Məhkəmə qərarları › İş №2-1(112)-10219/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10219/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10219/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 363 M saylı əmrinin ləğv barədə qərar qəbul edilməsini xahiş etmişlər. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iş materiallarından görünür ki, iddiaçılara hüquqi yardım haqqında məktub təqdim edilərək, ümumi yurisdiksiyalı məhkəməyə müraciət etməsi təklif edilmişdir. Lakin, iddiaçılar məhkəmənin təklifinə münasibət bildirməmişlər. Məhkəmənin mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə 1992-1993-cü il tarixdə Şuşa şəhərindən məcburi köçkün olaraq Bakıya gəlmişdir. Ailə üzvləri ilə birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinin göstərişi əsasında ünvan 1 ünvanında yerləşən 20 kv.m-lik pis vəziyyətdə sahibsiz olan tikilidə məskunlaşmışlar. Sonra 20 kv.m tikiliyə bitişik əlavə olaraq öz vəsaiti hesabına 25. kv. m otaq və 8 kv.m mətbəx və 6 kv.m dəhliz inşa etdirmiş və 30 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Hazırda onlara verilən məlumata əsasən X1 adına 40 kv.m ibarət həmin mənzilə dair kirayə müqaviləsi bağlanılmış, gəlini İrina ilə oğlu Lev arasında bağlanmış nikah pozulduqdan sonra Anastasiyanın 40 kv.m ibarət mənzilinin 20 kv.m sahəsi gəlini və nəvələrinin istifadəsinə vermiş və qalan 20 kv.m sahədə isə Anastasiya oğlu Lev ilə birlikdə yaşamışlar. Trutnov Lev rəhmətə getdikdən sonra anası Anastasiya Trutneva Azərbaycan Respublikasını tərk etmişdir. İddiaçı ailə üzvlərini həmin 20 kv.m yerləşdirərkən həmin 20 kv.m tikili çoxdan tərk edilmiş və yararsız vəziyyətdə olan bir sahə olmuş, məcburi köçkün olaraq onların istifadəsinə verilmişdir. Lakin onlara məlum olmuşdur ki, Sosial İnkişaf İdarəsi “Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə” xx.xx.2011-ci il tarixli, 363 saylı əmr verərək Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, 107 saylı evin sahəsi 40 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilinə sosial kirayə müqaviləsinin 1 nəfər ailə üzvü vətəndaş X2 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması müəyyən edilmişdir. X4 isə həmin əmri əsas gətirərək İddiaçı1 və digərlərinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Z. Əliyev küçəsi, ev 107, mənzil 2 və həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə iddiaçılar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə rəsmi qaydada müraciət edərək xx.xx.2011-ci il tarixli, 363M saylı əmrin ləğv edilməsini xahiş etmişlər. Lakin cavabdehin 23 iyun 2022-ci il tarixli, SOCAR**********30560046X00031 saylı məktubu ilə həmin əmrin ləğv edilməsindən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş SOCAR Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli, 363M nömrəli “Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə” əmrindən göründüyü kimi Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, 107 saylı evin sahəsi 40,0 kv.m. olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsi 1 nəfər ailə üzvü ilə (özü, üç qızı- Trutneva Natalya, Trutneva Olqa, Trutneva Yekaterina) vətəndaş X3 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilmədiyindən iddianın növündən asılı olmayaraq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırki iddia tələbində mübahisələndirdiyi Azərbaycan Respublikasının Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli akt inzibati akt hesab olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Lakin hazırki iddia tələbi ilə mübahisələndirilən akt inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldıra bilər. İnzibati-Prossessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar