Məhkəmə qərarları › İş №2-1(112)-10205/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10205/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10205/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Nərimanov-13" MMMC) “qarajlar üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qarajlar üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 3-cü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus olan ünvan 2 ünvanda yerləşən yeraltı qaraj və sağlamlıq mərkəzində sahəsi 24 kv.metr olan 29 nömrəli və sahəsi 20 kv.metr olan 35 nömrəli qeyri-yaşayış sahələri (qarajlar) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov 48A ünvanında yerləşən iki yeraltı qarajın alqısatqısına dair 06 avqust 2019-cu il tarixli, 348/A saylı və 29 oktyabr 2019-cu il tarixli, 11/A nömrəli müqavilələr bağlanmışdır. Həmçinin, o, "xxxx" MTK-nın üzvü qəbul olunmaqla, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov, 48A ünvanında ümumi sahəsi 44 kv.metr olan iki yeraltı qarajın payçısı kimi tanınmışdır. Buna görə də, aldığı yeraltı qaraja dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024cü il tarixli **********41 və **********45 nömrəli cavab məktubları ilə qarajlara mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Bildirilmişdir ki, qeyri-yaşayış sahələrinin dövlət reyestrində qeydə alınması üçün təqdim edilmiş qəbul aktında "xxxx" MTK göstərilsə də hüquqmüəyyənedici sənədlər yəni MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı və qarajın yerləşmə planı "xxxx" MMMC tərəfindən təstiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Mənzil Məcəlləsində 109.5-ci maddəyə edilmiş dəyişikliyə əsasən çoxmənzilli binaların idarə edilməsi MMMC-ə həvalə olunmuşdur. Bu dəyişikliklərə əsasən, bütün sənədlər "xxxx" MTK tərəfindən qaydaya salınaraq xx.xx.2020-ci il tarixində "xxxx" MMMC - yə təhvil verilmiş və ləğv edilmişdir. Sədr eyni sakin qalmışdır. İddiaçı aldığı qarajların dəyərini tam şəkildə ödəmişdir. Bunu maliyyə arayışları da təstiq edir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********41 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 350 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi və podratçı kimi "xxxx" MTK qeyd olunmuşdur. Lakin qeyri-yaşayış sahəsinə dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlər "xxxx" MMMC tərəfindən təsdiqlənmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MTK tərəfindən verilmiş müqavilələr və maliyyə arayışıları əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qarajların faktiki ölçüsü 19.4 kv.metr və 23.9 kv.metrdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 6 ünvanında qeydiyyatdadır. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, 348/A saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 2 ünvanda tikilmiş kooperativ yaşayış binasının zirzəmi hissəsində ümumi sahəsi 24 kv.metr təşkil edən qarajı iddiaçıya təhvil verməyi, iddiaçı isə kooperativə üzv qəbul olunmaqla həmin qarajın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK Üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 34 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında yerləşən kooperativ binasının 0 mərtəbəsində, giriş sağ tərəf, ümumi sahəsi 24 kv.metr olan qarajın payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən yeraltı qaraj və sağlamlıq mərkəzi "xxxx" MTK-ya məxsusdur. Bu yeraltı qarajın sahəsi 24 kv.metr olan 29 №-li qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 11/A saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 2 ünvanda tikilmiş kooperativ yaşayış binasının zirzəmi hissəsində ümumi sahəsi 20 kv.metr təşkil edən qarajı iddiaçıya təhvil verməyi, iddiaçı isə kooperativə üzv qəbul olunmaqla həmin qarajın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK Üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 35 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında yerləşən kooperativ binasının 0 mərtəbəsində, giriş sağ tərəf, ümumi sahəsi 20 kv.metr olan qarajın payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən yeraltı qaraj və sağlamlıq mərkəzi "xxxx" MTK-ya məxsusdur. Bu yeraltı qarajın sahəsi 20 kv.metr olan 35 №-li qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 350 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”na əsasən Nərimanov rayonu, İ.Dadaşov küçəsinin (Atatürk prospekti) 1981-ci məhəlləsindəki 48a saylı yeraltı qaraj və sağlamlıq mərkəzi binası istismara qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18 iyul 2024-cü tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi (VÖEN **********) xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi və ya yenidən təşkili, həmçinin hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası "xxxx" MMMC-nin 58 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 29 və 35 saylı qarajlar iddiaçıya məxsusdur və hazırda onun istifadəsindədir. Qeyd olunan qarajlara görə iddiaçının borcu yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtina məktublarında etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.6.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). İş materiallarından görünür ki, iddiaçı istifadəsində olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin sahənin əldə edilməsinə dair qanunla müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina razılaşdırılmış layihəyə əsasən inşa edilmiş, qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmış, bina istismara qəbul edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı kooperativə üzv qəbul edilmiş və qeyd edilən qeyriyaşayış sahəsi ödədiyi pay haqqına uyğun olaraq iddiaçıya ayrılmışdır. Bu səbəbdən iddiaçı pay haqqını ödədiyi vaxtdan artıq qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir ki, bu da onun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı ünvan 2 ünvanda yerləşən yeraltı qaraj və sağlamlıq mərkəzində sahəsi 24 kv.metr 29 nömrəli və sahəsi 20 kv.metr olan 35 nömrəli qeyri-yaşayış sahələri (qarajlar) üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yeraltı qaraj və sağlamlıq mərkəzində sahəsi 24 kv.metr olan 29 nömrəli və sahəsi 20 kv.metr olan 35 nömrəli qeyri-yaşayış sahələri (qarajlar) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar