Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10204/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəisi Aftandil Ağayevə qarşı “kompensasiya və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qanunsuz cinayət işi qaldırılması və zorla saxlama şəraitinin dəyişdirilməsi nəticəsində mənəvi ziyan olaraq 10.000 manat pulun cavabdehdən alınıb ona verilməsi, cavabdehin göstərişi ilə barəsində törədilmiş cinayətlərlə əlaqədar onun barəsində xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi, cavabdeh və həbsxana əməkdaşlarının ona qarşı etdikləri qanunsuz hərəkətlərin dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1981-ci ildə ünvan 1 ünvanda yaşamışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azdlıqdan məhrum edilmişdir. 27 dekabr 2003-cü il tarixdən Qobustan Həbsxanasında saxlanılır. Həbsxananın rəisi ədliyyə polkovniki Aftandil Ağayev həbsxanada rəis kimi fəaliyyətə başladığı andan ona məlum olmayan səbəblərdən onunla və ailəsi ilə düşmənçilik etmiş, vəzifə səlahiyyətlərindən suiistifadə edərək onun valideynlərinin vəsaiti hesabına təmir edilmiş kamerada başqa məhkumları yerləşdirmiş, əsassız olaraq onu şərləyərək barəsində cinayət işi açdırmışdır. xx.xx.2018-ci il tarixdə səhər saat 11:00-da radələrində cavabdeh onun saxlanıldığı həbsxananın 6-cı korpusunun 200 saylı kamerasına axtarış baxış keçirilməsi üçün müavinləri Rauf Nəbiyevi, Emin Cəfərovu və qeyrilərini göndərmiş, onları kameradan gəzintiyə yollamış, uzun sürən axtarış-baxış hərəkətlərindən sonra saat 16:30 radələrində əməkdaşların və hal şahidlərinin iştirakı ilə 1 ədəd telefon, 1 ədəd qidalandırıcı akkumulyator və 1 ədəd mikrosxem aşkar etmişlər. Bundan sonra ondan izahat alınmasına cəhd edilmiş, o, izahat verməmişdir. Ona fiziki və mənəvi işgəncələr verilmiş, o, bununla bağlı Penitensiar Xidmətin rəhbərliyinə şikayətlər etsə də, şikayətləri nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-542/2021 nömrəli qərardadı ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-7220/2020 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı “mənəvi ziyan və cavabdeh barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının və onun nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin olunmamış, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış və məhkəmə prosesi iddiaçının və nümayəndəsinin iştirakları olmadan, çəkişmə prinsipinə əməl olunmadan həyata keçirilmiş və məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 07 iyul 2022-ci il tarixli məktubla, iddiaçılara hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Məhkəmə qeyd edir ki, iddianın yönəldiyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəisi Aftandil Ağayev vəzifəli şəxs olsa da, öz adından inzibati akt qəbul etmək səlahiyyəti olmadığından, ona qarşı iddia tələbi iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi halında belə mümkün sayıla bilməz. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş həbsxananın rəisi həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamış (cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları nəzərdə tutulmuşdur) və həmin təsnifatın V bölməsində nəzərdə tutulmuş “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki şəxs” anlayışına da uyğun gəlmir. Belə ki, həbsxananın rəisi qanuna əsasən öz adından inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs deyil. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxs inzibati orqan olmadığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə eyni zamanda, iddianın xüsusi qərardadın çıxarılması ilə bağlı hissəsinə münasibətdə aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, prosessual qanunvericiliyə görə iddia tələbində qoyulmasından asılı olmayaraq, işə baxan məhkəmə müvafiq halları aşkar etdikdə xüsusi qərardad qəbul edir. Başqa sözlə, iddia tələbindən asılı olmayaraq bu məhkəmənin səlahiyyətindədir. Bu baxımdan, “xüsusi qərardadın qəbul edilməsi” barədə tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçının aidiyyəti üzrə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəisi Aftandil Ağayevə qarşı “kompensasiya və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-10204/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10204/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver