Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1023/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14.04.2020-ci il tarixli **********968300 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 10.02.2021-ci il tarixli 2-1(112)-1023/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kameral yoxlamaya istinadən 14.04.2020-ci il tarixli **********968300 saylı qərarı əsasında İddiaçı MMC-yə 46.311,46 manat mənfəət vergisi hesablamışdır. Həmin qərar vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 131-ci, 132ci və 133-cü maddələrinə uyğun olaraq kassa metodu ilə işləyir. Şirkətin aktiv bank hesabı “xxxx” QSC-dədir. Şirkətin bütün maliyyə əməliyyatları yalnız bank vasitəsi ilə, köçürmə yolu ilə həyata keçirilmişdir. İddiaçı MMC-nin daxilolmaları və xərcləri “Yapıkredi Bank”dakı hesabı vasitəsilə həyata keçirildiyini nəzərə alaraq daxilolmaları və xərcləri aşağıdakı kimi həyata keçirilmişdir: 2019-cu ilin gəlirləri və xərcləri: Gəlir - 504.265,50, EQF-lara əsasən ölkə daxili alınmış materiallar – 266.308,18, YGB-ləri ilə alınmış materiallar – 139.084,05, Üzləmə fasad işləri EQF-lara əsasən 71.850, Əmək haqqı – 26.030, SMF-na 5.266,65, Bank xərcləri -6.862,87, cəmi xərclər - 515 401,75. Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilməsi də imperativ normadır. Vergi orqanı hansı əsasla İddiaçı MMC-yə mənfəət vergisi hesablayıb? Nədən açıqlama vermək istəmir? Nədən müəyyən etdiyi halı şirkətə bildirmədən, şirkətin mövqeyini öyrənmədən inzibati akt qəbul edir? Vergi orqanın yanlışlarına görə şirkətmi zərər görməlidir? Göründüyü kimi vergi orqanı İddiaçı MMC-nin bank hesabına daxil olan və hesabdan çıxan bütün əməliyyatlara tam rahatlıqla nəzarət edə bilir. Vergi orqanı gəlirlərinin və xərclərinin üzrə hər hansı bir əməliyyatları mübahisələndirməmişdir. Mübahisələndirmə olmadan mənfəət vergisi barədə inzibati akt qəbul etmişdir. Vergi orqanının diskresion səlahiyyətlərindən vergi qanunvericiliyinə zidd istifadə etməsi iddiaçının hüquqlarını pozmuşdur. 02.05.2020-ci il tarixdə həmin qərarın ləğv edilməsi barədə Vergilər Nazirliyinə şikayət ünvanlamışdır. Lakin şikayətlərinə baxılıb nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin 26.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etirazında göstərilmişdir ki, cavabdeh aşağıda qeyd edilən hallara əsasən iddia tələbi ilə razılaşmır. Vergi ödəyicisi tərəfindən 14.02.2020-ci il və 14.04.2020-ci il tarixlərdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş rentabellik səviyyəsinin (çəkilmiş xərclərə görə tətbiq edilmiş ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin 221.4-cü sətrində malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində ümumilikdə 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilmişdir. Qeyd edilən hallar süni yolla dövriyyənin azaldılması riskini yaradır ki, bu da, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi ödəyici tərəfindən təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin 200.1-ci və 200.2-ci sətrlərində malların təqdim edilməsindən əldə edilmiş gəlir 504.265,50 manat qeyd edilmişdir. Lakin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən elektron qaiməfaktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlirlə arasında 137.842,08 manat fərq olduğu aşkarlanmış və qeyd edilən ziddiyyətli məqamın aydınlaşdırılması məqsədilə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilməsi barədə 13.03.2020-ci il tarixli **********043000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Lakin qeyd edilən uyğunsuzluq üzrə hər hansı təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 46.311,46 manat hesablanmaqla, bu barədə vergi ödəyicisinə 02.06.2020-ci il tarixli **********161400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İşin faktiki hallarından məlum olduğu kimi vergi orqanı tərəfindən həyata keçirilən hesablamanın əsasını vergi ödəyicisi tərəfindən real dövriyyəsinin azaldılması ilə bağlı yaranan kənarlaşma təşkil etmişdir. Başqa sözlə, vergi ödəyicisi təqdim etdiyi malların dəyərini bəyannamədə yanlış əks etdirməklə, süni yolla dövriyyəsini azaltmışdır və bu səbəbdən də vergi orqanı tərəfindən haqlı olaraq əlavə hesablama həyata keçirilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 aprel 2020-ci il tarixli **********968300 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyə ünvanladığı şikayətdən görünür ki, iddiaçı onun barəsində 14.04.2020-ci il tarixli **********968300 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 13.03.2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “tərəfinizdən 25.02.2020-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərdiyiniz rentabellik səviyyənizin (çəkdiyiniz xərclərə görə tətbiq etdiyiniz ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində, ümumilikdə, 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilmişdir. Qeyd edilən hallar süni yolla dövriyyənizin azaldılması riskini yaradır ki, bu da, vergidən yayınma halı kimi qiymətləndirilir. Təqdim etdiyiniz mənfəət vergisi bəyannamənizdə real xərclərinizin və dövriyyənizin müəyyənləşdirilməsi üçün malların hərəkət cədvəllərinin, ilkin uçot sənədlərinin, mühasibat uçotu sənədlərinin, malların texniki göstəriciləri cədvəlinin, bank sənədlərinin, təhvil-təslim aktlarının, müqavilələrin, kassa mədaxil və məxaric orderlərinin, qəbzlərin, qaimələrin və digər zəruri sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Odur ki, qeyd olunan halların aradan qaldırılması məqsədilə hazırkı məktuba əlavə edilmiş formalara uyğun olaraq 2019-cu il üzrə məlumatların 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi Sizdən xahiş olunur”. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 16 aprel 2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “tərəfinizdən 14 aprel 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1 .Kassa metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), "Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (477242.23 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (267719.11 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (139083.96 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri 406803.07 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 70439.16 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2.Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfinizdən 465505.23 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (405392.2-3 manat) Vergilər Nazirliyinin məlumat bazasında olan göstəricilərin cəmindən 60113.00 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. 3.Tərəfinizdən kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 504265.50 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan 642107.58 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 642107.58 manat məbləğdən 137842.08 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1.Həmin dövr üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi. Təqdim etdiyiniz vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(molumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilərsiniz. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67, və 83 cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır”. - “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan” görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 02.06.2020-ci il tarixdə iddiaçıya göndərilmiş cavabdehin 02.06.2020-ci il tarixli **********161400 saylı elektron kameral hesablama barədə qərarı 05.06.2020-ci il tarixdə iddiaçı tərəfindən 05.06.2020-ci il tarixdə oxunmuşdur. - İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “əlavə dəyər vergisinin bəyannaməsi”ndən görünür ki, İddiaçı MMC tərəfindən 8.538,45 manat məbləğində əlavə dəyər vergisi bəyan edilmişdir. - İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “mənfəət vergisinin bəyannaməsi”ndən görünür ki, İddiaçı MMC tərəfindən 2019-cu il üçün 504.265,5 manat məbləğində ümumi gəlir, 515.401,75 manat məbləğində ümumi gəlirdən çıxılan xərclər, 11.136,25 manat məbləğində zərər bəyan edilmişdir. - İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “mənfəət vergisinin bəyannaməsinə əlavə”dən görünür ki, İddiaçı MMC tərəfindən 2019-cu il üçün cəmi aktivlər 1,000,425.52 manat məbləğində, cəmi kapital və öhdəliklər isə 1,000,425.52 məbləğində müəyyən edilmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı iş üzrə mübahisənin araşdırılan hallarından göründüyü kimi iddiaçı təşkilatda cavabdeh orqanın keçirdiyi kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 14.02.2020-ci il və 14.04.2020-ci il tarixlərdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş rentabellik səviyyəsinin (çəkilmiş xərclərə görə tətbiq edilmiş ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin 221.4-cü sətrində malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində ümumilikdə 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilərək vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Bununla baglı vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktubunda qeyd edildiyi kimi ödəyici tərəfindən təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin 200.1-ci və 200.2-ci sətrlərində malların təqdim edilməsindən əldə edilmiş gəlir 504.265,50 manat qeyd edilmiş, lakin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlirlə arasında 137.842,08 manat fərq olduğu aşkarlanmış və qeyd edilən ziddiyyətli məqamın aydınlaşdırılması məqsədilə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilməsi barədə 13.03.2020-ci il tarixli **********043000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Lakin qeyd edilən uyğunsuzluq üzrə hər hansı təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 46.311,46 manat hesablanmaqla, bu barədə vergi ödəyicisinə 02.06.2020-ci il tarixli **********161400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Beləliklə də vergi orqanı tərəfindən həyata keçirilən hesablamanın əsasını vergi ödəyicisi tərəfindən real dövriyyəsinin azaldılması ilə bağlı yaranan kənarlaşma təşkil etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 2019-cu ili üzrə aparılmış hesablama qanunauyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur:
1. bu Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 76.1. Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir. 76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. 76.2. Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilərək kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi ilə məhdudlaşdırılmışdır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş cavabdehin 02.06.2020-ci il tarixli, **********968300 saylı qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan iddiaçı mübahisələndirilən qərarın aid edildiyi dövrdə, yəni 2019-cu ildə Vergi Məcəlləsinin 130.4-cü maddəsində nəzərdə tutulmuş kassa metodu ilə işləmişdir. Məcəlləyə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Kassa metodunu tətbiq edən vergi ödəyicisi tərəfindən mal və xidmətlərə görə ödənişi hələ əldə etməyibsə, o zaman vergitutma obyekti yaranmır. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Qeyd olunan müddəalara əsasən gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan müəssisə tərəfindən hesabat ili ərzində əldə etdiyi gəlirdən həmin hesabat ilində çəkilən və gəlirin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Lakin işin hallarından göründüyü kimi cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”ndə malların təqdim edilməsindən əldə edilmiş gəlirin 504.265,50 manat qeyd edildiyini, hesabat dövrü ərzində isə vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlirin əldə edildiyi, nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlirlə arasında 137.842,08 manat fərqin olduğu müəyyən edərək əsassız olaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə istinadən iddiaçıya kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 46.311,46 manat mənfəət vergisi hesablamışdır. Halbuki vergi ödəyicisinin 2019-cu il ərzində həmin dəyərdə xidmət göstərilməsinə baxmayaraq, əgər bu xidmətə görə şirkətin bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi qanunvericiliyinin yuxarıda göstərildiyi müddəalarına görə heç bir gəlir vergisi ödəməməlidir. Çünki, müəssisənin mövcud olduğu və fəaliyyət göstərdiyi müddət ərzində pul daxilolmalarının hamısı gəlirlər, bütün ödənişlər isə xərclərdir. Məcəllənin 131-ci maddəsində göstərilib ki, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Bu vəziyyətdə, eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır. Kassa prinsipi: əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara ödənildikcə nəzərə alınır. Məcəllənin 76-cı maddəsinin tələblərinə əsasən vergi orqanı kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir. Bununla da vergi orqanı iddiaçının gəlir və xərcləri barədə məlumatı asanlıqla əldə edə və ona uyğun vergi hesablaya bilər. Lakin buna baxmayaraq, vergi orqanı iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədə xərclərin gəlirlərdən az olmasına istinad edərək, bunu iddiaçının vergi ödəməkdən yayınması halı kimi qiymətləndirərək, sözügedən qərarla ona əlavə mənfəət vergisi hesablamışdır. Halbuki, vergi orqanı kassa metoduna, yəni Vergi Məcəlləsinin 132-ci və 133-cü maddələrinə əsasən iddiaçının hər hansı gəlirini bəyan etməməsinə və ya xərcini artırmasına istinad etməmişdir. Həmin halların mövcud olması barədə sübutun məhkəməyə təqdim edilməsi cavabdehdən tələb olunsa da, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA