Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1024/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük orqanı qarşısında öhdəliklərin icrası üçün ƏDV depozit hesabından ödənişlərin götürülməsi və MMC-dən ayrıca vəsait şəklində tələb edilməməsi” tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin gömrük orqanları qarşısında öhdəliklərinin icrasının həmin MMC-nin ƏDV depozit hesabına yönəldilməsinin mümkünlüyü nəzərə alınmaqla, İddiaçı MMC-nin ƏDV depozit hesabından həmin vəsaitin götürülməsi və MMC-dən gömrük ödənişlərinin ayrıca vəsait şəklində tələb edilməsinin Dövlət Gömrük Komitəsinə qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alındığı tarixdən sonra "İddiaçı" MMC fəaliyyət göstərməyə başlamış və mütəmadi olaraq dövlət büdcəsinə ödəmələr etmişdir. Lakin artıq uzun müddətdir ki, heç bir səbəb olmadan, "İddiaçı" MMCnin ƏDV depozit hesabına keçmiş Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) tərəfindən məhdudiyyət qoyulmuşdur. Nəticə də isə "İddiaçı" MMC digət təşkilatlar qarşısında, o cümlədən Dövlət Gömrük Komitəsi qarşısında öhdəliklərini icra edə bilməmişdir. Ən anlaşılmaz olan isə odur ki, bu qeyri-qanuni məhdudiyyəti vergi orqanının əməkdaşları şifahi olaraq təsdiq edir və gömrük orqanının əməkdaşlarına qeyri- rəsmi formada bildirirlər. Lakin buna baxmayaraq, gömrük orqanı rüsumların ödənilməsini tələb edir. Göründüyü kimi, "İddiaçı" MMC-nin ƏDV depozit hesabında vəsait ola- ola dövlət rüsumlarını ödəyə bilmir. Belə olan halda hesab edir ki, Dövlət Gömrük Komitəsi özü dövlət təşkilatı olduğundan, "İddiaçı" MMC-nin ƏDV depozit hesabmda həmin vəsaiti götürməli və MMC-dən ayrıca tələb etməməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Gömrük Məcəlləsinin 239.1 -ci maddəsinə əsasən idxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; Eyni zamanda Gömrük Məcəlləsinin 239.3-cü maddəsinə əsasən həmin Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər: 239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsində (gömrük borclarının alınması və məsuliyyət tədbirləri) gömrük orqanları qarşısında öhdəliyi olan şəxslərin ödənilməmiş gömrük borclarına görə məsuliyyət tədbirlərini müəyyən edir. Belə ki, həmin Məcəllənin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin Məcəllənin 249.3-cü maddəsinin tələblərinə görə isə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Eyni zamanda məlumat üçün bildiririk ki, Gömrük Məcəlləsinin 249.4-cü maddəsinə görə qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi İddiaçı MMC-nin hüquqi mübahisəsi vergi orqanları ilə münasibətdə yaranmışdır və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı MMC-nin gömrük orqanları qarşısında yaranmış öhdəliyi ilə bağlı gömrük borcunu tələb etməkdə haqlıdır. İddiaçı MMC-nin vergi orqanı tərəfindən məhdudiyyət qoyulmuş ƏDV depozit hesabından iddiaçının gömrük orqanları qarşısında yaranmış öhdəliyi ilə bağlı gömrük borcu üzrə vəsaitin götürülməsi iddiaçının şəxsi mülahizəsinə görə mümkündür, halbuki qanunvericiliyin tələbləri iddiaçı və cavabdeh arasındakı şəxsi mülahizələr əsasında müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Buna görə də iddia rədd edilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə iddiaçıya məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati iş üzrə məhkəmə icraatı zamanı iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və öz tələbini əsaslandıran dəlillər təqdim etməmişdir. İddia tələbinın məzmunundan aydın görünür ki, iddiaçının ƏDV depozit hesablarına müvafiq vergi orqanı tərəfindən məhdudiyyət qoyulmuş və bunun nəticəsində iddiaçı hazırki cavabdeh Dövlət Gömrük Komitəsinin qarşısında öhdəliklərini icra edə bilmir. Hazırki iddia ilə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmasını xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbinin əsasında duran hal odur ki, Dövlət Gömrük Komitəsi özü dövlət təşkilatı olduğu üçün MMC-nin ƏDV depozit hesabından dövlət rüsumunu özü götürməli, MMC-dən ayrıca tələb etməməlidir. Məhkəmə iddiaçının bu tələbini əsassız sayır. Belə ki, iddiaçının tələbindən də göründüyü kimi ƏDV depozit hesabına məhdudiyyəti digər bir inzibati orqan Vergi orqanı tətbiq etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 65.2.3-1-ci maddəsinə əsasən Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. - 65.2.3-2-ci maddəsinə əsasən Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. - 65.2.3-3-cü maddəsinə əsasən Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir. Yuxarıdakı qanunvericlik normalarından göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış və vergi ödəyicisi tərəfindən ödənilməmiş vergi borcu ilə bağlı olaraq vergi orqanlarının digər tədbirlər kimi vergi ödəyicisinin ƏDV depozit hesabına müvafiq məhdudiyyət qoyması qanunvericiliklə nəzərdə tutulmuşdur. Dövlət Gömrük Komitəsi isə ayrıca inzibati orqan olmaqla, müvafiq qanunveriliklə tənzimlənən funksiyalara, hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 239.1 -ci maddəsinə əsasən idxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; -239.3-cü maddəsinə əsasən həmin Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər: 239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsində (gömrük borclarının alınması və məsuliyyət tədbirləri) gömrük orqanları qarşısında öhdəliyi olan şəxslərin ödənilməmiş gömrük borclarına görə məsuliyyət tədbirlərini müəyyən edir. - 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. - 249.3-cü maddəsinin tələblərinə görə isə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə görə qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Beləliklə, MMC-nin vergi borcu və gömrük borclarına görə müvafiq ayrı-ayrı qanunverilik aktlarında tədbirlər nəzərdə tutulmuşdur. İddiaçı MMC-nin qeyd etdiyi kimi vergi orqanı tərəfindən məhdudiyyət qoyulmuş ƏDV depozit hesabından iddiaçının gömrük orqanları qarşısında yaranmış öhdəliyi ilə bağlı gömrük borcu üzrə vəsaitin götürülməsi nə vergi, nə də ki gömrük qanunvericiliyi normaları ilə tənzimlənmir. Bununla da, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı MMC-nin gömrük orqanları qarşısında yaranmış öhdəliyi ilə bağlı gömrük borcunu tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd deyildir, iddiaçının hüquqlarınınn pozulmasına səbəb olan hal kimi qiymətləndirmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük orqanı qarşısında öhdəliklərin icrası üçün ƏDV depozit hesabından ödənişlərin götürülməsi və MMC-dən ayrıca vəsait şəklində tələb edilməməsi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük orqanı qarşısında öhdəliklərin icrası üçün ƏDV depozit hesabından ödənişlərin götürülməsi və MMC-dən ayrıca vəsait şəklində tələb edilməməsi ”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1024/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1024/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver