Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10256/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla arayışın (çıxarışın) verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 41143 nömrəli qərarına əsasən Türkan bağlar massivində mərhum əri X2 adına ayrılmış 15 nömrəli (0,12 ha) bağ sahəsinə dair çıxarışın verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 41143 №-li qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderlə mərhum əri X3 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 15 №-li bağ sahəsinin X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəməyə daxil olmuş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********93 №li xx.xx.2022-ci il tarixli iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ilk dəfə 13 aprel 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri və X18 Şəxsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçı ilə əlaqə saxlanılmış və müvafiq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990- cı il tarixli, 41143 nömrəli qərarına əsasən Türkan bağlar massivində iddiaçının mərhum əri X2 adına 15 nömrəli (0,12 ha) bağ sahəsi ayrılmış və həmin bağ sahəsinə dair X8 və İstismarı Birliyi tərəfindən 11 sentyabr 1990-cı il tarixində 11 nömrəli order verilmişdir. İddiaçının müraciəti ilə əlaqədar sözügedən bağ sahəsinə dair hüquqların ilkin qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına müvafiq şərait yaradılmamışdır. Belə ki, bağ sahəsi digər fiziki şəxs tərəfindən hasara alındığından müayinə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından qeyd olunan bağ nömrəsinin göstərilən əraziyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, təqdim olunan orderin arxiv nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Üçüncü şəxs X10 iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı-xx.xx.1946-ci ildə Astara rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər Sabunçu (əvvəlki Lenin) rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1979cu il tarixdə verilmiş İ-ЖГ seriyalı, 494699 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 ilə İddiaçı nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1979-cu ildə iyul ayının 24-cü günündə 545 № ilə qeyd olunmuşdur. Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin X8 və istismarı birliyi Türkan bağlar sahəsindəki 182 № kooperativ tərəfindən xx.xx.1990-cı ildə verilmiş 11 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli 41143 №-li qərarına əsasən X3 Türkan bağlar sahəsində 182 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 15 №-li bağ ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 734311 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin iyul ayının 03-cü günündə 655 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi- İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat kontoruna müraciət daxil olduğu, X2 xx.xx.2015-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi-İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işinin açıldığı və vərəsələrin dairəsinin müəyyən olunduğu, ünvan 4 ünvanında yerləşən , sahəsi 0,12 ha olan torpaq sahəsinə dair çıxarışın verilməsinin xahiş olunduğu qeyd olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki; - İddiaçı cavabdeh X13 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderə əsasən mərhum əri X3 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 15 saylı bağ sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. - Qətnamənin 3-cü səhifəsinin 5-ci abzasında göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9474/2017 saylı 16 oktyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunmuş “X5”nun “X4” olması faktı müəyyən edilmişdir. - Qətnamənin 3-cü səhifəsinin 9-cu abzasında göstərilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, ekspertiza təqdiqatının nəticəsi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, cavabdeh X16 özünə məxsus olan torpaq sahəsindən tamamilə ayrı ərazidə yerləşən, İddiaçı mərhum əri X3 Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən ayrılan torpaq sahəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. - Qətnamə ilə iddia tələbinin təmin olunması, cavabdeh X10 ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(013)-8807/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh X16 apellyasiya şikayəti vermiş, qeyd olunan qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsi, qeyd olunan mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırki tələblə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********20 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onunla əlaqə saxlanılmış və müvafiq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990cı il tarixli, 41143 nömrəli qərarına əsasən Türkan bağlar massivində mərhum əri X2 adına 15 nömrəli (0,12 ha) bağ sahəsi ayrılmış və həmin bağ sahəsinə dair X8 və İstismarı Birliyi tərəfindən 11 sentyabr 1990-cı il tarixində 11 nömrəli order verilmişdir. Müraciəti ilə əlaqədar sözügedən bağ sahəsinə dair hüquqların ilkin qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına müvafiq şərait yaradılmamışdır. Belə ki, bağ sahəsi digər fiziki şəxs tərəfindən hasara alındığından müayinə işlərinin aparılması mümkün olmamışdır. Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(003)-42/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X11 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 15 nömrəli bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və ona təhvil verilməsi qət edilmişdir. Ərizəyə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(103)-8807/2021 saylı qətnaməsinə əsasən Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(003)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsa da sözügedən məhkəmə qərarları 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada daxil olmamış və həmin məsələ ilə bağlı idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 №li xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh X13 qarşı torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin 2(003)-42/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə icra edilərək, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********28 №-li xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, X22 15 saylı bağa baxış keçirilən zaman müəyyən olunmuşdur ki, kadastr-kordinatlar tam deyil. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmadığından qeyd olunan bağ nömmrəsinin göstərilən əraziyə aid olub - olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Əraziyə ərizəçinin və Komitənin müraciəti mövcuddur. Qeyd: Vətəndaşın bildirdiyinə əsasən məhkəmə tərəfindən onun xeyrinə qərar verilməsinə baxmayaraq, məhkəmə icraçıları tərəfindən bağ sahəsi hələ boşaldılmamışdır. Bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Bununla bağlı olaraq bağ sahəsinə texniki-baxış keçirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi və bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, bağ təsərrüfatı idarələrinin arxiv sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Sərəncamın tələbləri baxımından bağ torpaq sahələri “Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyətinə verilməlidir. Eyni zamanda, bağ torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin dairəsi müəyyən edilmiş və bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırda iddiaçının müraciətindən imtina üçün Qanunun qeyd olunan maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmadığından, cavabdeh inzibati orqan tərəfindən həm iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina bildirişində, həm iddiaya dair yazılı etirazda göstərilmiş dəlillər iddianın təmin olunmaması üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 41143 №-li qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderlə İddiaçı mərhum əri X3 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 15 №-li bağ sahəsinin X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10256/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10256/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver