Məhkəmə qərarları › İş №2-1(112)-10220/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10220/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10220/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən aylıq pensiya məbləğinə yönəldilmiş tutulmanın dayandırlmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2008-ci ilin aprel ayında əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı mənə heç bir xəbərdarlıq etmədən razılığı olmadan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ona təyin edilmiş aylıq pensiya məbləğindən 90 manat məbləğində pul vəsaiti tutmağa başlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək pensiyasından 90 manat məbləğində pul vəsaitinin tutulmasının qanunsuz və əsassız olduğunu bildirərək pensiyadan tutulmanın dayandırlmasının xahiş etsədə heç bir faydası olmamışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-ci il tarixli, 3-171/2-A- 74960/2023 nömrəli cavab məktubunda aylıq pensiya məbləğinə yönəldilmiş tutulmanın “Əmək pensyaları haqqında” Azərbaycan Respublikası qanunun 39.1-ci maddəsinə əsasən tutulduğnu qeyd edərək aprel ayında da aylıq pensiya məbləğimdən 90 manat məbləğində pul vəsaitini tutmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı heç bir əsas olmadan iddiaçıya təyin edilmiş aylıq pensiya məbləğindən qanunsuz olaraq hər ay 90 manat məbləğində pul vəsaiti tutur. İddiaçı bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı aylıq pensiya məbləğinə tutulma yönəldərkən özünün xx.xx.2023-cü il tarixli, 3-171/2-A-74960/2023 nömrəli məktubunda istinad etdiyi “Əmək pensyaları haqqında” Azərbaycan Respublikası qanunun 39.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, “Əmək pensyaları haqqında” Azərbaycan Respublikası qanunun 39.1-ci maddəsinin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçı bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı aylıq pensiya məbləğimə tutulma yönəldərkən nə iddiaçının razılığ almış nədəki pensiya məbləğinə tutulma yönəldiləsi barədə hər hansı bir məhkəmə qərarı olmuşdur. Qeyd edilənlərdəndə göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qanusuz və əsassız olaraq aylıq pensiya məbləğinə tutulma yönəldərək onun hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəldmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17- 1/1-A-86027/2023 nömrəli qərarının ləğv edilməsi və tutulan pensiya məbləğinin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Bakı İnzibati Məhəməsinin 2-1(112)-10220/2023 saylı qərardadı ilə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “X2” Azərbaycan Respublikası Qanununun xx.xx.2006-cı il tarixdə qüvvədə olan 7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2008-ci il tarixdə qüvvədə olan tələblərə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-74960/2023 nömrəli “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubunda “Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək 41 il 2 ay 18 gün sığorta stajı, xx.xx.2006-cı ildən iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixədək 2 il 3 ay sığorta stajına uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 496,80 manat pensiya kapitalı, xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (işləməyən əmək pensiyası kateqoriyasına keçdiyi üçün) 5 il 7 ay sığorta stajına uyğun olaraq 5031,36 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və məbləği xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 316,23 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibati orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin müvafiq qərarda nəzərdə tutulduğu kimi iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildiririk ki, pensiya işinizə daxil olan sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 41 il 2 ay 18 gün sığorta stajınız, xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan xx.xx.2008-ci il tarixinədək 2 il 3 ay sığorta stajınıza uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 496,80 manat pensiya kapitalı, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün) 5 il 7 ay sığorta stajına uyğun olaraq 5031,36 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və məbləği xx.xx.2019-cu il tarixindən (xx.xx.2022-ci il tarixli müraciətinizdən əvvəlki 3 il nəzərə alınmaqla) 316,23 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 368,49 manata, xx.xx.2021-ci il tarixindən 410,50 manata, xx.xx.2022-ci il tarixindən 424,46 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım (200 manat) 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləği xx.xx.2023cü il tarixindən 441,12 manata (424,46+16,66=441,12), eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 505,96 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətinizin araşdırlması zamanı məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixində əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləği sosial sığorta göstəriciləriniz əsasında hesablanmalı olduğu halda, eyni zamanda orta aylıq əmək haqqı da nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın məbləğində xx.xx.2019-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Müraciətinizə cavab olaraq bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə vətəndaş İddiaçı pensiya ödənişlərinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların iddiaçıya çatdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki halları və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.1946-cı il təvəllüdlü İddiaçı yaşa görə xx.xx.2008-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bak DOST Mərkəzindən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ərizə ilə müraciət edərək (6 illik kapital əsasında pensiyanın yenidən hesablanılması ilə bağlı) xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış pensiya kapitalının hesablanılmasını xahiş etmişdir. İddiaçının müraciətinin araşdırılması zamanı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. İddiaçı əmək pensiyasının məbləğində azalma ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət emiş, iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildiririk ki, pensiya işinizə daxil olan sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 41 il 2 ay 18 gün sığorta stajınız, xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan xx.xx.2008-ci il tarixinədək 2 il 3 ay sığorta stajınıza uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 496,80 manat pensiya kapitalı, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün) 5 il 7 ay sığorta stajına uyğun olaraq 5031,36 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və məbləği xx.xx.2019cu il tarixindən (xx.xx.2022-ci il tarixli müraciətinizdən əvvəlki 3 il nəzərə alınmaqla) 316,23 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 368,49 manata, xx.xx.2021-ci il tarixindən 410,50 manata, xx.xx.2022-ci il tarixindən 424,46 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım (200 manat) 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 441,12 manata (424,46+16,66=441,12), eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 505,96 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixində əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləği sosial sığorta göstəriciləriniz əsasında hesablanmalı olduğu halda, eyni zamanda orta aylıq əmək haqqı da nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın məbləğində xx.xx.2019-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Müraciətinizə cavab olaraq bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. İddiaçı, cavbdeh inzibatin orqanın tərəfindən verilmiş imtinadan narazı qalaraq hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədi ilə inzibati orqan olan cavabdehə sorğu məktubu ünvanlayaraq, xx.xx.1946-cı il tarixdə Fizuli rayonunda doğulmuş İddiaçı pensiya işinin təsdiq olunmuş surətini və İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müşayət məktubları ilə vətəndaş İddiaçı (Nəsimi rayonu, №050940) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyalarının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli Qərarı ilə X1 “X2” Qanunun 37.3.1.6-cı maddəsinə əsasən yenidən əmək pensiyası hesablanaraq müddətsiz olaraq yaşa görə 502.61 manat pensiya məbləği hesablanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17/1-A-652/2023 nömrəli Qərarı ilə, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən X1 xx.xx.2008-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablananaraq, xx.xx.2023-cü il tarixindən müddətsiz olaraq yaşa görə 441.14 manat pensiya hesablanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-86027/2023 nömrəli Qərarı ilə X1 “X2” Qanunun 39.1-ci maddəsinə əsasən yenidən əmək pensiyası hesablanaraq xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq yaşa görə 505.96 manat pensiya hesablanılmışdır. İş materiallarında olan, “Xidməti Məktub”dan görünür ki, iddiaçının müraciətinin araşdırılması zamanı yaşa görə əmək pensiyasının məbləğində artıq ödəmə aşkar edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixində əmək pensiyasının yenidə hesablanması zamanı pensiya məbləği sosial sığorta göstəriciləri əsasında hesablanma olduğu halda, eyni zamanda orta aylıq əmək haqqı da nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə vətəndaşın əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər Nəsimi rayon Şöbəsinə ərizə ilə ərizə ilə müraciət edərək, təqdim edilən sənədlər əsasında əmək pensiyasına yenidən baxılmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022-ci il tarixdə “Müraciət Vərəqəsi” ilə “6 illik kapital əsasında pensiyanın yenidən hesablanılması ilə bağlı” müraciət etmişdir. İş materiallarında olan, sənədlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bak DOST Mərkəzindən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixli “X2” Qanunun 37-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış pensiya kapitalının hesablanılmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2023-cü il tarixdə “Müraciət Vərəqəsi” ilə müraciət edərək əmək pensiyasının məbləğinin hansı səbəbdən azalması ilə bağlı rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan, sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bak DOST Mərkəzindən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, yaşa görə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsində işlədiyini qeyd etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2023-cü il tarixdə “Müraciət Vərəqəsi” ilə müraciət edərək bildirmişdir: “X2” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə edilmiş dəyişikliyin tətbiqi haqqında xahiş edirəm yeni dəyişikliyə əsasən yenidən baxasınız. Pensiyamda hansı səbəbdən azalma ilə bağlı mənə rəsmi açıqlaması ilə olaraq cavab təqdim edəsiniz. Həmin cavab əsasında məhkəməyə müraciət edəcəyəm”. İş materiallarında olan, sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bak DOST Mərkəzindən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, “X2 Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə edilmiş dəyişikliyin tətbiqi haqqında” Qanuna yeni dəyişikliyə əsasən yenidən baxılmasını xahiş etmiş, pensiyada hansı səbəbdən azalma ilə bağlı rəsmi açıqlama olaraq cavab təqdim edilməsini xahiş etmiş və həmin cavab əsasında məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. İş materiallarında olan, “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” xx.xx.2018-ci il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006 tarixdən xx.xx.2018 tarixədək 7 (yeddi) il, 5 (beş) ay, sosial sığorta stajı, fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 6045.47-(altı min qırx beş 47 qəpik) manat pensiya kapitalı vardır. “Olive Ads" MMC tərəfindən 2012-ci il üzrə "məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (forma B3) təqdim edilmədiyi üçün həmin il üzrə sosial sığorta stajı və pensiya kapitalı hesablanmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, “Pensiya miqdarının dəyişdirilməsi haqqında” şöbənin xx.xx.2018-ci il tarixli Sərəncamı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən ömürlük olaraq əlavələrlə birlikdə 363.33 manat məbləğində pensiya verilməsi göstərilmişdir. İddia dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə iş materiallarında inzibati akt mövcud deyildir. İddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “X2” Qanunun 39.1-ci maddəsi nəzərdə tutur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, xx.xx.2023-cü il tarixli qərar qəbul edərək, iddiaçıdan 2636.70 manat məbləğində artıq vermə göstərərək, arıq ödəmə adı altında pensiya məbləğinin geri ödənilməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur. Hazırkı mübahisəyə münasibətdə artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “X2” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “X2” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh inzibati orqan həmin normanın müddəaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı mübahisəyə münasibətdə məhkəmə araşdırma zamanı, əmək pensiyasının təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə bu barədə, eləcə də pensiya məbləğinin artıq ödənilməsinin məhz pensiyaçının təqsiri üzündən baş verdiyini təsdiq edən hər hansı sübut təqdim məhkəmə icraatı zamanı təqdim edilməmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, bu və ya digər səbəbə görə qüvvədən düşmüş hesab edilmədən vətəndaşa ödənilmiş pensiya məbləğinin azalıdılması qanuni və əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü, 67.5-ci, 67.8-ci və 67.9-cu maddələrinə əsasən şəxsin etimad hüququnun qorunmağa layiq olduğu hallarda, şəxsin hüquqi və ya əmlak vəziyyəti qorunmalı və yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67- ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyasının məbləğinin iddiaçıdan tutulması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən hüquqi və ya əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin hüquqi vəziyyətinin qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Məhkəmə olaraq qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi də cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin geri qaytarılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul olunmuş, həmin qərarlarla cavabdehin davranışı qanunsuz və əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X2” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli 3-17- 1/1-A-86027/2023 nömrəli qərarının ləğv edilməsi və tutulan pensiya məbləğinin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-86027/2023 nömrəli qərarının ləğv edilməsi və tutulan pensiya məbləğinin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar