Məhkəmə qərarları › İş №2-1(112)-10225/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10225/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10225/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı oğlu xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan omuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 1998-ci ildə daimi yaşamaq üçün nənəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan Azərbaycanda yaşayır. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində onun bir oğlu doğulmuşdur. Onun doğum faktı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və oğlu müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Oğlu doğulan zaman o, heç kimlə nikahda olmamış və oğlunun doğum faktı qeydə alınarkən atalığı müəyyən edilmədiyi üçün atası barədə məlumatlar onun verdiyi şifahi məlumat əsasında yazılıb – o, oğlunun hazırda yeganə valideynidir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək oğlu - xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etmişlər. DMX xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışı ilə (həmin arayış ona rəsmi qaydada 1 saylı Bakı “ASAN Xidmət" Mərkəzində xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) müraciətinə aşağıdakı məzmunda cavab vermişdir. “24 iyul 2012-ci il təvəllüdlü X3 126583/m nömrəli, 24 may 2022-ci il tarixli müraciətinə baxmış) və o,“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında "Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir”. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavabı əsassız və qanunsuzdur və oğlunun hüquqlarını kobud şəkildə pozur: Birincisi, cavabdehin oğlunun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanımaqdan imtina etməsi barədə arayışı imtinaedici aktı normativ hüquqi aktların zamana görə qüvvəsinin geriyə tətbiqi baxımından qanunsuz və əsasızdır. İkicinsi, cavabdehin imtinaedici aktı əvvəllər də analoji hallarla (yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2014-cü il tarixli redaksiyasının əcnəbilərin həmin tarixdən əvvəl doğulan uşaqlarına münasibətdə tətbiqi) bağlı meydana çıxıb və bu analoji işlərə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozuntusu müəyyən edilib. Bu iş də analoji iş olduğu üçün, həmin qərarın müddəaları bu işə münasibətdə də tətbiq edilməlidir. İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh hazırkı iddianın predmetinə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş redaksiyasını tətbiq edib. Belə ki, cavabdeh arayışda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə istinad edib. Lakin, işin halları əsasında müəyyən edilir ki, onun uşağı xx.xx.2012-ci il tarixdə anadan olub. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, oğlu X6 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Oğlu doğulan zaman Qanununun 12-ci maddəsi vətəndaşlığı olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi məsələsini tənzimləyirdi və bir cümlədən ibarət idi: “Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. ” Bu baxımdan qanunun zamana görə tətbiqi sualına cavab axtarılmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, sərəncama əsasən məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. Qeyd olunmalıdır ki, İddiaçı övladının X3 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı (ərizə ilə) Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə iddiaçıya xx.xx.2022-ci il tarixli arayış təqdim edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Qeyd olunan qanunun müddəası (xüsusi norma) hər iki valideyni əcnəbi olanların övladlarına münasibətdə tətbiq edilir. Ona görə də qeyd olunan səbəb əsas götürülərək iddiaçının övladının Azərbaycan Respublikasının vətəndaşı kimi hesab edilməsi mümkün deyil. Qeyd olunan qanunun əvvəlki redaksiyasında da digər subyektlərə münasibətdə də (valideyni Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərdən başqa) məsələ xüsusi norma ilə tənzimlənmişdir. Belə ki, əvvəlki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununda da göstərilmişdir ki, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa, Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır (yəni digər hallarda şəxsin Azərbaycan Respublikasının vətəndaşı hesab olunması ilə bağlı müddəa nəzərdə tutulmamışdır). İş materiallarından görünür ki, iddiaçı doğularkən onun valideyni İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və o, vətəndaşı olduğu ölkənin pasportına sahibdir (pasportun surəti etiraza əlavə olunur, digər valideyni ilə bağlı heç bir məlumat aşkar edilməmişdir). O cümlədən, sözügedən ölkənin (Rusiya Federasiyasının) vətəndaşlığı haqqında qanununa görə uşağın valideynlərindən biri həmin ölkənin vətəndaşlığına malikdirsə, uşağın harada doğulmasından asılı olmayaraq o həmin ölkənin vətəndaşı sayılır. İddiaçı övladının vətəndaşlıq məsələsi ilə bağlı ilk növbədə yuxarıda göstərilən ölkənin səfirliyinə müraciət etməlidir. Həmin ölkənin vətəndaşlığını əldə etdikdən sonra, iddiaçı Azərbaycan Respublikasının ərazisində övladının yaşamasını qanuniləşdirə bilər (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisində azı 2 il müvəqqəti və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə əsasən beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadıqdan sonra öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı müraciət edə bilər). Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən vətəndaşlıq məsələlərinin həll edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir (Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 106 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası” yaradılmışdır). İddiaçı tərəfindən etiraza münasibət təqdim edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “oğlu - xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını" xahiş etmişdir. Həmin işdə cavabdeh olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddia ərizəsinə etirazını bildirmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin etirazı tamamilə əsassız və boş mülahizələrdən ibarətdir: etirazda qeyd olunur ki, Dövlət Miqrasiya Xidməti oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımamaqla doğru nəticəyə gəlmişdir. Cavabdeh öz etirazını əsaslandırarkən Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş redaksiyasına istinad etmişdir. Dövlət Miqrasiya Xidmətinin bu arqumenti ilə razılaşmır. Belə ki, cavabdeh ‘'Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş redaksiyası əsasında həmin Qanunun 12.1-ci maddəsinə istinad etsə də, oğluna münasibətdə məhz nə üçün həmin normanın tətbiqinin əsaslılığını əsaslandıra bilməyib - qanunu geriyə tətbiq etdiyini izah edə bilməyib. Belə ki, oğlu xx.xx.2012-ci il tarixdə doğulub, cavabdehin istinad etdiyi norma isə Qanuna oğlu doğulduqdan sonra, yəni xx.xx.2014-cü il tarixdə əlavə edilmişdir (xx.xx.2014-cü il tarixdə qüvvəyə minmişdir). Bildirir ki, oğlunun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı cavabdehə qarşı qaldırdığı hazırkı iddiasının əsasını məhz “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş redaksiyasının cavabdeh tərəfindən geriyə tətbiqinin qanunsuz və əsassız olması təşkil edir – o, iddia ərizəsində məhz cavabdehin qanunu geriyə tətbiq etməsinin qanunsuzluğunu mübahisələndirir. Cavabdeh onun iddia ərizəsinə etiraz versə də, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş redaksiyasının geriyə tətbiqinin qanunsuzluğu ilə bağlı onun iddia ərizəsində qeyd etdiyi arqumentlərə cavabdehin etirazında heç bir əks arqument qeyd edilməyib. Belə ki, cavabdeh etirazda xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışının məzmununu təkrarlayıb. Qeyd etmək istəyir ki, oğlu doğulan zaman Azərbaycan Respublikasının qanunvericiliyi (Qanunun xx.xx.2014-cü il tarixdən əvvəlki redaksiyası) Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsləri şərtsiz olaraq Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyırdı. Qeyd edilən tənzimləmə həmin vaxt avtomatik xarakter daşıyırdı. Belə olan halda, oğluna münasibətdə adı çəkilən Qanunun həmin vaxt - oğlu doğulan zaman - qüvvədə olan redaksiyası tətbiq edilməlidir. O, öz iddiasının əsaslılığını xx.xx.2022-ci il tarixli iddia ərizəsində geniş şəkildə qeyd etmişdir (bax: iddia ərizəsinin 2-7 səhifələrinə). Birincisi, cavabdehin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun yuxarıda qeyd olunan normasına istinad etməsi normativ hüquqi aktların zamana görə qüvvəsinin geriyə tətbiqi baxımından qanunsuz və əsasızdır. İkincisi, əvvəllər də analoji hallarla bağlı (yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2014-cü il tarixli redaksiyasının əcnəbilərin həmin tarixdən əvvəl doğulan uşaqlarına münasibətdə tətbiqi) işlər olub və bu analoji işlərə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozuntusu müəyyən edilib. Yəni, AİHM müəyyən edib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş redaksiyasının əcnəbilərin Azərbaycan Respublikasında həmin tarixdən əvvəl doğulmuş uşaqlarına münasibətdə tətbiqi Azərbaycan Respublikasında doğulmuş həmin şəxslərin hüquqlarını pozur. Normativ hüquqi aktın zamana görə qüvvəsi aspektindən və Avropa İnsan Hüquqları Məhkəməsinin analoji işlər üzrə qərarı nöqteyi-nəzərindən cavabdehin etirazının qanunsuz və əsassızlığı barədə iddia ərizəsində geniş əsaslandırmanı qeyd etmişdir. Etirazı oxuyanda görünür ki, cavabdehin etirazının nədən ibarət olması bəlli deyil və formal xarakter daşıyır. Belə ki, cavabdeh etirazda hansı əsasa görə qanunu geriyə tətbiq etdiyini yenə izah etməyib. Cavabdeh etirazında qeyd edir ki, oğlu doğulan zaman o, Rusiya Federasiyasının vətəndaşı olmuş və Rusiya Federasiyasının Vətəndaşlıq haqqında Qanununa görə, valideynlərindən biri həmin ölkənin vətəndaşı olan uşaq harada doğulmasından asılı olmayaraq Rusiya Federasiyasının vətəndaşı sayılır. Bu səbəbdən də, oğlunun vətəndaşlıq məsələsi ilə bağlı ilk növbədə onların Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə müraciət etməsi və oğlu həmin ölkənin vətəndaşlığını əldə etdikdən sonra onun Azərbaycan Respublikasının ərazisində yaşamasını qanuniləşdirmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyini qeyd edib. Bildirmək istəyir ki, “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinin birinci bəndinin “a” yarımbəndinə əsasən, hər iki valideyni və ya yeganə valideyni Rusiya Federasiyasının vətəndaşı olan uşaq doğulduğu yerdən asılı olmayaraq doğulduğu andan Rusiya Federasiyasının vətəndaşlığını əldə edir. O, oğlunun yeganə valideynidir və oğlu da, doğulan zaman o, Rusiya Federasiyasının vətəndaşı idi, hazırda da, Rusiya Federasiyasının vətəndaşıdır. Bu səbəbdən də, Rusiya Federasiyasının qanunvericiliyi oğlunu doğulduğu andan həmin ölkənin vətəndaşı kimi tanıyıb. Eyni zamanda, oğlu doğulduğu andan "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanununun həmin vaxt qüvvədə olan 11-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə görə. Azərbaycan Respublikasının vətəndaşlığını da əldə edib. Beləliklə, oğlu doğulduğu andan həm Azərbaycan Respublikasının vətəndaşlığını, həm də, Rusiya Federasiyasının vətəndaşlığını əldə edib. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikili vətəndaşlığın tanınması ilə bağlı razılaşma olmadığı üçün Azərbaycan Respublikasının ərazisində onun oğlunun Rusiya Federasiyasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Yəni, hətta oğlu Rusiya Federasiyası tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmiş olsa belə, Dövlət Miqrasiya Xidməti onu Azərbaycan Respublikasının ərazisində əcnəbi kimi qeydiyyata almaqla "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş olar. Çünki indiki halda, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Yəni oğlu hətta Rusiya Federasiyası tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin olunsa belə, bu, onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmasına mane olmur. Çünki, yuxarıda da, qeyd etdiyi kimi, oğlu doğulduğu andan özündən asılı olamyan səbəbdən, həm Rusiya Federasiyasının, həm də, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edib. Bu səbəbdən də, cavabdehin onlara işin predmetinə aidiyyəti olmayan tövsiyyə ilə çıxış etməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh öz etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən, vətəndaşlıq məsələlərinin həll edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında' Qanunun 5-ci maddəsi Azərbaycan Respublikasının vətəndaşı sayılan şəxslərin kateqoriyasını müəyyən edir. Həmin maddənin birinci hissəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki. Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları həmin Qanunun 11-ci maddəsi ilə tənzimlənir. Həmin maddə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 2-ci Fəslinə daxildir və həmin Fəslin adı konkret olaraq “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və bərpası” adlanır. Həmin Fəsildə. Azərbaycan Respublikası vətəndaşlığının anadangəlmə (yəni doğulduğu andan) və sonradan (yəni vətəndaşlığa qəbul olunmaq və ya bərpa edilmək yolu ilə) əldə edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 11-ci maddəsinin birinci hissəsinin 1 -ci bəndi Azərbaycan Respublikası vətəndaşlığının anadangəlmə əldə edilməsi əsaslarını, 2-ci, 3-cü və 4-cü bəndi isə sonradan (vətəndaşlığa qəbul, bərpa və s.) əldə edilməsi əsaslarını nəzərdə tutur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 14-cü və 15-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və ya bərpa olunmaq üçün həmin Qanunun 14-cü maddəsinin birinci hissəsində nəzərdə tutulan tələbləri ödəyən əcnəbilər və vətəndaşlığı olmavan şəxslər vəsatət verə bilər. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 11 -ci maddəsinin birinci hissəsinin 1 -ci bəndində nəzərdə tutulan şəxslərin (vətəndaşlığı anadangəlmə əldə edənlərin) deyil, həmin Qanunun 14-cü və 15-ci maddəsində nəzərdə tutulan şəxslərin (vətəndaşlığa qəbul və bərpa edilmək istəyən şəxslərin) məsələsini həll edir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası barəsində müvafiq sərəncam verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və ya bərpa olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmavan şəxslər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Oğlu isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun oğlu doğulan zaman qüvvədə olan 11-ci maddəsinin birinci hissəsinin l-ci bəndinə görə, doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşlığını əldə edib. Azərbaycan Respublikası vətəndaşının isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu və ya bərpası mümkün deyil. Çünki, vətəndaşın vətəndaşlığa qəbul edilməsi əhəmiyyətsizdir. Bu halda, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə istinad etməsi əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin etirazı rədd edilməli və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli “Azərbaycan Rspublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün” ərizə-anketdən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilərək, X3 Azərbaycan Respublikasının mənsubiyyətinin müəyyənləşdirilməsi xahiş edilmişdir. işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli, 26 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, 24 iyun 2012-ci il təvəllüdlü X3 126583/m nömrəli, 24 may 2022-ci il tarixli müraciətinə baxılmış və o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 576538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X4, ana qrafasında İddiaçı Əhmədovna qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmmiş Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2021-ci il tarixli, 05/Q-2227/69 nömrəli arayışın surətindən görünür ki, 09 oktyabr 2021-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X3 doğumu 197 nömrəsi ilə qeyd edilmişdir. Doğum tarixi 24 iyul 2012-ci il, valideynləri: anası İddiaçı, atası X4. Valideynləri arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumat ananın deməsinə əsasən yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, K/138 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Zhasmin Gubaidulına onun Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti ünvan 1 ünvanına qeydiyyata alınmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixli ərizəsi əsasında ünvan 2 ünvanında yaşadığı müəyyən edilmişdir. Müvəqqəti olma müddəti (müvəqqəti dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Rusiya Federasiyası Vətəndaşının 51 № ******* nömrəli pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il təvəllüdlü olmaqla, Rusiya Federasiyasının vətəndaşıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli arayışla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. xx.xx.2012ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində onun bir oğlu doğulmuşdur. Oğlunun doğumu Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Ana qrafasında İddiaçı, ata qrafasında X4 göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, oğlu – xx.xx.2012-ci ilt arixdə Bakı şəhərində anadan olmuş oğlu – xx.xx.2012-cii l tarixdə Bakı şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən onun müraciətinə cavab olaraq 26 may 2022-ci il tarixli, ******* nömrəli arayış təqdim edilərək bildirilmişdir ki, 24 iyul 2012-ci il təvəllüdlü X6 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1989-ci il tarixli Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir. İddiaçı hazırda məhkəmədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun normalarının oğluna münasibətdə zamana görə düzgün tətbiq edilməməsinə istinad etməklə, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüuqqi aktlar haqqında” Azərbaycan Respulikası Konstitusiya Qanununun 87-ci maddəsinin müddəalarına əsasən 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli 527-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 30 may 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyasının 11-ci bəndinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Məhkəmə iddiaçının oğlunun xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasında, Bakı şəhərində anadan olmasını nəzərə alaraq, iddiaçının oğlunun hüquqlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 30 may 2014-cü il tarixli redaksiyasının qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edərək hesab edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 30 may 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyasının 11-ci maddəsinin tələbləri iddiaçının oğluna münasibətdə tətbiq edilməlidir. Məhkəmə eləcə də, hazırki mübahisə ilə analoji hallarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “Hashemi və Digərləri Azərbaycana Qarşı” 1480/16 saylı qərarı mövcuddur ki, həmin qərarda məhkəmə qeyd etmişdir ki, Konstitusiyanın 52-ci maddəsi və 30 sentyabr 1998-ci il tarixli qanunun 11-ci maddəsi 30 may 2014-cü ilədək tətbiq olunan variantda aydın şəkildə və bu qaydaya hər hansı şərt və ya məhdudiyyət nəzərdə tutulmadan qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan vətəndaşlığını qəbul edir. O, daha sonra qeyd edir ki, 3 aprel 2015-ci il tarixinədək qüvvədə olan 19 may 1998-ci il tarixli Qanunun 10-cu maddəsi eyni zamanda uşağın doğulduqdan sonra heç bir şərt qoymadan vətəndaşlığı əldə etməsini nəzərdə tutur. Jus soli prinsipi əsasında Azərbaycan vətəndaşlığının qeyd-şərtsiz verilməsi Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının oğluna münasibətdə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 30 may 2014-cü il tarixli redaksiyasının 12-ci maddəsinin tətbiq edilməsi qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən - 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar