Məhkəmə qərarları › İş №2-1(112)-1022/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1022/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1022/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində ayrılmış 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 60 saylı Bakı Ev Tikmə Kombinatının işçisi olmuş və onun adına Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçı 4544 nömrəli torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu göndərilmişdir. İddiaçı bildirir ki, həmi torpaq sahəsindən hal-hazıra kimi istifadə etmiş və hətta 03 avqust 1991-ci il tarixli, 481№li qaimə və 03 avqust 1991-ci il tarixli 282№li kassa mədaxil qəbzi ilə ödəniş etməklə hazır formada beton pillədən ibarət bağ evi alaraq həmin torpaq sahəsinə qoymuş və istifadə etmişdir.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı iddia tələbini onun adına Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində ayrılmış 28 fevral 1990-cı il tarixli, 36 nömrəli order üzrə “4544A” saylı, hazırda 1118 kv.m olan torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəyişdirmişdir.

4. Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 4544 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ilkin müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında mövcud olan 60 saylı BTK üzvlərinin siyahısında iddiaçının adına “4544A” saylı bağ sahəsi qeyd edilmişdir. Bundan başqa “4544A” saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağın ərazisinə uyğun gəlir. Əlavə olaraq bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1118 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

5. Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 4544 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının təkrar müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubla qeyd olunan iradlar aradan qaldırılmamışdır.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin İdarənin arxiv məlumatlarında mövcud olan 60 saylı BTK üzvlərinin siyahısında iddiaçının adına “4544A” saylı bağ sahəsi qeyd edilmişdir. Bundan başqa “4544A” saylı bağ sahəsi digər şəxsin adına ("xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağın ərazisinə uyğun gəlir. Əlavə olaraq bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də faktiki ölçüsü 1118 kv.m təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən İddiaçı Ləhiş bağ massivində 60 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır.

8. Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində 60 nömrəli BTK –nın nəzdində 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli, 0,12 ha bağ sahəsi İddiaçı ayrılmışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin 29 iyun 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4544 saylı bağ sahəsi keçmiş X4 və İstismar Birliyi ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 30412 nömrəli müqavilə əsasında xx.xx.2004-cü il tarixdə bağ evi kimi xx.xx.1968-ci il təvəllüdlü X5 adına ilkin qeydiyyata alınmışdır. Sonradan 4544 saylı bağ ünvanında yerləşən tikili söküldüyü üçün yalnız torpaq sahəsi (0,12 hektar) xx.xx.2021-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Ləhiş bağ massivi, 4544 və 4545 saylı bağ sahəsi alqı-satqı müqavilələri əsasında birləşdirilərək, ümumi sahəsi 0,24 ha olan 4544 saylı bağ sahəsi kimi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq cavabdeh tərəfindən 60 saylı BTK üzvlərinin siyahısının və 4560 saylı bağ sahəsinə dair verilmiş 29 saylı orderin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. 20 mart 1989-cu il tarixli 29 nömrəli orderə əsasən 4560 saylı bağ sahəsi X6 ayrılmışdır. 60 saylı BTK üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı, yerləşmə sxemində “4544A” saylı bağ sahəsi mövcuddur.

7. Məhkəmədə şahid qismində dindirilmiş X3 bildirdi ki, 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işləyib, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olub, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləyib. X2 torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işləyir. Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. Ləhiş bağ massivində torpaqların sürüşməsi olmayıb, bağların zəbt halları çox olub. Belə ki, hər hansı bir şəxsə torpaq sahəsi verilirdi, sonra həmin torpaq sahəsi başqa bir şəxs tərəfindən zəbt olunurdu.

8. Məhkəmədə şahid qismində dindirilmiş X8 bildirdi ki, Ləhiş bağ massivində 4546A saylı bağ sahəsi ona məxsusdur. Onun torpağının arxasında Cəlal adlı şəxsin torpağı, sağında Eldar adlı şəxsin torpağı, solunda X10 torpaq sahəsi yerləşirdi. X10 torpaq sahəsindən sonra dənizə tərəf olan hissədə İddiaçı torpaq sahəsi yerləşirdi.

9. Məhkəmədə şahid qismində dindirilmiş X13 bildirdi ki, onun Ləhiş bağ massivində 4545A saylı bağ sahəsi ona məxsus olub, həmin torpaq sahəsinə dair orderi olub. Onun torpaq sahəsindən sol tərəfdə İddiaçı torpaq sahəsi yerləşirdi və onun hasar qonşusu idi, lakin oranı dağıdıb məktəb tikiblər və o, torpaq sahəsini satıb.

10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4560 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

17. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

22. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

24. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

26. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

27. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 60 nömrli BTK-nın üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı var və 4544A saylı bağ sahəsi ona ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən İddiaçı Ləhiş bağ massivində 60 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır.

28. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Ləhiş bağ massivindəki 4544A nömrəli bağ məhz 60 nömrəli BTK-nın nəzdindədir və 60 nömrəli BTK-nın üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı var.

29. Cavabdeh qurum həmin sahənin 4560 saylı bağın ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 60 nömrəli BTK-nın üzvlərinin təsdiq edilmiş siyahısında 37-ci və 38-ci sırada da adları qeyd edilmiş 4545A saylı bağ sahəsinin (keçmiş) sahibi X13 və 4546A saylı bağ sahəsinin sahibi X8 və bildirdilər ki, onlara məxsus bağ elə İddiaçı məxsus 4544A saylı bağ sahəsi ilə sərhəddə və qonşuluqdadır, bağlar ardıcıl yerləşir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla İddiaçı Ləhiş bağ massivindəki 60 nömrəli BTK-nın nəzdindəki sahəsi 1118 kv.m olan 4544A nömrəli saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinə dair çıxarış verilməlidir. Belə ki, müəyyən edilir ki, 4544A, 4545A, 4546A saylı bağlar faktiki olaraq qeyd edilən ardıcıllıqla hazırkı vəziyyətinə uyğun yerləşmişlər.

30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 60 saylı BTK nəzdində 1118 kv.m. sahəsi olan 4544A saylı bağa dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar