Məhkəmə qərarları › İş №2-1(112)-1021/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1021/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1021/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X9 (Bakı şəhəri, Binəqədi rayonu ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon bələdiyyəsinə qarşı (3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X11, X12) qərarın etibarsız sayılması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon bələdiyyəsinə qarşı (3-cü şəxslər X11, X12) Bakı şəhər Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6600/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı iş üzrə 3cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 saylı qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail RİH 700 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən 0.6 ha torpaq sahəsi KOD 00400016 JN- 12194D saylı şəhadətnaməyə əsasən X10 verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlama və digər hərəkətləri etmək üçün həmin torpaq sahəsinin mülkiyyətçisi X13 tərəfindən iddiaçıya etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2007-ci il tarixdə bitdiyindən X13 qarşılıqlı razılıq əsasında X2 etibarnamə vermişdir. Bundan sonra iddiaçı X6 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olaraq F.Məmmədovla xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinə dair alqı - satqı müqaviləsi bağlayaraq mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə reyestrdən çıxarışın verilməsi üçün daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ona qeyd olunan torpaq sahəsinin başqa fiziki şəxsin adına qeydiyyata alınmasına dair cavab məktubu verilmişdir. İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbaıl rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.6 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlər reyestrində qeydə alınması barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Covid 19 pandemiyası ilə əlaqədar iş təxirə salınaraq xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin iclasda yəni 15 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, həmin torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Bakı şəhər Səbail Rayon Bələdiyyəsinin qərarına əsasən X1. Bakı şəhər Səbail Rayon Bələdiyyəsi tərəfindən sözügedən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Hesab edir ki, Səbail rayonu Bələdiyyəsinin 29 dekabr 2006cı il tarixli 254 saylı qərarı etibarsız hesab edilməlidir. Belə ki, qeyd olunan torpaq sahəsi Bakı şəhəri Səbail RİH 700 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən 0.6 ha torpaq sahəsi KOD 00400016 JN- 12194D saylı şəhadətnaməyə əsasən X10 verilmişdir. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejimi müəyyənləşdirilərək, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil, məhz dövlət mülkiyyətinə aid olduğu müəyyən edilməlidir. Mübahisəli torpaq sahəsi üzərində Səbail Bələdiyyəsinin mülkiyyət hüququnun olmaması, həmin topraq sahənin X4 mülkiyyətinə qanunsuz verilməsinə dair qərarın etibarsız hesab edilməsi üçün əsaslardan biridir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən sözügedən torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1339 saylı sahədə yerləşən 0.0600 ha torpaq sahəsinə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Səbail rayonu Badamdar bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi barədə” xx.xx.2006-cı il tarixli 254 nömrəli Qərarı əsasında Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600,0 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X1. xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X11 qeyd edilən torpaq sahəsini X8 bağışlamışdır. Daha sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1339 saylı sahəyə dair X5 adına ******* nömrəli Çıxarış verilmişdir. Hazırkı iddia ərizəsi üzrə iddiaçı Bakı şəhər Səbail rayon Bələdiyyəsinin xx.xx.2006cı il tarixli 254 saylı qərarının etibarsız sayılmasını istəyir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş JN-12194D (kod ********) nömrəli şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 700 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi X10 ayrılmışdır. Həmin Sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin sxemi və Torpağın mülkiyyətə verilməsinə dair JN-12194D (kod ********) nömrəli şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq 09/3-96 nömrəli xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Səbail rayonu Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 nömrəli X14 Mərkəzində aşkar edilməmişdir. İş materiallarından görünür ki, Səbail rayonu Badamdar bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq 071/06 nömrəli xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Səbail rayonu Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 nömrəli Qərarı və ona əsas olan sənədlər Bələdiyyədə mövcud deyildir. İş materiallaırnda olan "xxxx"MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Mütəxəssis Rəyində göstərilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən Jn-12194D KOD 00400016 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin yerləşmə vəziyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı №0903505 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən Çıxarışda qeyd olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1339 saylı sahə ilə üstüstə düşür. İddiaçının iddia etdiyi və naturada faktiki göstərdiyi torpaq sahəsi, elektron kadastr məlumat bazasına əsasən Jn-12194D KOD 00400016 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə üst-üstə düşür. İddiaçının iddia etdiyi və naturada faktiki göstərdiyi torpaq sahəsi, elektron kadastr məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı N0903505 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Reyestrindən Çıxarışda göstərilən sahə ilə üst-üstə düşür. İddiaçının iddia etdiyi və naturada faktiki göstərdiyi, daş hasara alınmış giriş-cıxış qapısı olmayan sahəsi 565 kv.m təşkil edən torpaq sahəsinin hal-hazırda kimin istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada faktiki göstərdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir. Göründüyü kimi, Səbail rayonu Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin həmin qərardan əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərar ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2006-cı il tarixli 254 saylı qərar Bakı şəhər Səbail rayon Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Bakı şəhər Səbail rayon Bələdiyyəsinin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 saylı qərarı etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 254 saylı qərarı etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar