Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10213/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mixayıloviçin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasının təyin edilməsi barədə qərarın qeyd hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi barədə qərarın qeyd hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1955-ci ildə doğulmuşdur. İddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının səhv aparılması barədə araşdırma başlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-8795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi, iddiaçıya bu barədə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-8794/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...sizə xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 258075,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq azaldılmış və sizə artıq ödənilmiş 89560,49 manat pul vəsaiti müəyyən edilib. Bununla əlaqədar olaraq, artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir”. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/1-P-111201/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda ”Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının pensiya ödənişinin dayandırılması və xx.xx.2023-cü il tarixədək XŞTMF-dan ümumilikdə 90915,14 manat məbləğində pul vəsaiti ödənilməsi, artıq ödəmənin ötən dövr məbləği ilə əvəzləşdirilməsi” məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsi və iddiaçıdan ümumilikdə 89560.49 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab etməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-P-111201/2023 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarının “Qeyd” hissəsinin ləğv edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun pensiyasından artıq ödənilmiş məbləğlərin tutulması qanunsuzdur. Belə ki, qeyd olunan Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir. pensiyaçının razılığı, məhkəmə qərarı. Göründüyü kimi hazırkı mübahisə üzrə hər iki hal mövcud deyildir. Bu əsasdan cavabdehin hərəkətləri qanunsuz olmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 258075,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq azaldılmış və sizə artıq ödənilmiş 89560,49 manat pul vəsaiti müəyyən edilib. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi qərarın qeyd hissəsinin ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İddiaçının tələbi mübahisələndirilən inzibati aktın “Qeyd” hissəsinin ləğvinə yönəldiyindən nəticə etibarilə inzibati aktın qismən ləğv edilməsini xahiş edir. Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün öhdəlik yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Belə ki, qərarın mübahisələndirilən hissəsində iddiaçıya artıq pensiya ödənişinin hesablanması və ona ödəniləcək pensiya məbləği ilə əvəzləşdirilməsi qeyd edilmişdir. İddiaçıya əvvəllər güzəştli şərtlərlə pensiya təyin edilmiş, ona güzəştli şərtlərlə pensiya ödənilmiş, sonradan güzəştli şərtlərlə təyin edilmiş pensiya ləğv edilərək yaşa görə pensiya təyinatı aparılmış, ona görə də iddia tələbi hər iki quruma yönəldiyindən birgə iştirakçılığa da yol verilir (İPM, maddə 30.1). Mübahisələndirilən qərar məhkəmə icraatı dövründə məhkəməyə (həmçinin iddiaçıya) təqdim edildiyindən iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması (1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 30 dekabr 2022-ci il tarixli 793-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (1 yanvar 2023-cü ildən qüvvəyə minmişdir) ilə 39.1-ci maddənin mətni ikinci cümlə hesab edilmişdir və aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.” “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş və 2023-cü ilədək ödənilmişdir. 2023-cü ildə iddiaçıya pensiya təyinatının düzgün aparılmaması ilə əlaqədar araşdırma aparılmış, iddiaçı bu məqsədlə Filiala dəvət edilmiş və yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı bununla razılaşmışdır. Hazırda iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərarın “Qeyd” hissəsini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə əsasən iddiaçıya ilk dəfə güzəştli şərtlərlə pensiya təyinatı aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinin olması müəyyən edilmir. Normada göstərilən etimad hüququnu istisna edən hallar, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması, ləğv olunması, yaşa görə əmək pensiyasının təyin edilməsi və bu qərarların qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat zamanı da müəyyən edilməmişdir. Ona görə də, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin qaytarıması barədə məktub göndərməsi barədə hərəkəti, eyni zamanda digər cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsi barədə qərarının “Qeyd” hissəsində artıq ödənilmiş pensiya məbləğinin göstərilməsi və həmin məbləğin əvəzləşdirilməsi məzmunda qeydi, iddiaçının hüquqlarına toxunur və gələcəkdə ona ödənilməli olan pensiya məbləğindən tutulmaların, əvəzləşdirmələrin aparılması səbəb olacaqdır. Bundan başqa məhkəmə qeyd edir ki, Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir: pensiyaçının razılığı, məhkəmə qərarı ilə. İddiaçı hazırkı məzmunda iddianı qaldırdığına görə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razı olmaması barədə iradəsini ifadə etmişdir. İddiaçının hazırkı tələbi artıq ödənilmiş pensiyanın tutulmasına dair cavabdehin məhkəmədə iddia verməsinə yönəlmiş preventiv iddia kimi qəbul edilməlidir. Çünki həm qərarın qeyd hissəsində artıq ödəmənin əvəzləşdirilməsi barədə birbaşa göstəriş vardır. Həmçinin məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından, cavabdeh inzbati orqanın iddiaçının razılığı olmadan, həmçinin məhkəməyə müraciət etmədən pensiya məbləğindən tutulmalar apardığı müəyyən edilir. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına səbəb olur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-P- 111201/2023 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarının “Qeyd” hissəsi ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10213/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10213/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver