Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10229/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin və təkrar şəhadətnamənin verilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnamə əsasında onun (xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olması, doğum faktı xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmış və xx.xx.1979-cu il tarixdə İİ-SL (СЛ) seriyalı, 279718 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı) doğum haqqında akt qeydinin soyadı: Cəlilov, adı: Qabil, ata adı: Avtandil oğlu, doğum tarixi: xx.xx.1979-cu il, doğum yeri: Ermənistan Respublikasının Amasiya Rayonunun Yeniyol kəndi; atasının soyadı: Cəlilov, atasının adı: Avtandil, atasının atasının adı: Mərdan oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Cəlilova, anasının adı: Maya, anasının atasının adı: Güləhməd qızı, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsinin; ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən verilmiş İİ-SL (СЛ) seriyalı, 279718 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnamədən görünür ki, doğumu xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmışdır, atası X5, anası X4r. İş materiallarına əlavə edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, İddiaçı vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******0-dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/1-C-l 3/18/2023-07- 18/9/18 nömrəli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan şəxs İddiaçı xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı o, ailəsi ilə birlikdə (atası, anası və bacı-qardaşları) Ermənistandan çıxarılmışlar və 1989-cu ilin əvvəllərində Azərbaycana gələrək burada qaçqın kimi məskunlaşmışlar. İşin yuxarıda qeyd olunan hallarından da bəllidir ki, o, 1989-cu ilin əvvəllərində Azərbaycanda qaçqın kimi məskunlaşdır bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. Məhz bu səbəbdən də o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşzılıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin himayə sənədi əsasında olduğum yer üzrə qeydiyyata alınmışdır. Hazırda, onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün doğumu haqqında akt qeydi barədə məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi lazımdır. Lakin doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün Azərbaycanda doğum haqqında akt qeydi mövcud deyil, ona görə də həmin məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Bu səbəbdən də onun doğum haqqında akt qeydinin Azərbaycanda bərpa edilməsi zərurəti yaranmışdır. Tələb iki hissədən ibarət olmuşdur: 1) doğumu haqqında akt qeydinin bərpa edilməsi; 2) doğum haqqında yeni şəhadətnamə ilə təmin edilmək. Hər iki tələbdə qeyd edilən məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarla tənzimlənir. “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 22-ci bəndinə görə, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 10-cu bəndinin 2-ci hissəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir. Göründüyü kimi, doğum haqqında yeni şəhadətnamələrin verilməsi üçün qanunvericilikdə şəxsiyyət vəsiqəsinin təqdim olunması tələb olunmur. Hətta, bu halda qanunvericilik şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməsini tələb etsəydi belə, hesab edir ki, həmin tələbin ona münasibətdə tətbiq edilməsi düzgün olmazdı. Belə ki, həmin tələb yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsilə təmin olunmuş şəxslərə aid ola bilər. İşin hallarından görünür ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu, müstəsna haldır, lakin bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda onun doğum haqqında akt qeydinin bərpa edilərək doğum haqqında yeni şəhadətnamənin verilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqənin olmaması onun doğum haqqında akt qeydinin bərpa edilməsindən və doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməyimdən imtina üçün legitim səbəb təşkil edə bilməz. İşin yuxanda qeyd edilən hallarından bəllidir ki, əslində doğum haqqında akt qeydinin bərpa edilməsi və bunun əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməyi ona elə şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün lazımdır. Artıq 44 yaşı var. Lakin doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməyi üçün doğum haqqında akt qeydinin bərpa edilməsi vacibdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün doğum haqqında akt qeydi barədə məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməlidir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair” Təlimatın 1.3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydləri “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə elektron qaydada tərtib edilir. Lakin doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün Azərbaycanda doğum haqqında akt qeydi mövcud deyil. Bu səbəbdən də həmin məlumatların (doğum haqqında akt qeydi barədə məlumatların) Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Yalnız doğum haqqında akt qeydi Azərbaycanda bərpa edildikdən sonra həmin məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilə bilər. Şəxsiyyəti təsdiq edən sənəd olmadığı üçün o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Bundan başqa, şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında o, DMX tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 24, mənzil 3 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
4. Cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Bununla bağlı bildiririk ki, şəxsiyyətinizi təsdiq edən sənədləri təqdim etməklə qeydiyyat şöbəsinə müraciət etməyiniz tövsiyə edilir.”
5. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili M.Məmmədova iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Novruzova iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına 27 may 2022-ci il tarixdə verilmiş “Himayə sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir.
11. Dövlət Miqrasiya Xidmətinin X1 İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, xx.xx.1979-cü il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (himayə sənədi № ***- *******0) Dövlət Miqrasiya Xidməti tərəfindən 27 may 2022-ci il tarixindən 01 iyun 2023-cü il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
12. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı doğum haqqında şəhadətnaməsinə əsasən Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndində doğulmuşdur. Bu haqda doğum aktlarının qeydiyyatı kitabında 1979-cu il yanvar ayının 29-cu günündə 3 saylı aktı qeydi daxil edilmişdir. Valideynləri: atası-X5 (milliyəti azərbaycanlı), anası- X6 (milliyəti azərbaycanlı), qeydiyyat yeri-Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndi. Verilmə tarixi 29 yanvar 1979-cu il.
IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
13. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. - 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: - 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; - 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; - 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
15. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh doğum təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.
16. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması və təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.
17. Bu imtinanı mübahisələndirərkən iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə: "Doğum haqqında” akt qeydin bərpa edilməsi, və “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur.
18. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
19. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.
20. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.
21. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
22. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir.
23. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaşqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır.
24. Bununla bağlı məhkəmə hesab edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. 25.İddia tələbin hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəmə qeyd edir: 26.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”dan: - 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.
29. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. 30.Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. 31.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, İddiaçı şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnamə əsasında (xx.xx.1979cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olması, doğum faktı xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmış və xx.xx.1979-cu il tarixdə İİ-SL (СЛ) seriyalı, 279718 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı) doğum haqqında akt qeydinin soyadı: Cəlilov, adı: Qabil, ata adı: Avtandil oğlu, doğum tarixi: xx.xx.1979-cu il, doğum yeri: Ermənistan Respublikasının Amasiya Rayonunun Yeniyol kəndi; atasının soyadı: Cəlilov, atasının adı: Avtandil, atasının atasının adı: Mərdan oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Cəlilova, anasının adı: Maya, anasının atasının adı: Güləhməd qızı, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsi və İddiaçı şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnamə əsasında (xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olması, doğum faktı xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmış və xx.xx.1979-cu il tarixdə İİ-SL (СЛ) seriyalı, 279718 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı) doğum haqqında akt qeydinin soyadı: Cəlilov, adı: Qabil, ata adı: Avtandil oğlu, doğum tarixi: xx.xx.1979-cu il, doğum yeri: Ermənistan Respublikasının Amasiya Rayonunun Yeniyol kəndi; atasının soyadı: Cəlilov, atasının adı: Avtandil, atasının atasının adı: Mərdan oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Cəlilova, anasının adı: Maya, anasının atasının adı: Güləhməd qızı, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsi və İddiaçı şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva