlumatlarının əlillik təyinatı alt sisteminə daxil edilməsinə mane deyil və ya 2017-ci il tarixdə müəyyən edilmiş bu fakt onun 2008-ci ildən müddətsiz əlilliyinin şübhə altına alınmasına rəvac vermir. Belə ki, iddiaçının 2000-ci ildən təyin edilmiş və sonuncu dəfə 2008-ci ildə əlillik təyinatının səbəbli əlaqəsinin hərbi tapşırığı yerinə yetirərkən aldığı travma ilə əlaqədar olduğu qeyd edilmiş, iddiaçı bununla razılaşmış və hazırkı iddiasında da iddiaçının tələbi bilavasitə hərbi tapşırığı yerinə yetirərkən aldığı travma ilə əlaqədar səbəbli əlaqə ilə əlillik təyinatı məlumatlarının əlillik təyinatı alt sisteminə yerləşdirilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt tələb olunur: -TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, -şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan inzibati icraat zamanı əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını müəyyən etməmiş, bununla bağlı yeni inzibati icraat açmamışdır. Məhkəmə diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1527/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır:

31. Məhkəmə kollegiyası bununla qeyd edir ki, iddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

32. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata keçirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh inzibati orqan mövcud icraat qanunveriiliyinin pozulması ilə iddiaçının əlillik təyinatı məlumatlarını sistemdə yerləşdirməkdən imtina etməklə bilavasitə iddiaçının əlillik vəziyyəti qiymətləndirilməsini, onun barəsində əliverişli inzibati aktın mövcudluğunu qəbul etmir, bununla da iddiaçının əlillik təyinatı alt sistemindəki məlumatlara əsasən yarana biləcək sosial təminat hüquqlarının təminatını məhdudlaşdırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində xx.xx.2008-ci ildən 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlillik təyinatı məlumatlarının əlillik altsisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində xx.xx.2008-ci ildən 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlillik təyinatı məlumatlarının əlillik altsisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar