Məhkəmə qərarları › İş №2-1(112)-1024/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1024/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1024/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) “çıxarışın verilməsi” tələbinə tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 10 oktyabr 1996-cı il tarixli 1889 nömrəli Sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 N-li binanın həyətində qaz kontoruna bitişik 15kv.m-lik boş qeyri yaşayış sahəsi İddiaçı icarəyə verilmiş, sərəncama uyğun olaraq rayon MTB-yi ilə xx.xx.1996-cı il tarixli 297-saylı icarə müqaviləsi bağlanmış, xx.xx.1977-ci il tarixli inventar N-si 780 olan qaraj sahəsi kimi AR Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən texniki passport verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 26 ildir ki, mübahisəsiz qaydada qanunvericiliyə uyğun olaraq iddiaçının faktiki mülkiyyətində və özü ilə ailəsinin faktiki istifadəsində olduğundan o, sözügedən qeyriyaşayış sahəsinə dair mülkiyyətçi kimi çıxarışın və zəruri sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) iddiaçının yuxarıda qeyd olunan müraciətini təmin etməmiş, həmin müraciətlə bağlı cavab məktubunda qanunvericiliyin normaları barədə ümumi məlumatları qeyd etməklə kifayətlənmiş və iddiaçıya ünvanladığı 22.07,2022-ci il tarixli, **********48 nömrəli məktubunda mövqe olaraq qeyd etmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununun 8.0.1-ci maddəsinə əsasən “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, İcarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reestrində qeydiyyata alınması üçün əsas hesab olunur”. Eyni zamanda qeyd olunan qanunun 15-ci maddəsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatında imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8687/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya **********48 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməklə, mağaza kimi istifadə olunur. Həmçinin, qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir: “ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyiniz məqsədə müvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.”; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir: “Yaşadığınız binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 28 aprel 2022-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciətinizdə qeyd edilmiş qeyri- yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət daxil olmamışdır. Bildiririk ki, sözügedən qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin əsilləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X6 küçəsi 20) təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd edilmiş məsələnin həllinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.” - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-2F/2-03080/2023 nömrəli məktubu ilə Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli 1889 saylı sərəncamın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir; - Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1889 saylı sərəncamın surətindən görünür ki, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi heç bir əlavə tikinti etməmək şərti ilə təsərrüfat məqsədilə istifadə etmək üçün həmin həyətdə yaşayan İddiaçı icarəyə verilmişdir; - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə İddiaçı adına 14.4 kv.m qaraja dair Texniki Pasport tərtib edilmişdir; - Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında bağlanılmış 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqavilənin surətindən görünür ki, Azərbaycan döngəsi 5 nömrəli binanın ümumi sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə İddiaçı icarəyə verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və iş üzrə icraat materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyiniz məqsədə müvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı etiraz məktubunda isə qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya **********48 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməklə, mağaza kimi istifadə olunur. Həmçinin, qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin mübahisəli daşınmaz əmlaka dair imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddələrinin tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanı qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsində öz iradə ifadəsini nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verildiyi tarixdə icra hakimiyyətinin başçısı vətəndaş ilə icarə müqaviləsi bağlamaq səlahiyyətinə malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinin q) hissəsinə əsasən icra hakimiyyətinin başçısı hüquqi şəxslərlə və vətəndaşlarla icarə müqavilələri və digər təsərrüfat müqavilələri bağlamaq səlahiyyətinə malik olmuşdur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktların tələbləri bilavasitə vətəndaşlar ilə icarə müqaviləsinin bağlanılması səlahiyyətini icra hakimiyyətinin başçısının səlahiyyətlərinə aid etməsini təsbit etmişdir. Məhkəmə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ölçüsü ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə İddiaçı adına tərtib edilmiş Texniki Pasportda qeyri-yaşayış sahəsinin (qarajın) ümumi ölçüsü 14.4 kv.m göstərilmişdir. Həmçinin, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində qeyri-yaşayış sahəsinin ölçüsünü 14.4 kv.m kimi qeyd etmişdir. İş materiallarından və işin məhkəmə araşdırılmasından müəyyən edilir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan birini (icra hakimiyyətinin sərəncamını) təqdim etmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmin Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından görünür ki, cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirir. Cavabdehin imtina məktubunda ərizəyə müvafiq sənədlərin əlavə edilmədiyi göstərildiyi halda, konkret olaraq həmin sənədlərin adları göstərilməmiş, təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət etmədiyi isə açıqlanmamışdır. Halbuki, cavabdeh inzibati orqan müraciətin həll olunması məqsədi ilə zəruri olan sənədlərin əhatə dairəsini göstərərək, iddiaçıya yardım etmək səlahiyyətinə malik idi. Bundan, başqa məhkəmə qeyd edir ki, hətta imtina məktubunda zəruri olan sənədlərin əhatə dairəsi göstərilsə idi belə, cavabdehin imtinası qanunazidd olmuşdur. Belə ki, iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi qeyri-yaşayış sahəsinə istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq yerli icra hakimiyyətinin sərəncamı və aidiyyəti digər sənədlərlə də rəsmiləşdirilmişdir. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş səlahiyyətli şəxs tərəfindən verilmiş sərəncama, qeyri-yaşayış sahəsi ilə bağlı hüquqa iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, icra hakimiyyəti dövlət orqanı qismində çıxış edərək qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsini öz iradə ifadəsi ilə nümayiş etdirmiş, bununla da iddiaçı dövlət orqanının hərəkətlərinə etimad göstərərək qeyri-yaşayış sahəsinin ona məxsus olduğu və gələcəkdə həmin əmlak üzərində mülkiyyət hüquqlarının reallaşdırmaq hüququna nail ola biləcəyi qənaətinə gəlmişdir. Beləliklə, iddiaçı yerli icra hakimiyyəti orqanının sərəncamına istinad edərək cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdehin imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə həmçinin, cavabdehin sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməsi dəlili ilə bağlı bildirir ki, cavabdehin özünün xx.xx.1997-ci il tarixli tərtib etdiyi texniki pasprtdan da görünür ki, həmin daşınmaz əmlak 14.4 kv m. təşkil edir və ölçülərin nəzərdə tutulmuş sənəddən az olması mülkiyəy hüquqnunun qeydə alınmasında imtina üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə qeyd edir ki, cavadeh inzibati orqanın bu hissədə gətirdiyi dəlillər əsassıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. (-) Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirində ...torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi..., torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, ... torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), ... torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X4 Kitabında uçota alındığı nömrə və tarix ... göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Beləliklə, sözügedən qeyri-yaşayış sahəsinə dair qanunvericliklə təsbit olunan mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənədlər mövcud olduğundan, yəni sərəncam, müqavilə və s. sənədlər hazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən, həmçinin qeyri-yaşayış sahəsi hazırda onun istifadəsində olduğundan, onun mülkiyyətə gözlənti və qanunla qorunan etimad hüququ mövcud olduğundan iddia təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar