Məhkəmə qərarları › İş №2-1(112)-10214/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10214/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10214/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kanalizasiya xətlərinin ayrılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına iddiaçı tərəfindən çəkilmiş kanalizasiya xəttindən digər xətlərin ayrılması öhdəliyinin cavabdeh "xxxx" ASCnin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evə 1996-cı il tarixdə öz vəsaiti hesabına kanalizasiya xətti çəkdirib ana xəttə qoşulmuş və bunun üçün xeyli vəsait sərf etmişdir. Belə ki, təxminən traktor vasitəsi ilə 90 metr uzunluqda yeri qazdırıb keyfiyyətli borulardan istifadə etmişdir. 2023-cü il tarixdə iddiaçının icazəsi olmadan onun kanalizasiya xəttinə kənar xətlər qoşulmuşdur. Həmin kənar xətlərin qoşulması səbəbindən iddiaçının evinə çirkab sular dolmağa başlamış, antisanitariya vəziyyət yaranmışdır. İddiaçının şikayəti əsasında "xxxx" ASC-nin Qaradağ rayon əməkdaşları tərəfindən həmin kanalizasiya xəttinə baxılaraq əlavə qoşulmuş xətlər kəsilmişdir. Lakin sonradan iddiaçının öz hesabına çəkilmiş kanalizasiya xəttinə yenindən əlavə xətlər qoşulmuşdur. İddiaçı bu barədə rəsmi olaraq "xxxx" ASC-nin Qaradağ rayon şöbəsinə müraciət etsə də, heç bir müsbət nəticə olmamışdır. Belə ki, kanalizasiya xəttinin 70 metr hissəsinin məhz iddiaçı tərəfindən çəkilməsinə dair heç bir rəsmi sənədin olmadığını bildirmişlər. İddiaçı qeyd edir ki, 28 ildən artıq müddətdir kanalizasiya xəttinə qoşulmuşdur və hər ay kanalizasiya pulunu vaxtlı-vaxtında ödəyir. Hazırda iddiaçının xəttinə qoşulmuş şəxslər əvvəllər kanalizasiya xəttinə qoşulmamış və həyətlərində olan quyudan istifadə etmişdirlər. İddiaçının hesabına çəkilmiş xəttə digər şəxslərin qoşulması xəttimizin sıradan çıxmasına səbəb olur və iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəyir.

3. 156 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 736 saylı Arayışa əsasən İddiaçı Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi, ev 72 ünvanında yaşayır.

4. 156 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 173 saylı Arayışa əsasən İddiaçı Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi, ev 72 ünvanında yaşayır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarından: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.

14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin (oğlunun) izahatından aydın olur ki, 2023-cü il tarixdə iddiaçının icazəsi olmadan onun kanalizasiya xəttinə kənar xətlər qoşulmuş və bununla əlaqədar iddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət ünvanlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon əməkdaşları tərəfindən həmin kanalizasiya xəttinə baxılaraq əlavə qoşulmuş xətlər kəsilsə də, daha sonra iddiaçının öz hesabına çəkdiyi kanalizasiya xəttinə yenindən əlavə xətlər qoşulmuşdur.

12. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə iddiaçı ilə cavabdeh (inzibati orqan olmayan hüquqi şəxs) arasında deyil, digər fiziki şəxslər arasında yaranmış mülki (məişət) münasibətlərdən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi iddiaçının kanalizasiya xəttinə qoşulmuş digər fiziki şəxslərə qarşı (həmin şəxsləri müəyyən etməklə) “kanalizasiya xətlərinin ayrılması” iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

13. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar