Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10237/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx xxx 1961-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 14 avqust 1978-ci ildən başlamışdır. Əmək fəaliyyəti dövründə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmışdır. 2023-cü ildə güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli imtina verilmişdir. Təqdim etdiyi arayışda briqadir vəzifəsində işlədiyi qeyd edilsə də, o, da digər rəngsazlar kimi fəaliyyət göstərmişdir. Briqadir təyin olunmağı onu hər hansı işin görülməsindən azad etməmişdir. Qeyd etdiyi dövrlərdə ona güzəştli şərtlərlə pensiya təyin olunmasına əsas verən işlərdə işləmişdir və müvafiq hüququ yaranmışdır. Ona görə də cavabdehin imtinasını düzgün hesab etmir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM-nin) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.2007 – xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Metalkonstruksiya sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00111 nömrəli arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Eyni zamanda iddiaçının Mərkəzi Filiala təqdim etiyi "xxxx" MMC-nin 14 dekabr 2022-ci il tarixli, HR- 2022/BOS/GHA/R-00456 nömrəli arayışında onun xx.xx.2013 – xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə metal konstruksiyaların rəglənməsi üzrə briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi həmin vəzifə müvafiq siyahıda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 15 gün (xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. 16 iyun 1990-cı ildə verilmiş UV-İ seriyalı 107255 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1985-ci ildə Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuş 1990-cı ildə həmin institutda “Maşınqayırma texnologiyası metalkəsən dəzghlar və alətlər” ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1978-ci ildə doldurulmuş ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı: xx.xx.1978-ci ildə “Bakıxüsusicihaztəmirtikinti” Tikinti İdarəsinin Qaradağ sahəsinə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə ona ikinci dərəcə dülgərlik dərəcəsi təhkim olunmuş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir; xx.xx.1979-cu ildə “Bakıxüsusicihaztəmirtikinti” Tikinti İdarəsinin Qaradağ sahəsinə ikinci dərəcəli dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir; xx.xx.1982-ci ildə “Bakıxüsusicihaztəmirtikinti” Tikinti İdarəsinin Mexanizasiya sahəsinə 3-cü dərəcəli sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə işdən azad olunmuşdur. xx.xx.1982-ci ildə Azərbaycan Dəmir Yolları Bakı şöbəsinin Qaradağ stansiyasına minik avtomobilinə sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir xx.xx.1982-ci ildə Azərbaycan SSR SənayeTikinti Nazirliyinin “Avtoekspedisiya” Trestinin 6 saylı Qaradağ ərazi-nəqliyyat kontoruna 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə X5 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildən yenidən qaraja mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1985-ci ildə “Belqorod” Texnoloji İnstitutuna əyani tələbələr siyahısına daxil edilmişdir. xx.xx.1987-ci ildə Bakı Stasionar Dərinlik X3 avadanlığın təmiri sahəsində usta vəzifəsinə təyin olunmuş; xx.xx.1989-cu ildə həmin yerdə mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1990-cı ildə Texnoloji Avadanlığın Təmiri sahəsinə mexanik vəzifəsinə qəbul edilmiş . xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1990-cı ildə “Azneftmaş” EİB “Volodarskiy” maşınqayırma zavoduna bölmə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1992-ci ildə “Eskulap” FKÇM baş mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1992-ci ildə Bakı şəhəri Qaradağ RXTŞ 253 saylı məktəbə hərbi rəhbər təyin edilmişdir. xx.xx.2002-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2002-ci ildə 3 ay müddətinə 4 nömrəli sexə 10-cu dərəcəli usta işinə təyin olunmuşdur. xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü ildə Mexaniki təmir sexinə 10-cu dərəcəli usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə tutduğu vəzifəddən azad edilmişdir. xx.xx.2004-cü ildə PCH OFF shore PTY LTD şirkətinə rəngsaz vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə tutduğu vəzfədən azad edilmişdir. xx.xx.2007-ci ildə Metal konstruksiyaların rəngləmə sexinə 4-cü dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu ildə 12-ci dərəcəli usta vəzifəsinə keçirilib. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2013-cü ildə metal konstruksiyalarının rənglənməsi üzrə briqadir vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci ildə metal konstruksiyalarının rənglənməsi üzrə briqadir vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci ildə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli HR-2022/BOS/GHAR/R- 00/456 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı BOS Şelf MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Metal konstruksiyaların rənglənməsi üzrə briqadir peşəsində işləmişdir. "xxxx" MMC xx.xx.2001ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00111 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən usta vəzifəsində: Bakı stasionar dərinlik X3 avadanlıqların təmiri sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 369/K saylı əmr) xx.xx.1989-cu il tarixinədək (xx.xx.1989-cu il tarixli 355/K saylı əmr); "Şelflayihətikinti” LSTB-nin Ehtiyyat hissələri, Qeyri Standart avadanlıqlar və Xalq istehlakı malları istehsalı zavodunun Texnoloji avadanlıqların təmiri sahəsində xx.xx.1990cı il tarixindən (xx.xx.1990-cı il tarixli 13/K saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 13/K saylı əmr); “Şelflayihətikinti” İB-nin Bakı dərin özüllər zavodunun 4 nömrəli sexində xx.xx.2002ci il tarixindən (xx.xx.2002-ci il tarixli 43/K saylı əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il tarixli 33/K saylı əmr); Bakı dərin özüllər zavodunun Mexaniki Təmir sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003-cü il tarixli 31/K-2 saylı əmr) xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli 16/K saylı əmr); Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Metalkonstruksiyaların rənglənməsi sexində xx.xx.2009-cu il tarixindən (xx.xx.2009-cu il tarixli 171/K saylı əmr) xx.xx.2013-cü il tarixinədək (xx.xx.2013-cü il tarixli 40/K saylı əmr) işləmişdir. işlədiyi vəzifə üzrə iş stajı 07 il 3 ay 15 gün. işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlıqların təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdırilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığı gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri: vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndində göstərilən tikinti və quraşdırma işləri üzrə usta vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Metalkonstruksiyaların rənglənməsi sexində xx.xx.2007-ci il tarixindən (xx.xx.2007-ci il tarixli 229/K saylı əmr) xx.xx.2009-cu il tarixinədək (xx.xx.2009-cu il tarixli 171/K saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 01 il 11 ay 04 gün İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda rəng püskürdücü avadanlıqlar, müxtəlif növ fırçalar vasitəsi ilə aseton və digər həlledici materiallar tətbig etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın 35-ci bölməsində “rəngsaz“ peşə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-8-107/2023 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı zavodun Metalkonstruksiyalarının rənglənməsi sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci Ümumi peşələr bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğunluq təşkil edir. Belə ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədən işlədiyi dövrdə “astar boyalarla” işləmiş, həmin boyaların tərkibində “toluol” maddəsi mövcud olmuşdur. Həmin maddənin təhlükəlilik dərəcəsi isə ГОСТ 12,1005-88 “İşçi zonasına olan ümumi sanitar-gigyenik tələblər” SSRİ dövlət standartlarından çıxarışın 54cü sıra nömrəsində 3-cü sinfə aid edilmişdir. Həmçinin xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “İş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli”ndə də zərəli maddə kimi toluol maddəsinin işlədildiyi öz əksini tapmışdır. İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b” yarımbəndində verilmiş “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsinə uyğunluq təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli C-2023/BOSS/BAC/GHA/L- 792 №li məktubda göstərilmişdir İddiaçı BOS Şelf MMC-də “Rəngsaz” vəzifəsində çalışmamışdır. Onun işlədiyi “Metal Konstruksiyaların rənglənməsi üzrə Briqadir” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə öz əksini tapmadığından İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmamışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 3-17-1/2-C-91823/2023 saylı 27 aprel 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim olunmuş sənədlərdə xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun “Metalkonstruksiya” sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin ona dair xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00111 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Eynu zamanda Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 14 dekabr 2022-ci il tarixli HR-2022/BOS/GHAR/R-00/456 nömrəli arayışında onun xx.xx.2013-xx.xx.2022-ci il tarixləri tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə metal konstruksiyalarn rənglənməsi üzrə briqdir vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda göstərilən Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 15 gün (xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası, hərbi bileti və diplomu ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçıya işlədiyi peşələrə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin üçüncü şərtinə (12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır) əməl olunmamışdır. Belə ki, iddiaçının xüsusi iş stajı aşağıda qeyd olunan müddətlərdə müəyyən olunmuşdur: xx.xx.1987-ci il tarixindən - xx.xx.1989-cu il tarixinədək; xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək; xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək; xx.xx.2003-cü il tarixindən - xx.xx.2004-cü il tarixinədək; xx.xx.2009-cu il tarixindən xx.xx.2013-cü il tarixinədək (cəmi 07 il 3 ay 15 gün); xx.xx.2007-ci il tarixindən xx.xx.2009cu il tarixinədək (01 il 11 ay 04 gün). Ümumilikdə 09 il 2 ay 19 gün. İddiaçının qeyd olunan illərdə işlədiyi peşələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri: vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndində göstərilən tikinti və quraşdırma işləri üzrə “usta” və 35-ci bölməsində göstərilən “rəngsaz“ peşə və vəzifə kodlarındada müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev.
Məhkəmə qərarları › İş №2-1(112)-10237/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10237/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver