Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1021/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləği iki cür müəyyənləşdirilir: 1) Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ: 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan - kateqoriyaya daxildirlər. Sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququnuz vardır. Bu zaman siz yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinizə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəksiniz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə hərbi qulluqçu kimi sizə ödənilən yaşa görə əmək pensiyanızdan imtina etməklə yalnız sığorta kapitalınıza görə əmək pensiyasının hesablanması üçün yaşadığınız ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti filialına xidmət nümayəndəliyinə) və ya DOST mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda isə bildirmişdir ki, “...sizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 sentyabr 1994-cü tarixində xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funsiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanız həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1274,03 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: - əmək pensiyasının sığorta hissəsi - 243,31 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 1030,72 manat. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş əsaslardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə fərdi hesabınızın sığorta hissəsində 46482,96 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 46482,96 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (46482,96:72-645,60 manat) əmək pensiyasının sığorta hissəsinin (243,31 manat) üzərinə əlavə olunmaqla pensiyanızın sığorta hıssəsi 888,91 (243,31+645.60) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (1030,72 manat) həmin artım qədər (645,60 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 888,91 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 385,12 (1030,72-645,60) manat təşkil edir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. 1994-cü ildən başlayaraq 2022-ci ilin yanvar ayınadək müxtəlif dövlət təşkilatlarında işləmiş və DSMF-yə müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirmişdir. 2022-ci ilin yanvar ayına **********071 nömrəli şəxsi sığorta hesabında 46482,96 manat vəsait yığılmışdır. Pensiyanın yenidən hesablanması üçün birinci dəfə 2021-ci ilin fevral ayında, ikinci dəfə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarından sonra bu ilin fevral ayında cavabdehə müraciət edib. Cavabdeh isə pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və hesablamaları qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6. maddəsi hərbi xidmətdən ehtiyata buraxılıb əmək pensiyası təyin olunduqdan sonra, yenidən hərbi xidmətə çağırılıb xidmətini davam etdirən əmək pensiyaçılarına aiddir, o isə hərbi xidmətdə deyil. Bu hal 2 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Cavab məktubunda, “qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi”ni əsas götürərkən, cavabdeh heç bir qanunvericilik aktının maddələrinə istinad etmir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarının nəticə hissəsinin 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir” qeyd edilibdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın “Ümumi müddəalar” bölməsinin 1.2. madəsində qeyd edilir ki, “1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi-bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.” Yəni 29.2. maddədə “vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi bundan sonra əmək haqqı” artırıldıqda “əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasından söhbət gedir, fərdi hesabdakı sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasından yox. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2. maddəsinin sığorta kapitalına görə pensiyanın yenidən hesablanması Qaydasını müəyyən edən 37.3.1-ci maddəsinə heç bir aidiyyəti yoxdur. İddiaçı sonradan iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə verərək iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və əvvəlki imtina məktublarında yazılanları qeyd etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2022-ci il tarixinədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Bu barədə qərar da qəbul edilib. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də, praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ilkin iddia tələbi ilə yanaşı həmçinin cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli **********1 № li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin həmin iclasında protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür. xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Həmçinin iddiaçı ehtiyyata buraxıldıqdan sonra həmin tarixdən müxtəlif orqanlarda əmək fəaliyyəti ilə məşğul olaraq fərdi hesabın sığorta hissəsində 46482,96 manat pensiya kapitalı yığılmışdır. İddiaçı Qanunun 37.3.1-ci maddəsinə istinad edərək pensiya təyin olunduqdan sonra işlədiyi müddətdə yığılmış kapitala əsasən pensiyasının yenidən hesablanmasını tələb edir. Cavabdeh ilk əvvəl iddiaçının belə bir hüququnun olmadığını bildirməklə imtina cavabı vermiş, daha sonra isə əmək pensiyasının sığorta hissəsini yenidən hesablasa da, Qanunun 29.2-ci maddəsinə istinad edərək bu zaman qulluq illərinə əlavənin məbləğini artım qədər azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Belə ki, cavabdeh bu hesablama qaydasını iddiaya yazılı etirazında göstərmiş və qeyd etmişdir ki, qulluq stajına görə əlavənin məbləği (1030,72 manat) həmin artım qədər (645,60 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 888,91 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 385,12 (1030,72- 645,60) manat təşkil edir. İddiaçı hazırda bununla razılaşmır və ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını və bu zaman qulluq illərinə görə əlavənin məbləğinin azaldılmamasını xahiş edir. Göründüyü kimi hazırki işin mübahisəli halı iddiaçının pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı bu tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Ona görə də, cavabdehin iddiaçının müraciəti ilə bağlı ilk imtina məktubunda göstərilənlərin qanuni əsası yoxdur. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi). Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, hərbi qulluqçuya ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. Məhz buna görədir ki, həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün qanunverici birbaşa olaraq əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və ya belə bir indeksləşdirmə nəticəsində yaranacaq yenidən hesablanma nəticəsində artırılmış məbləğin qulluq stajına görə əlavədən çıxılmasını təsbit etmişdir. Hərbi qulluqçunun qulluq stajına görə əlavəsinin məbləğinin yenidən hesablanmasının ikinci halı isə şəxsin işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqının artırılması ilə bağlıdır. İşdən görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. İddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcuddur. Bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Belə olan halda bu dəyişiklik şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi qanunun qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə də şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli **********1 № li qərarı ləğv edilsin. Əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən İddiaçı əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəhlul Cəlalov