Məhkəmə qərarları › İş №2-1(112)-10246/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10246/2025

11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10246/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının qanuni nümayəndəsi İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı1 ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, qızı İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 anası X1 qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün müraciətin müsbət həlli Komitənin imkanı xaricindədir. Bundan sonra İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008-ci ildə anadan olmuş İddiaçı2 məcburi köçkün statusu və vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.1973-cü ildə Cəbrayıl rayon Nüzgar kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 15 mart 1992-ci ildən 08 iyul 1996-cı il tarixə kimi Cəbrayıl, Ağdam və Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl rayonun məlum işğalından və hərbi xidmətdən təxris olunduqdan sonra məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu ərazisində məskunlaşmışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli sərəncamı ilə xx xxxx 2008-ci ildə anadan olmuş İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Məcburi köçkün statusu var, müvafiq yemək xərci müavinəti alır, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya məcburi köçkün vəsiqəsi verilmişdir. Birinci Qarabağ müharibəsində iştirak etdiyi üçün iddiaçının atası xx.xx.2000-ci ildə 043828 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. xx xxxx 2008-ci ildə anadan olmuş İddiaçı2 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət edilmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazının təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 aid AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1973-cü ildə Cəbrayıl rayonu, Nüzgar kəndində doğulmuşdur. AA seriyalı 167716 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Həsənov X11 rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2007-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. xx.xx.2017-ci il tarixli, 936535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2008-ci il tarixində Bakı şəhərində doğulmuşdur, anası X4, X7r. xx.xx.2009-cu il tarixli, 117692 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X8 arasında nikah ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli 831 nömrəli Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Həsənov X15 rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşıb yaşayır. Cəbrayıl RİHB-nın xx.xx.2020-ci il tarixli 72№-li sərəncamına əsasən İddiaçı1 İddiaçı2 qəyyumu təyin edilmişdir. xx.xx.2020-ci il tarixli 72 nömrəli Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, İddiaçı1 xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Quycaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 may 2025-ci il tarixli 170 nömrəli arayışından görünür ki, Nüzgar kənd sakinləri xx.xx.1973-cü il təvəllüdlü İddiaçı1 məcburi köçkün düşdüyü tarixdən, oğlu xx.xx.2005-ci il təvəllüdlü X5 doğulduğu tarixdən, qızı xx.xx.2008-ci il təvəllüdlü X9 doğulduğu tarixindən vahid aylıq müavinət ödənilir. Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və Həsənzadə X12 məcburi köçkünlərin vahid elektron bazasında Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonunda müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışlar. Komitə tərəfindən İddiaçı1 və X5 məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X8, X10 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X22 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-23027/2025 nömrəli məktubundan görünür ki, İddiaçı1, X1, X2, X3 və İddiaçı2 İmran qızının adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-14176/2025 nömrəli məktubundan görünür ki: - xx.xx.1973-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2003-cü il tarixdən hazıradək Cəbrayıl rayonu Quycuq Ə/D Nüzgar kəndidə; - xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 İmran qızı xx.xx.2016-cı il tarixdən hazıradək Cəbrayıl rayonu Quycuq Ə/D Nüzgar kəndidə; - xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 2 ünvanında, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 3 ünvanında, xx.xx.2023-cü il tarixdən hazıradək ünvan 4 ünvanında; - xx.xx.2005-ci il təvəllüdlü X14 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 2 ünvanında, xx.xx.2016-cı il tarixdən hazıradək Cəbrayıl rayonu Quycuq Ə/D Nüzgar kəndidə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı hazırda atasının məcburi köçkün statusuna malik olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2008-ci ildə anadan olmuşdur, Cəbrayıl rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçının atası İddiaçı1 xx.xx.2007-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Cəbrayıl rayonundan məcburi köçkündür. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan hər üç şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı Sumqayıt şəhərindədir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Yəni Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Bundan əlavə, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış (cavabdeh əksini təsdiq edən subut təqdim edə bilmir), o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət ödənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) yuxarı instansiya məhkəməsi tərəfindən də ifadə edilmişdir. Bundan əlavə, işdən görünür ki, cavabdeh iddiaçının qardaşına münasibətdə artıq məcburi köçkün vəsiqəsi vermişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar