Məhkəmə qərarları › İş №2-1(112)-10209/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10209/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10209/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5 cəlb olunmaqla) “uşağın doğum akt qeydində dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladları 17 mart 2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X10 doğum haqqında akt qeydində düzəliş edilərək soyadlarının "Bəxtiyarlı" kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə X2 birgə nikahından 17 mart 2017-ci il təvəllüdlü X15 və xx.xx.2023-cü il təvəllüdlü X17 adlı iki uşağı anadan olmuşdur. İddiaçının X1 Bakı şəhəri Baş Səhiyyə İdarəsi X13 PHŞ-nm əməkdaşı olduğundan, xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatları ilə əlaqədar döyüş bölgəsinə ezam edilmiş və döyüşlər gedən ərazilərdə Füzuli, Ağdam rayonlarında yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyyə olunmasında iştirak edərək, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Döyüşlərdə göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif edilmişdir. X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək təcili tibbi yardım avtomaşınlarının ön cəbhədə yaralı və şəhidlərin təxliyyə işlərinin təşkilində göstərdiyi xidmətlərə görə Fizuli rayon Diaqnostika Mərkəzinin direktorunun əmri ilə fəxri fərmanla təltif edilmişdir. 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüş bölgələrində ön cəbhədə yaralı və şəhidlərin təxliyə işlərinin təşkilində şücaətlə iştirak etdiyindən, iddiaçı atasının adının əbədiləşdirilərək, gələcəkdə də övladlarının həyatında xüsusi rol oynamasını istədiyindən, övladları 17 mart 2017-ci il təvəllüdlü X15 və xx.xx.2023-cü il təvəllüdlü X10 doğum haqqında şəhadətnamələrində ata soyad qrafasında müvafiq dəyişiklik edilərək övladlarının soyadlarının atası Bəxtiyarın adına uyğun olaraq "Bəxtiyarlı” kimi müəyyən edilməsini arzulayır. Bundan əlavə hesab edirlər ki, "Bəxtiyarlı" soyadı övladlarının adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. İddiaçı övladlarının soyadının atasının adına uyğun olaraq "Bəxtiyarlı" müəyyən edilməsi üçün Cavabdehnə müraciət etsə, müraciəti təmin edilməmişdir. Beləliklə iddiaçı hesab edir ki, övladları 17 mart 2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X10 doğum haqqında akt qeydində düzəliş edilərək soyadlarının "Bəxtiyarlı" kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmiş, lakin iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum akt qeydində dəyişiklik edilərək yeni şəhadətnamənin verilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra müvafiq qaydada iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının mövcud tələbi ilə bağlı müraciətinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları'nın 6.3. bəndinə və Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə əsasən ərizənin təmin edilməsindən imtina edilmişdir. - Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən ASAN 5 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən ASAN 5 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. - Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ № 116474 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 27 may 2016-cı il tarixdə, 437 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. - Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİİ № 920973 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2017-ci Bakı şəhərində doğulmuşdur. Atası- İddiaçı, anası- X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 133 nömrəli qeyd aparılmışdır. - Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İV № 824722 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2023-cü Bakı şəhərində doğulmuşdur. Atası- İddiaçı, anası- X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 82 nömrəli qeyd aparılmışdır. - Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş X15 və X10 akt qeydlərindən görünür ki, ata haqqında məlumat bölməsində İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü), ana haqqında məlumat bölməsində X5 (xx.xx.1990-cı il təvəllüdlü) qeyd olunmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X15 13 04.2017-ci il il tarixdə AZE- 12851392 nömrəli, xx.xx.2019-cu il tarixdə AA0571546 nömrəli, xx.xx.2022-ci il tarixdə AA-4644039 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. xx.xx.2023-cü il təvəllüdlü X10 şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsidə məlumat müəyyən olunmamışdır. Murad İsmayıla şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının övladları X15 və X12 xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixdə doğum haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı övladlarının soyadları dəyişdirilərək onlara baba adına uyğun soyadın verilməsi istəyi ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasının mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi qanunazidd olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini, valideynlərin soyadları müxtəlif olduqda, onların razılığı ilə atanın və ya ananın soyadının verilməsini nəzərdə tutur. Başqa sözlə, qanunverici, dəyişikliyi labüd edən hal olmadığı halda uşağın öz valideynlərinin soyadını daşımalı olduğunu təsbit edir. Hazırkı mübahisədə isə uşağın valideynlərinin hər ikisinin soyadı “İsmayılov” olduğu halda, iddiaçı tərəf uşağın soyadının babasının adına uyğun olaraq “Bəxtiyarlı” soyadına dəyişdirilməsini arzulayır. Məhkəmə belə olan halda hesab edir ki, uşağın soyadı valideynlərinin soyadına uyğun olduğundan və soyadın dəyişdirilməsi üçün zərurətin nədən ibarət olması istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı əsaslandırılmadığından və bununla bağlı mötəbər sübutlar təqdim edilmədiyindən cavabdehin imtinası qanunazidd sayılmamalıdır. Başqa sözlə, cavabdeh qurumun imtinası ilə iddiaçının bu istiqamətdə qanunla qorunan hər hansı hüquqları pozulmamış, uşağın mənafeyinə zidd hərəkət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarının 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq bildirir ki, göründüyü kimi, şəxs 18 yaşına çatdıqdan sonra sərbəst iradə ifadəsi ilə adını, soyadını və ata adını dəyişdirmək imkanına malikdir. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, hazırkı tələblə bağlı cavabdehin imtinası qanunsuz olmadığından iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar