Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10208/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01 iyul 1992-ci il tarixdə könüllü olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması üçün erməni qəsbkarlarına qarşı döyüşlərə qatılmışdır. Həmin tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə N nömrəli hərbi hissəsinin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq tuşlayıcıoperator vəzifəsinə təyin edilmişdir. 30 noyabr 1992-ci il tarixində hərbi xidmətdən təxris olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, Müdafiə Nazirliyindən iddiaçıya ünvanlanan məktubda müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı göstərilmişdir. İddiaçı Müdafiə Nazirliyinin imtinasını qanunsuz və əsassız hesab edir və müharibə veteranı adı və vəsqisənin verilməsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya 13.01.2018-ci il tarixdə ünvanladığı cavabını onunla əsaslandırılmışdır ki, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25.10.2017-ci il və təkrar 17.01.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat olmadığından və Şuşa rayon məhkəməsi tərəfindən Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.
II. İddianın növü və mümkünlüyü
4. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
5. İddia tələbindən görünür ki, iddiaçı 01 iyul 1992-ci il tarixində könüllü olaraq hərbi xidmətə yollanaraq hərbi qulluqçu kimi müharibədə iştirak etmiş, 30 noyabr 1992-ci ildə hərbi xidmətdən təxris edilmişdir. Müvafiq sənədlərlə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etsə də, bu məqsədəuyğun hesab edilməmişdir. Odur ki, iddianın növü məcburetməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəasinə əsasən, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından
6. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).
7. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
8. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə 17 yanvar 2018-ci il tarixində baxılmış və 18 yanvar 2018-ci il tarixində cavablandırılmışdır.
9. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı müddətin ötürülməsini əsaslandırmamışdır. Odur ki, iddianın qaldırıması ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva