Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10205/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma X2 Departamenti arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqaviləyə əsasən ona verilmiş Dübəndi ərazisindəki 0,10 hektar sahəsi olan 473/510-474/524 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamenti arasında Dübəndi ərazisindəki 0,10 hektar ərazisi olan 473/510-474/524 nömrəli bağın istifadəyə verilməsi haqqında 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən qeyd edilən bağ iddiaçının istifadəsinə verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Bundan sonra o, iddia ərizəsi ilə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı, ona məxsus torpaq sahəsinin elektron kadastr məlumatına əsasən ləğv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamə ilə üst-üstə düşməsi, həmin şəhadətnamə ilə Dübəndi bağ massivində yerləşən 0,10 ha sahəsi olan 25/26-416/417 nömrəli bağ sahəsinin X4 adına olması, X4 həmin şəhadətnamə əsasında bağ sahəsini X1 müəyyən edilmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-(112)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 adına olan JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə X3 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4931/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərar cavabdeh tərəfindən icra edilmiş, onun torpaq sahəsi ilə üst-üstə düşən digər torpaq sahəsinin koordinatları düzəldilmişdir. Artıq iddiaçı ona məxsus torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə əsas olan halların aradan qalxmasını görüb, yenidən cavabdehə hazırkı tələblə müraciət etsə də, cavabdeh bundan yenə imtina etmişdir. Cavabdehin öz imtinasında istinad etdiyi hallar tam əsassızdır. Belə ki, torpaq sahəsinin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilən ölçüləri arasında fərqin olması, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin arxiv cizgisinə uyğun hasarlanmaması və yerləşməsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi, bağın nömrəsinin ərazidə qeydiyyata alınan bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi onun təqsirindən yaranmış hal deyil. Həmin torpaq sahəsinə dair müqavilə bağlanandan sonra torpaq sahəsi ona bu formada təhvil verilmiş, o, həmin torpaq sahəsini ona təhvil verildiyi formada hasarlamış, həmin torpaq sahəsindən 2005-ci il tarixdən etibarən fasiləsiz istifadə etmiş, bu vaxta qədər həmin torpaq sahəsinin arxiv cizgisinə uyğun gəlməməsini ona heç kim bildirməmişdir. Cavabdeh tərəfindən isə sənədlərdə və ya müqavilədə yazıların, ölçülərin, bağın nömrələrinin düzgün göstərilməməsi da onun təqsiri deyil və bu uyğunsuzluq cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilən ölçüləri arasında fərq olduğu müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsi arxiv cizgisinə uyğun hasarlanmamışdır və yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağın nömrəsi ərazidə qeydiyyata alınan bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Bundan başqa, təqdim edilmiş bağın istifadəyə verilməsi haqqında müqavilədə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin məktubunda qeyd edilən 2-1(112)-4931/2024 saylı inzibati iş ilə bağlı xx.xx.2024-cü il tarixli qərar tərəfindən icra edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-507/2023 saylı qərarı ilə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə dair iddia təmin edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmaması xahiş edilir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqaviləyə əsasən Dübəndi ərazisindəki 0,10 hektar sahəsi olan 473/510-474/524 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Dübəndi qəsəbəsində yerləşən 473/510-474/524 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1000 kv.metr, faktiki 1000 kv.metr şərti (1063 kv.metr üm/sahə) təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı hazırkı iş üzrə cavabdehə qarşı (üçüncü şəxs: X8) “çıxarışın verilməsi” barədə iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4931/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməsi barədə iddiası təmin təmin edilmiş, X6 adına olan JN- 27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə koordinatlarının X3 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 23 iyun 2005ci il tarixli, 35208 saylı müqaviləyə əsasən Dübəndi ərazisindəki 473/510-474/524 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilən ölçüləri arasında fərq var. Torpaq sahəsi arxiv cizgisinə uyğun hasarlanmamışdır və yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağın nömrəsi ərazidə qeydiyyata alınan bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Bundan başqa, təqdim edilmiş bağın istifadəyə verilməsi haqqında müqavilədə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 507/2023 saylı qərarı ilə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə dair iddia təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin əsaslandığı hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı tərəfindən 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqavilə və həmin müqavilənin arxiv nüsxəsi, eyni zamanda, bağ sahəsinin ayrılmasına əsas olan sənədlər (protokoldan çıxarış, order) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmçinin, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hal-hazırda hər hansı mübahisə mövcud deyildir. Digər tərəfdən, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü ilə faktiki ölçüsü uyğundur. Bu səbəbdən, hasarlanma və yerləşmədə hər hansı uyğunsuzluq aşkar oluna bilməz. Bağ nömrəsinin göstərilən əraziyə uyğunsuzluğunun aradan qaldırılması vəzifəsi isə cavabdehə aiddir. Həmçinin, cavabdeh müqavilədə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığını bildirsə də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 23 iyun 2005ci il tarixli, 35208 saylı müqavilədən görünür ki, iddiaçının istifadəsinə verilmiş bağ sahəsi 0.10 hektar təşkil edir. Qeyd edilən sənədlər cavabdehin arxivində mövcuddur və məhkəməyə təqdim edilmişdir. Qeyd edilməlidir ki, birinci dəfə iddiaçı hazırkı tələblə cavabdehə qarşı müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi elektron kadastr məlumatına əsasən ləğv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamə ilə üst-üstə düşür. Həmin şəhadətnaməyə əsasən Dübəndi bağ massivində yerləşən 0,10 hektar sahəsi olan 25/26-416/417 saylı bağ sahəsi X6 mülkiyyətindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı yeni bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 adına olan JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə X3 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4931/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəsini almış və icra olunması üçün cavabdehə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, qeyd edilən torpaqlar tamamilə fərqli ərazidə yerləşir və digər (üçüncü şəxsə məxsus) torpaq sahəsinin koordinatları faktiki yerləşmə vəziyyətinə uyğun deyildir, baza məlumatlarına əsasən həmin (qeydə alınmış) koordinatlar iddiaçının torpağına uyğun gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi iddiaçı hazırkı tələblə ilk dəfə məhkəməyə müraciət edərkən iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas olan hal torpaq sahəsinin koordinatlarının müvafiq şəhadətnamə ilə başqa bir şəxsə (X9) məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Bundan sonra iddiaçı bu halı məhkəmə qaydasında mübahisələndirmiş və iddiası təmin edilərək həmin şəxsin elektron kadastr məlumatlarında dəyişiklik edilmiş, həmin şəhadətnamənin koordinatlarının iddiaçının istifadəsində olan torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Yəni iddiaçı eyni cavabdehə qarşı eyni tələblə bu dəfə fərqli əsaslar yarandığı üçün yenidən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma X2 Departamenti tərəfindən 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqavilə əsasında iddiaçıya verilmiş Dübəndi ərazisindəki 0,10 hektar sahəsi olan 473/510-474/524 nömrəli bağ sahəsinə dair iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmaqla ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma X2 Departamenti tərəfindən 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqavilə əsasında İddiaçı verilmiş Dübəndi ərazisindəki 0,10 hektar sahəsi olan 473/510-474/524 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10205/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10205/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver