Məhkəmə qərarları › İş №2-1(112)-10251/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10251/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10251/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinət ödənilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 saylı Cəzaçəkmə müəssisəsindən 18 dekabr 2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı il tarixədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək zəmanəti əmək qabiliyyətsiz göstərilmişdir. İddiaçının xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdü Raul adlı iki övladı var. İddiaçı 1 saylı Bakı DOST Mərkəzindən ərizə ilə cavabdehə müraciət edərək ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. Cavabdeh 10 yanvar 2024-cü il tarixli, 3-17-1/2-İ-3339/2024 nömrəli məktubla iddiaçıya birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “ ...sizə xx.xx.2022-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyinizlə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin müavinət verməkdən imtina etməsi barədə 10 yanvar 2024-cü il tarixli 3-17-1/2-İ- 3339/2024 nömrəli məktubu ləğv edilməsini və birdəfəlik pul müavinəti təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, imtinanı əsassızdır. Onun Hüseyn adlı xx.xx.2013-cü il təvəllüdlü, Raul adlı xx.xx.2017-ci il təvəllüdlü 2 (iki) uşağı var. Həyat yoldaşı işsiz evdar qadındır. Adına emlak yoxdur, yaşamağa şəxsi evi yoxdur, mənzilməişət şəraiti əlverişsizdir, heç bir yerdən gəliri yoxdur. Uşaqlıqdan xəstədir, gənc yaşından əmək qabiliyyətsizdir, 2004-cü ildən "psixopatiya effektiv tipli", "oynaq tipli psixopatiya, tez-tez baş verən dekompensasiya ilə", "psixopatiya effektiv tipli dekompensasiya vəziyyəti, özünü kəsmələrlə" diaqnozu ilə xəstəxanalarda müalicə almış, ayrı kəskin xəstəlikləri var, rəsmi tibb arayışlarda əksini tapır, bədənində müxtəlif xəsarət izləri, tikişlər var, faktiki sağlam deyil. Həbs edildiyinə görə o, vaxtında həkim komissiyasından keçə bilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü i! tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Lakin şəxsin cəza çəkməkdən azad edilməsi hələ ona birdəfəlik pul müavinətinin verilməsi üçün əsas deyil. Belə ki, şəxsin tibbi və sosial yardıma ehtiyacının olması iş materialları ilə öz təsdiqini tapmalıdır. Qanunda “sosial adaptasiya” ilə “sosial adaptasiyaya ehtiyacı olma” anlayışları fərqləndirilir. Belə ki, dövlətin məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən İddiaçı cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı Mərkəzi filialın xx.xx.2022-ci il tarixli qərarı ilə “Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə” birdəfəlik müavinət təyin edilərək tam ödənilmişdir. Ona görə də, iddiaçıya təkrar müavinətin verilməsi mümküsüzdür. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinət ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə törətdiyi başqa cinayət əməlinə görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 saylı Cəzaçəkmə müəssisəsindən 18 dekabr 2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzasının sonu ilə azad olunmuşdur. Hazırda iddiaçı həmin cəzasını çəkib qurtardığıa görə, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş edir. Cavabdeh isə, xx.xx.2022-ci il tarixdə iddiaçıya birdəfəlik müavinət ödənildiyinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və eyni əsasla iddiaya etiraz edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tələbin qanuni əsasını “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci və 14.1-ci maddələri təşkil edir. 3.1-ci maddəyə görə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına... birdəfəlik müavinət ödənilir. 14.1-ci maddəyə görə, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun dispozitiv şərtlərinin mövcud olması üçün iddiaçının cəza çəkməkdən azad edilmiş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması müəyyən edilməlidir.. 1-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər dedikdə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər başa düşülür. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçının pentinseiar müssəsisədə cəza çəkən şəxs olması və cəzadan azad olunması (müavinət tələb etdiyi cəzaya görə) işin mübahisələndirilməyən halıdır. Qanunun dispozisiyasında göstərilən digər şərt də (iddiaçının sosial adaptasiyaya ehtiyacının olması) iddiaçıya münasibətdə ödənilir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının iki azyaşlı uşağı var və iddiaçı ikinci dərəcə əlildir. Əlilliyin diaqnozu şəxsiyyətin emosional davamsız pozuğunluğu, tez-tez dekompensasiyalarla (üzvi mənşəli), virus mənşəli xroniki “C” hepatiti, sbuklinik forma. Əmək zamanəti - əmək qabiliyyətsizdir. Cavabdeh iddiaçının müracinətini təmin etməkdən imtina edərkən, iddiaçının bundan əvvəl törətdiyi cinayət əməli üzrə cəzadan azad edildiyinə görə birdəfəlik müavinətin verilməsinə istinad edir. Lakin məhkəmə qeyd edir ki, hər iki əməl ayrı-ayrı olmaqla, iddiaçının hazırda cəzaçəkməkdən azad olmuş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması sübuta yetirildiyinə və qanunvericilikdə belə bir məhdudiyyət olmadığına görə, cavabdehiin imtinası əsassızdır. Qanunun 1.0.3-cü maddəsinə görə cəza əkməkdən azad edilmi şəxslərin sosial adaptasiyası sahəsində həyata keçirilən tədbirlərin məqsədi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin:

1. Sosial mühitə uyğunlaşdırılması,

2. Hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması,

3. Bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasıdır. Mövcud icraat materiallarına əsasən iddiaçıya münasibətdə qanunvericiliklə tələb olunan tibbi və sosial yardıma ehtiyac ilə bağlı şərtlər mövcuddur. Qeyd olunan hallar iddiaçıya birdəfəlik müavinətin təyinatına imkan verir. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olduğundan iddia təmin edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar