Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10251/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli qərarına və Bakıl şəhər Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333№-li qərarına əsasən Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №-li qərarı ilə 128 №-li BTK-nın 24 nəfər üzvünə bağ sahələri ayrılması qərara alınmışdır... Qərarın 5 №-li əlavəsinə əsasən: ...
12. X6 - 128 №-li Ləhiş BTK Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin İş № 2(008)-7493/2013 qətnaməsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №-li qərarı ilə 128 saylı 128 №-li BTK-nın nəzdində, 0,12 ha torpaq sahəsindən ibarət 5340 nömrəli bağ sahəsinin istifadəçisi hesab edilmişdir. Həmin qətnamə əsasında iddiaçıya 5340 saylı bağ sahəsinə xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin plan və ölçü sənədi tərtib olunaraq verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “... təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.”
İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X11 5340 saylı, 1143,88 kv.metr bağ sahəsinin mülkiyyət hüququ üzrə mərhum atası X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəh., Sabunçu ray., X11 ünvanında yerləşən “5340” saylı 1200 kv.m torpaq sahəsi ona məxsusdur. Bakı şəh., Sabunçu ray., X11 ünvanında yerləşən “5340” saylı 1200 kv.m torpaq sahəsi sahəsi 1991-ci ildən onun və ailəsinin istifadəsindədir. Həmin torpaq atası X2 xx.xx.2013-cü il tarixli 2(008)-7493/2013 saylı qətnaməsinə əsasən onun adına keçmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək istifadəsində olan Bakı şəh., Sabunçu ray., X11 ünvanında yerləşən “5340” saylı 1200 kv.m torpaq sahəsinə texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və adına mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə ona imtina etmişdir. Cavabdehin imtinası əsassızdır, imtina cavabında qeyd edilən məlumatlar həqiqəti əks endirmir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq etirazda bildirilmişdir ki, elektron məhləmə sistəminə əlavə edilmiş Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Əlavə olaraq, torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin faktiki ölçüsünün 1143.87 kv.m olduğu müəyyən edilmişdir.
Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №-li qərarına əsasən iddiaçının mərhum atasına 128 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5340 №-li bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №-li qərarına istinad edir. Cavabdeh həmin qərarın olmasını mübahisələndirmir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. 2) torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. 3) idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin faktiki ölçüsünün 1143.87 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə 1-ci halla bağlı qeyd edir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, həmin qərarda bağ sahəsinin ölçüsü və nömrəsi göstərilməsə də, cavabdeh tərəfindən təqdim edilmiş 128 № li BTK-nın arxiv sənədlərində BTK-nın üzvlərinin siyahısında iddiaçının adı qeyd edilmiş və həmin siyahıda iddiaçının atasının adının qarşısında (12-cı sıra) 5340 nömrəli bağ göstərilmişdir. Arxiv qovluğuna əlavə edilmiş bağçılığın bölgü sxemində isə bütün bağların, o cümlədən 5340 saylı bağın ölçüləri göstərilmişdir (eni 25, uzunu 48.5). Digər tərəfdən qanuni qüvvəsini almış Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin İş № 2(008)-7493/2013 qətnaməsi ilə, həmçinin həmin qətnamənin icrası nəticəsində tərtib edilmiş “Torpaq sahəsinin Plan və Ölçü” sənədi ilə torpağın sahəsinin 0,12 ha olması öz təsdiqini tapmışdır. Məhkəmə 2-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mərhum atasına bağ sahəsinin ayrılması orderə əsasən deyil, arxiv nüsxəsi Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarından çıxarışa əsasən müəyyən edilir. Məhkəmə 3-cü halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilir ki, torpaq sahəsini faktiki ölçüsü 1143.87 kv.metrdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin həcmini azaldaraq torpaq sahəsinin faktiki vəziyyətinə uyğun hüququnun qeydə alınmasını tələb etmiş və məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Göründüyü kimi, cavabdehin imtinasının və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, X11 5340 saylı, 1143,88 kv.metr bağ sahəsinin mülkiyyət hüququ üzrə mərhum X5 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov