Məhkəmə qərarları › İş №2-1(112)-10203/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10203/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10203/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və s.” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Kondisioner” bağcılıq birliyinin bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1990-cı il tarixli, 7 №-li protokolundan çıxarışına əsasən bağçılıqda yerləşən torpaq sahəsi 500 kv.m2 olan, 1561 nömrəli bağ sahəsi xx.xx.1995-ci il tarixdə qeydə alınmış qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) daimi istifadəsinə verilmişdir. İddiaçıya “Kondisioner” Bağçılıq Birliyinin üzvü olmasına dair üzvlük kitabçası verilmişdir. İddiaçıya “Kondisioner” Bağçılıq Birliyi tərəfindən bağ sahəsinin planı tərtib edilərək verilmişdir. İddiaçı 1561 saylı bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq daşınmaz əmlakın hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd etmişdir ki, “...idarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində “1561” nömrəli torpaq sahəsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-431/14 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1561 saylı bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarışı vermək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1561 saylı bağ sahəsi ona məxsusdur. Beləki o həmin bağ sahəsini sovet vaxtında Bakı kondosioner zavodundan almışdır. O həmin zavodda 2001-ci ilə qədər çalışmışdır. Bu səbəbdən də həmin zavod tərəfindən 1980-ci illərdə bu bağ sahəsi verilmişdir. Bağ sahəsi ona veriləndə sadəcə 1990-cı ildə verilmiş kitabça və texniki plan verilmişdir. Həmin bağ sahəsinə dair bu günə qədər mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış almamışdır. İmtina məktubunda göstərilən şəxs onun qonşusudur. Onun da öz bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarışı yox idi. O ondan əvvəl çıxarış aldığı üçün hər iki ayrı bağ sahəsinə eyni nömrə yazılmışdır. Lakin o bağ sahəsinin çıxarışı verilmişdir, onun bağ sahəsində həmin bağ evi ilə eyni nömrədə olduğu üçün o öz mülkiyyətində olan əmlaka çıxarış əldə edə bilmir. Məhkəməyə müraciət etməkdə məqsədi öz bağ sahəmə çıxarış almaqdır. Çünki hər iki bağ sahəsi ayrı şəxslərə məxsus mülklərdir. Bu əmlaklara eyni nömrə verilməsi və qonşunun ondan əvvəl mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarış alması səbəbi ilə cavabdehin ona çıxarış verməkdən imtina etməsi onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Kondisioner” bağcılıq birliyinin bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1990-cı il tarixli, 7 №-li protokolundan çıxarışına əsasən bağçılıqda yerləşən torpaq sahəsi 500 kv.m2 olan, 1561 nömrəli bağ sahəsi xx.xx.1995-ci il tarixdə qeydə alınmış qərarı ilə iddiaçının daimi istifadəsinə verilmişdir. İddiaçıya “Kondisioner” Bağçılıq Birliyinin üzvü olmasına dair üzvlük kitabçası verilmişdir. İddiaçıya “Kondisioner” Bağçılıq Birliyi tərəfindən bağ sahəsinin planı tərtib edilərək verilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi bağçılığın üzvlük kitabçasını, protokoldan çıxarışı və bağ sahəsinin planını təqdim edir. Cavabdeh iddiaçının hüuqmüəyyənedici sənədlərə malik olmasını və bağçılığın üzvlərinin siyahısında iddiaçının adının olmasının mübahisələndirmir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərəkən o hala istinad edir ki, idarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində “1561” nömrəli torpaq sahəsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-431/14 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı əsasında **********65 reyestr nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra alqı-satqı müqaviləsi əsasında X3 (fin: 2T26758) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb və hazırda mülkiyyətindədir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş ortofoto görüntüsündə açıq-aşkar görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-431/14 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı əsasında hüququnun qeydə alındığı 1561-1597 nömrəli bağ sahəsi ilə iddiaçının iddia etdiyi bağ sahəsi ayrı-ayrlı yerlərdə yerləşir, üst-üstə düşmür. Cavabdehin etirazın dəlili kimi istinad etdiyi digər şəxsin adına dövlət reyestrində **********65 nömrəsi ilə qeydiyyata alınmış 1561-1597 nömrəli bağ sahəsi iddia olunan bağ sahəsinin qonşuluğunda, sağ tərəfində yerləşir. Məhkəmə qeyd edir ki, bağ sahəsinin nömrəsinin eyni olması, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Qərarın icrası nəticəsində iddiaçının hüququnu qeydə alarakən bağ sahəsinə yeni ünvanla təmin etmək cavabdehin vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” bağçılıq birliyi ərazisində yerləşən 500 kv.m bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar