Məhkəmə qərarları › İş №2-1(112)-10215/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10215/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10215/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" ASC işə cəlb edilməklə “sərəncamın onlara məxsus daşınmaz əmlaka münasibətdə ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" ASC işə cəlb edilməklə “sərəncamın onlara məxsus daşınmaz əmlaka münasibətdə ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyətinin 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus daşınmaz əmlaka münasibətdə ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 340 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncam qəbul edilərək, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolun kənarında (Qanlı gölün şimal qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında "xxxx" ASC Baxışova X14rşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində 2(004)-2928/2024 saylı iş nömrəsi ilə iddia ərizəsi qeydə alınmış və icraatdadır. İşdə olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış zamanı Bakı şəhər İcra Hakimiyyətinin 340 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamından məlumatlı olmuşlar. Həmin sərəncam iddiaçıların maraqlarına toxunduğundan onlara aid hissədə ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı əsasında Qanlı Göl yaxınlığında X5 tərəfindən mövcud təsərrüfat tikintilərininn yerləşdiyi ərazidə yardımçı təsərrüfat yaradılması və tikinti işləri aparılması faktı təsdiq edilmiş, (sxem əlavə olunmaqla), yaşayış məqsədləri üçün yardımçı tikililərin tamamlanmasına icazə verilmiş, sahənin və ətrafın sanitar vəziyyətin nümunəvi saxlanması X4 həvalə edilmişdir. Həmin Sərəncama əlavə edilmiş sxemdən ayrılmış torpaq sahəsinin və mövcud tikililərin ölçüləri qeyd edilmişdir. X5 xx.xx.2001-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən X3 ölümü ilə bağlı vərəsəlik işi açılmış və Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” ətrafı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə çıxarış verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə müvafiq məktub göndərilmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinin və mövcud tikililərin hazırkı mülkiyyətçisi X3 vərəsəsi olan İddiaçı1dır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4390/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissəsində yerləşən torpaq sahəsində yerləşən 80 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı2, X7 və X6 istifadəsinə, Bakı şəhəri Yasamal rayonu, Qanlı Göl qərb hissəsində yerləşən torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 300 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı1 istifadəsinə verilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 340 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı inzibati aktı olduğundan həmin inzibati akt qəbul edilərkən maraqlarına toxunan şəxslər inzibati icraata cəlb edilməli idilər. Yəni, Bakı şəhər İcra Hakimiyyəti inzibati icraat zamanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövcud mülkiyyətçilərini müəyyən etməli, onların maraqlarına toxunduğundan iş üzrə icraata onları cəlb etməli və bundan sonra inzibati icraatın yekunu barədə inzibati aktı qəbul etməli idi. Lakin, görünən odur ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaçıları işə cəlb etməmiş və onun hüquqlarına toxunan inzibati akt qəbul etmişdir. Bu isə iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim olunmamışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçının etibarnamə üzrə nümayəndəsinin müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 06 aprel 2022-ci il tarixli, BA-01779-2022 nömrəli məktubla təqdim edilmiş X5 barədə Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamının və ona əlavə edilmiş sxemin təsdiq edilmiş surətlərinə əsasən H.Sultanov küçəsi 66 nömrəli evdə yaşayan X5 tərəfindən “Qanlı gölün” yaxınlığında mövcud olan təsərrüfat tikililərinin yerləşdiyi ərazidə yardımçı təsərrüfat yaradılması və tikinti işləri aparılması faktı təsdiq edilmişdir. Sxem əlavə olunmuşdur.

8. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 28 dekabr 2024-cü il tarixli, 1435 nömrəli məktuba əsasən X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə İddiaçı1 tərəfindən müraciət olunmuşdur. X2 xx.xx.2001-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı1 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı1 cavabdehlər İddiaçı2, X11 və X8 qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmişdir: 1. Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerləşən torpaq sahəsi və torpaq üzərində yerləşən 300 kv.m. yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı1 verilsin.; 2. Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerləşən torpaq sahəsində yerləşən hazırda da, yaşadıqları 80 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı2, X11 və X6 istifadəsində qalsın. İddiaçı1 cavabdehlər İddiaçı2, X11 və X8 qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair 2(004)-4390/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2928/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı1, X11, X10 və İddiaçı2 qarşı iddia tələbi təmin edilərək iİddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər İddiaçı2 12050 (on iki min əlli) manat, X9 12050 (on iki min əlli) manat, X8 12050 (on iki min əlli) manat olmaqla, ümumilikdə 36150 (otuz altı min yüz əlli) manat və cavabdeh İddiaçı1 37000 (otuz yeddi min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehlərə məxsus özbaşına tikililər boşaldılaraq sökülməsi barədə qərar qəbul edilmişdir.

11. Bakı şəhər İcra Hakimiyyəti başçısının 340 nömrəli xx.xx.2021-ci il tarixli “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncama əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25.31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülk münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

19. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli sərəncamı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, mübahisəli sərəncam barədə iddiaçı digər mülki məhkəmə icraatında məlumatlı olmuş və bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

28. Hazırki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamın və ona əlavə edilmiş sxemin təsdiq edilmiş surətlərinə əsasən H.Sultanov küçəsi 66 nömrəli evdə yaşayan X5 tərəfindən “Qanlı gölün” yaxınlığında mövcud olan təsərrüfat tikililərinin yerləşdiyi ərazidə yardımçı təsərrüfat yaradılması və tikinti işləri aparılması faktı təsdiq edilmişdir. A.Fətəliyevin vəfatından sonra onun adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerləşən torpaq sahəsi və torpaq üzərində yerləşən 300 kv.m. yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı1 verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerləşən torpaq sahəsində yerləşən hazırda da yaşadıqları 80 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı2, X11 və X6 istifadəsində qalmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 340 nömrəli xx.xx.2021-ci il tarixli “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncama əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25.31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülk münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən iddiaçılara qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər İddiaçı2 12050 (on iki min əlli) manat, X9 12050 (on iki min əlli) manat, X8 12050 (on iki min əlli) manat olmaqla, ümumilikdə 36150 (otuz altı min yüz əlli) manat və cavabdeh İddiaçı1 37000 (otuz yeddi min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehlərə məxsus özbaşına tikililərin boşaldılaraq sökülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2928/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi təmin edilmişdir.

29. İddiaçılar hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısının mübahisəli sərəncamını istifadələrində olan, onlara məxsus daşınmaz əmlakların mövcud olduğu hissədə mübahisələndirsələr də, Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılmış torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, həmin ünvanda yardımçı təsərrüfat yaradılması və tikinti işləri aparılması faktının Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən təsdiq edilməsi, həmin tikililər və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun mövcud olması mənasına gəlmir. Həmin tikililər və onların yerləşdiyi torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olmuşdur.

30. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından ona ayrılmış torpaq sahəsinə mübahisələndirilən sərəncamla həyata keçirilmiş müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.

31. Məhkəmə qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçılara məxsus torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçıya ayrılmış torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olması nəzərə alınmalı və mübahisələndirilən sənədə bu prizmadan qiymət verilməlidir.

32. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olmayan torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmaqla iddiaçıların yalnız faktiki istifadəsində olan (xüsusi mülkiyyətdə olmayan) torpaq sahəsinin üçüncü şəxsə ("xxxx" Açıq Səhmdar Cəmiyyətinə) icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir.

33. Məhkəmənin qənaətinə görə qeyd edilənlər mübahisələndirilən inzibati akın iddiaçıların hüquqi marağına toxunan hissədə qanunsuz olmadığı qənaətinə gəlmək üçün yetərlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar