Məhkəmə qərarları › İş №2-1(112)-1023/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1023/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1023/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X3) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə iddiaçıya çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X3 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 161 saylı qərarı əsasında iddiaçıya Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və bələdiyyənin hesabına iddiaçı tərəfindən ******* manat pul köçürülmüşdür. Bələdiyyənin müvafiq arayışı bunu təsdiq edir və bələdiyyənin qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, bələdiyyənin müvafiq qərarı səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. İddiaçı 21 ildir ki, torpağa faktiki sahiblik edir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X4 Şirkətinin) ərazisidir, işlək neft quyusu məlumatı var. Sahəyə ********** nömrəsi ilə X2 müraciəti daxil olmuşdur. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd edilməmiş, ümumiyətlə cizginin göstərilən sahəyə aidiyyəti yoxdur. Sərhədlər şərti olmaqla ümumi ərazi daxilində yerləşir. Cizgisində bələdiyyə qərarına istinad olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin fatiki ölçüsü 664 kv.m təşkil edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X6” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsinin 93 və 117 metrlik məsafəsində 230838 və 232324 nömrəli işlək və fəaliyyətsiz fonda olan (işlək vəziyyətə gətirilməsi ehtimalı olan) neft-qaz quyuları mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmə sorğusu əsasında Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş Binəqədi qəsəbə bələdiyyəsinin 161 nömrəli xx.xx.2003-cü il tarixli qərarı Milli Arxiv İdarəsinin Bakı ərazi filialına müraciət etməklə əldə oluna bilər. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda sözügedən qərarın təqdim edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 161 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə edilmiş cizgi sənədi məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 161 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır. İddia ərizəsinə torpaqların alqı-satqısına dair aktın surəti əlavə edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş AİTseriyalı, 407358 nömrəli, 02.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı torpağın alqı-satqısı üçün bələdiyyəyə ******* manat məbləğində pul ödəmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktub ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 300 kv.m olsa da, faktiki olaraq 664 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X4 Şirkətinin) ərazisidir, işlək neft quyusu məlumatı var. X1 müraciəti daxil olmuşdur. Bundan əlavə əvvəlki müraciət zamanı təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd edilməmişdir. Ümumiyətlə cizginin göstərilən sahəyə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 664 kv.m təşkil edir (364 kv.m artıqdır). Torpaq sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və dəqiq istinad və məsafələr qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahənin təqribən 93 m, 115 m yaxınlığında işlək, təqribən 100 m, 121 m, 138 m yaxınlığında işlək olmayan neft quyusu məlumatları mövcuddur. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə bazada məlumat aşkar olunmadı. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3573 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsi Bakı şəhəri Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 fevral 2003-cü il tarixli, 161 saylı qərarına əsasən ona ayrılmış torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Belə ki, sənəd üzrə iddiaçıya ayrılan torpaq sahəsi 300 kv.m olsa da, iddia etdiyi torpaq sahəsi 664 kv.m-dir. Həmçinin, bələdiyyənin müvafiq qərarına əlavə olunmuş torpaq sahəsinin sxemində perimetrik ölçülər, tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar qeyd olunmadığından, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, naturada iddia etdiyi torpaq sahəsi ilə eyni olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçının naturada iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olan (Binəqədi Oil) ərazidə yerləşməklə dövlət mülkiyyətindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 161 nömrəli xx.xx.2003-cü il tarixli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 kv.metr torpaq sahəsinin ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının və etirazının əsasını o təşkil etmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X4 Şirkətinin) ərazisidir, işlək neft quyusu məlumatı var. Sahəyə ********** nömrəsi ilə üçüncü şəxsin müraciəti daxil olmuşdur. Təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd edilməmiş, ümumiyətlə cizginin göstərilən sahəyə aidiyyəti yoxdur. Sərhədlər şərti olmaqla ümumi ərazi daxilində yerləşir. Cizgisində bələdiyyə qərarına istinad olunmamışdır. Torpaq sahəsinin fatiki ölçüsü 664 kv.m təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyi bələdiyyələrin səalhiyyətlərinə aid etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsi Bakı şəhəri Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 fevral 2003cü il tarixli, 161 saylı qərarına əsasən ona ayrılmış torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Eyni zamanda, iddia edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X4 Şirkətinin) ərazisidir. Həmçinin, sahənin təqribən 93 m, 115 m yaxınlığında işlək, təqribən 100 m, 121 m, 138 m yaxınlığında işlək olmayan neft quyusu məlumatları mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyular arasındakı minimum məsafə 75 metr, ictimai binalarla (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 125 metr, sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları ilə 25 metr müəyyən olunmuşdur. Həmin Qərara əsasən, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasındakı minimum məsafə 150 metr, ictimai binalarla (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 250 metr, sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları ilə 50 metr müəyyən olunmuşdur. Göründüyü kimi torpaq sahəsi iddiaçıya bələdiyyə tərəfindən 2003-cü ildə ayrılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "X6" şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Həmçinin, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X6" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən ərazi artıq neft şirkətinin istifadəsinə verilmiş əraziyə aid olmuşdur. Qeyd olunan halların tam və obyektiv aydınlaşdırılması üçün məhkəmə tərəfindən mühəndis texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3573 nömrəli ekspert rəyində iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinin Bakı şəhəri Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 fevral 2003-cü il tarixli, 161 saylı qərarına əsasən ona ayrılmış torpaq sahəsi ilə uyğunluq təşkil etmədiyi, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olan (Binəqədi Oil) ərazidə yerləşməklə dövlət mülkiyyətində olduğu bildirilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisində yerləşən 300 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar