Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10246/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.2005-ci il tarixli 02/522 qərarı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində sahə 5, yer 51-də mərhum əri X3 fərdi mənzil tikintisi üçün 1200 kv. metr hesabı ilə ayrılmış həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınaraq, bu barədə dövlət reyestrindən onun adına elektron çıxarış (arayış) tərtib edilməsi (verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.2005-ci il tarixli 02/522 saylı Qərarı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində sahə 5, yer 51 mərhum əri X3 fərdi mənzil tikintisi üçün 1200 kv. metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Mərhum əri X5 20 fevral 2009-cu il tarixində vəfat etmiş və bu barədə 17 mart 2009-cu il tarixli AZ-İ 336673 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 10 saylı notariat ofisində vərəsəlik işi açılmış, o, mərhum ərinin vərəsəsi qismində tanınmışdır və ona 2011ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanlara, əlavə edilmiş sənədlərə əsasən Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.2005-ci il tarixli 02/522 qərarı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində sahə 5, yer 51-də mərhum əri X3 fərdi mənzil tikintisi üçün 1200 kv. metr hesabı ilə ayrılmış həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınaraq, bu barədə dövlət reyestrindən onun adına elektron çıxarış (arayış) tərtib edilməsinə dair göstəriş verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də İdarə xx.xx.2022-ci il tarixli məktubla tələbini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə daxil olmuş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********79 № li xx.xx.2022-ci il tarixli iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə ********** daxilolma nömrəli, xx.xx.2017-ci il, ********** daxilolma nömrəli, xx.xx.2022-ci il və ********** daxilolma nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qərarı 2001-ci il yanvarın 1-dən sonra qəbul edilmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən edən sənəd təqdim edilməyib. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Maştağa Tərəvəzçiliksüdçülük sovxozunun ərazisində yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********884 daxilolma, xx.xx.2018-ci il, **********23 saylı, xx.xx.2022-ci il tarixli və **********47 daxilolma nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil şifahi məhkəmə baxışı iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı-xx.xx.1968-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1989-cu il tarixdə Bakı şəhər “Səadət” sarayı tərəfindən verilmiş İV ЖГ seriyalı 498524 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X4 22 yanvar 1989-cu ildə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 1989-cu ilin yanvar ayının 22-ci günündə 524 nömrə ilə qeyd olunmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli 02/522 №-li qərarından çıxarışdan görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarı rəhbər tutularaq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması nəzərə alınmaqla, Bakı şəhər İcra Hakimiyyətinin baş planına uyğun olaraq fədi yaşayış evi tikintisi üçün X3 Nardaran qəsəbəsi, Sahə 5, yer 51 ünvanında 1200 kv. metr hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 336673 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 20 fevral 2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin mart ayının 17-ci günündə 264 nömrəsi ilə qeyd edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********47 №li xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında məktubundan görünür ki, müraciətçiyə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, 50 və 51-də yerləşən 1200 kv. metr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli təkrar müraciətlərinə tərəflərindən baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2022-ci il tarixli **********23 nömrəli məktubla cavab verilmişdir.Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-01942-2022 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhər X9 İcraiyyə Komitəsinin “Bakı şəhərində fərdi yaşayış evlərinin inşa edilməsi üçün torpaq sahəsinin istifadəyə ayrılması haqqında” 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarının surətindən görünür ki, qeyd olunan qərarla Bakı şəhərinin digər inzibati əraziləri ilə yanaşı keçmiş Lenin (hazırda Sabunçu rayon) ərazisində Rayon İcraiyyə Komitələrinə yaşayış evlərinin və təsərrüfat obyektlərinin inşası, mövcud yaşayış evlərinin tamamlanması və onlara əlavələrin edilməsi, həmçinin istismar müddəti bitmiş yaşayış evlərinin yerində yeni evlərin inşası üçün Bakı şəhər Soveti İK ilə razılaşdırmaqla vətəndaşlara icazə verilməsi hüququ verilmiş və bununla bağlı fərdi yaşayış evlərinin tikintisi üçün ayrılacaq torpaq sahələrinin ölçülərinin müəyyən edilməsi həvalə edilmişdir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.1-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktları müəyyən olunmuşdur. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. İşin araşdırılan hallarından görünür ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən iddiaçının adına xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilsə də, qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazilər vətəndaşlara fərdi yaşayış evlərinin inşası və s. üçün Bakı şəhər X9 İcraiyyə Komitəsinin 1989-cu ilin 27 yanvarında, yəni Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş orqan tərəfindən, siyahıda müəyyən edilmiş dövrdə ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdaudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. “Axverdiyev Azərbaycana qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi mərhum X3 qanuni əsaslarla ayrılmışdır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsi Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Lakin cavabdeh inzibati orqan tərəfindən işin qeyd olunan halları nəzərə alınmadan iddiaçının müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qüvvədə olan qanunvericiliyin tələblərini işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının müraciətindən imtina olunarkən qanunvericilikdə müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, imtina məktubunda yalnız formal mülahizələrə istinad olunmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli 02/522 №-li qərarı ilə İddiaçı mərhum əri X3 Bakı şəhəri Nardaran qəsəbəsi, sahə 5, yer 51 ünvanında ayrılmış 1200 kv. metr metrdən ibarət torpaq sahəsinin İddiaçı mərhum əri X1 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli 02/522 №-li qərarı ilə İddiaçı mərhum əri X3 Bakı şəhəri Nardaran qəsəbəsi, sahə 5, yer 51 ünvanında ayrılmış 1200 kv. metr metrdən ibarət torpaq sahəsinin İddiaçı mərhum əri X1 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10246/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10246/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver