Məhkəmə qərarları › İş №2-1(112)-10205/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10205/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10205/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Goranboy rayon Komissiarlığı tərəfindən könüllü olaraq hərbi xidmətə çağırılmış və xidmətini N saylı hərbi hissədə başlamışdır. 1992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. O, xx.xx.1992-ci il tarixdə Goranboy rayon Ərazi X2 tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Mənəş, Talış, Gülüstan, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmiş və sıravi əsgər olmaqla atıcı olmuşdur. Onun hərbi biletini əvəz edən xx.xx.2019-cu il tarixli, 10541 nömrəli arayışda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Goranboy rayonu X2 tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi öz əksini tapmışdır. Onun barəsində heç bir təqsirləndirici material olmamışdır. Onun döyüş yoldaşları var, onun döyüş yolu barədə şahidlik edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, “Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində iştirak etmiş şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı həmin vaxt Goranboy rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə cəlb edilmiş və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamışdır. xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Goranboy rayon özünümüdafiə batalyonunda əsgər kimi müxtəlif vəzifələrə təyin edilmişdir. Göründüyü kimi Goranboy özünümüdafiə batalyonu Müdafiə Nazirliyinin tərkibində hərbiləşmiş batalyon olmuş və bu səbəbdən həmin batalyon barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat vardır. Həmçinin Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin xx.xx.2019-cu il tarixli, 1/4-13760 nömrəli imtina məktubuna əsasən, iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumatlar olmadığından “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. Goranboy özünümüdafiə batalyonu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuş, əmrlər kitablarının həmin Nazirliyinin Mərkəzi Arxivində saxlandığını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nda müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının uyğun olaraq qərar qəbul edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2328/2021 nömrəli qərardadı ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-250/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə, iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2328/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1457/2022 nömrəli qərardadı ilə, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq, Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılsa da, işə baxan birinci instansiya məhkəməsi tərəfindən, ilk növbədə, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmri tələb edilməmiş və məzmunu öyrənilməmiş, N №-li hərbi hissənin həqiqətən də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə olması, həmin hərbi hissənin şəxsi heyətinin (hazırkı halda: iddiaçının) hərbi qulluqçu statusunda olub-olmaması araşdırılmamışdır. Bununla yanaşı, Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №li hərbi hissə adlandırılsa da, iddiaçının sürücü vəzifəsinə təyin edilməsi Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli, 6 №-li əmri ilə olmuşdur. Başqa sözlə, əmr N №-li hərbi hissə adından deyil, Goranboy ƏÖMB komandirinin adından verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi bu hala da qiymət verməmişdir Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2-7222 №-li arxiv arayışından görünür ki, Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli, 1 №-li əmrilə (əsas: səh 8, § 1) sıravi İddiaçı atıcı vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrilə (əsas: səh 12, § 1) 1971-ci il təvəllüdlü sıravi İddiaçı atıcı pulemyotçu köməkçisi vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli, 6 №-li əmrilə (əsas: səh 32, § 1) 1971-ci il təvəllüdlü sıravi İddiaçı sürücü vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1/U-13760 nömrəli məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-7222 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla təxris olunmağı barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsəduyğun deyildir; Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, U/5468 nömrəli məktubdan görünür ki, Xidmətə daxil olmuş “müharibə veteranı” statusunun verilməsinə dair təkrar ərizə və sənədlərinə baxılmışdır. Bildirilir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Belə ki, onun 1992-ci ildə Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinin tərkibində xidmət keçməyini nəzərə alaraq sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və nəticəsi barədə xx.xx.2019-cu il tarixli, 1/U-13760 nömrəli məktubla ətraflı məlumat verilmişdir; Məhkəməyə təqdim edilmiş Goranboy ƏÖMB-nun komandiyinin xx.xx.1992-ci il tarixli, 2 №-li əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılmışdır; Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-2070/2019 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(104)-219/2020 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardada əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-2070/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 0N №-li əmrində N №-li hərbi hissənin tərkibində N №-li hərbi hissənin yaradılması barədə məlumat vardır. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 1 №-li əmrilə (əsas: səh 8, § 1) sıravi İddiaçı atıcı vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrilə (əsas: səh 12, § 1) 1971-ci il təvəllüdlü sıravi İddiaçı atıcı pulemyotçu köməkçisi vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 6 №-li əmrilə (əsas: səh 32, § 1) 1971-ci il təvəllüdlü sıravi İddiaçı sürücü vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmçinin Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 №-li əmrinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir: - Həmin əmrdə 1992-ci ilin martın 27-dən, Goranboy rayonunun 803-cü əlahiddə ərazi özünümüdafiə batalyonunun əsasında, tərkibində 3 batalyon əlahiddə ərazi özünümüdafiə alayının yaradılmasına başlanılması, həmin işlərin 1992-ci il aprelin 10-da başa çatdırılması, 803-cü əlahiddə ərazi özünümüdafiə alayının qərargahının Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılıb fəaliyyət göstərməsi, Nazirliyin Maliyyə İdarəsinin 803-cü əlahiddə ərazi özünümüdafiə alayının maliyyə təminatını Respublika Dövlət bankının Goranboy şöbəsi vasitəsilə Goranboy rayonu Hərbi Komissarlığının maliyyə hesabına keçirilməsini təmin etməsi, nəzərdə tutulmuşdur.. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1971-ci il təvəllüdlü, Goranboy rayon Dəliməmmədli şəhər sakini, istefada olan sıravi İddiaçı 2019-cu il tarixdə ərizə ilə müraciət edərək hərbi qeydiyyata alınmağa köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəflərindən hərbi xidmətə çağırılmayıb, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək könüllü olaraq GÖMB-nun tərkibində xidmət etmişdir. İddiaçı aid toplanmış sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli müvafiq əmrində N №-li hərbi hissənin yaradılması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan Goranboy rayon ƏÖMB komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdən yazılan məlumatlar komandirin əmrlərinə əsasən olduğu kimi yazılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddiaya cavab verməli olan qurumun müəyyən edilməsi məqsədi ilə, iddiaçının xidmət etdiyi Goranboy şəhərində yaradılımış ərazi özünümüdafiə 2-ci batalyonunun (sonradan N №-li hərbi hissə adlandırılmışdır) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə olub-olmaması və nəticə etibarilə onun hərbi qulluqçu statusunun olub-olmaması istiqamətində araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı könüllü olaraq Goranboy şəhərində yaradılımış ərazi özünümüdafiə 2ci batalyonunda xidmətə başlasa da, Müdafiə nazirinin yuxarıda qeyd olunan əmri ilə Goranboy rayonunun 803-cü əlahiddə ərazi özünümüdafiə batalyonunun əsasında tərkibində 3 batalyon əlahiddə ərazi özünümüdafiə alayı yaradılması qərara alınmış, Goranboy ƏÖMB-un komandirinin 1 may 1992-ci il tarixli əmrilə Müdafiə nazirinin həmin əmrinə uyğun olaraq, iddiaçının olduğu 2-ci batalyon N №-li hərbi hissə adlandırılmış, sıravi İddiaçı 3-cü manqada atıcı-pulemyotçu köməkçisi vəzifəsinə təyin edilmiş, daha sonra qranatatan tağımda sürücü vəzifəsinə təyin edilmiş və əmək haqqı ödənilmişdir. Əmək haqqı alması məhkəmə iclasında iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Goranboy özünümüdafiə batalyonu Müdafiə Nazirliyinin tərkibində hərbiləşmiş batalyon olmuş və bu səbəbdən həmin batalyon barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat və nizami hissə üzrə əmrlər vardır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar