Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10213/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 690 nömrəli Sərəncamına əsasən İddiaçı (bundan sonra – iddiaçı) Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisində tərtib edilərək iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, dövlət Torpaq Kadastr kitabında xx.xx.2007-ci il tarixli, 4581 nömrə ilə uçota alınmış, A 027147 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək iddiaçıya verilmişdir. Torpaq sahəsinin planı və ölçüsünə əsasən, iddiaçıya ayrılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 690 saylı Sərəncamı ilə, sahəsi 600 kv.m. olan 1-ci yaşayış massivi, 48 saylı torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, sənədlər toplusuna əlavə edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 690 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinə dair təqdim edilmiş cizgidə istinad və məsafələr qeyd edilməmişdir.”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 690 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış massivində ona ayrılmış 600 kv.metr torpaq sahəsinə dair çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının sözü gedən sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd olunmaması, yaxud cizgidə istinad və məsafələrin göstərilməməsi vətəndaşın təqsiri üzündən yox, aidiyyəti qurumların və vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələri, uçot-nəzarət işinin düzgün təşkil edilməməsi nəticəsində baş vermişdir. Ən əsası, yuxarıda qeyd olunan Sərəncamla ona ayrılmış torpaq sahəsinin həmin dövrdə rəsmi dövlət qurumu olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünə dair A № 027147 saylı X2 kitabında xx.xx.2007-ci il tarixdə 4581 nömrə ilə uçota alınmış sənəd mövcuddur. Həmin sənəddə topaq sahəsinin ölçüsü, döngə nöqtələri, istinad və məsafələr konkret qeyd olunmuşdur. Yəni cavabdeh imtinaya əsas kimi yuxarıda qeyd edilən formal nöqsanları göstərsə də, rəsmi dövlət qurumunun X2 kitabında qeydə alınmış sənədni nəzərə almamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 690 nömrəli Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisi tərtib edilərək iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, dövlət Torpaq Kadastr kitabında xx.xx.2007-ci il tarixli, 4581 nömrə ilə uçota alınmış, A 027147 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. Torpaq sahəsinin planı və ölçüsünə əsasən, iddiaçıya ayrılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 690 saylı Sərəncamı ilə, sahəsi 600 kv.m. olan 1-ci yaşayış massivi 48 saylı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia tələbi əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.1-ci maddəsi təşkil edir. Həmin normalara görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə qərar torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İstinad edilən normalardan göründüyü kimi, iddiaçının təqdim etdiyi Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 690 nömrəli Sərəncamı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir və aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətinə imtina vermiş və eyni dəlillərə istinad edərək iddiaya etiraz edir. 1) təqdim edilmiş sənədlər surətdir. 2) sərəncamda ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır 3) təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməmişdir. Məhkəmə cavabdehin birinci imtina dəlili ilə bağlı qeyd edir ki, iş matereallarında olan hüquqmüəyyənedici sənədin mötəbərliyinin yoxlamaq üçün məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Dövlət Arxivinin Bakı Filialına müvafiq sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 690 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Beləliklə iddiaçının hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə cavabdehin ikinci imtina dəlili ilə bağlı qeyd edir ki, sərəncamda torpaq sahəsinin ölçüsü qeyd olunmasa belə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi, A 027147 nömrəli torpaq sahəsinin planı və ölçüsündən və Səbail rayon Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisində torpaq sahəsinin yerləşdiyi ünvan və sahənin ölçüsü qeyd olunmuşdur. Səbail Rayon İcra Hakimiyyəti başçısının sözü gedən sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd olunmaması, yaxud cizgidə istinad və məsafələrin göstərilməməsi iddiaçının məsuliyyət sferasına aid olan hal deyildir. Ən əsası, yuxarıda qeyd olunan Sərəncamla ona ayrılmış torpaq sahəsinin həmin dövrdə rəsmi dövlət qurumu olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünə dair A № 027147 saylı X2 kitabında xx.xx.2007-ci il tarixdə 4581 nömrə ilə uçota alınmış sənəd mövcuddur. Həmin sənəddə topaq sahəsinin ölçüsü, döngə nöqtələri, istinad və məsafələr konkret qeyd olunmuşdur. Yəni cavabdeh imtinaya əsas kimi yuxarıda qeyd edilən formal nöqsanları göstərsə də, rəsmi dövlət qurumunun X2 kitabında qeydə alınmış sənədni nəzərə almamışdır. Bu səbəbdən iddiaçının mülkiyyət hüququndan qeydə alınmasından imtina edilməsinə dair cavabdehin hərəkəti əsassızdır. Məhkəmə cavabdehin üçüncü dəlili ilə bağlı qeyd edir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməməsi iddiaçının təqsiri deyil. Belə ki, torpaq sahəsinə dair yerləşmə cizgisini iddiaçı tərtib etməmişdir. Yerləşmə cizgisi torpaq ayıran qurum olan Səbail rayon İcra Hakimiyyətinin mühəndisləri tərəfindən tərtib edilmişdir. İddiaçının məsuliyyət sferasına aid olmayan məsələyə görə iddiaçının mülkiyyət hüququndan qeydə alınmasından imtina edilməsinə dair cavabdehin hərəkəti əsassızdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin uyğunsuzluqların aradan qaldırılması, cavabdehin vəzifəsidir. İddiaçı tələbində torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü tələb edir. Cavabdeh məhkəmə qərarını icra edərkən (qanuni qüvvəsini aldığı təqdirdə) həmin uyğunsuzluqları aradan qaldıraraq iddiaçıya yeni sənədlər verməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Odur ki, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 48 nömrəli, 600 kv.m. olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10213/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10213/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver