Məhkəmə qərarları › İş №2-1(112)-10257/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10257/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10257/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əsəd qızının katibliyi, İddiaçı Aminullahın iştirakı ilə, İddiaçı Aminullahın Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Aminullah Cavabdeh MMC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X5 baş həkimi X1 və qeyri peşəkarlığı nəticəsində iddiaçıya dəymiş 2500 ABŞ valyutası və 650 AZN məbləğində dəymiş ziyanın, habelə 10000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı X3, Nərimanov rayonunda yerləşən X5 baş həkimi X4 və köməkçisi Rasim həkimə implant üsulu ilə yeni dişlərin qoyulması məqsədilə müraciət etmişdir. Ümumi razılaşma nəticəsində 2500$ (ABŞ dolları) və 650 AZN məbləğində ödəniş etmişdir. Lakin qoyulan dişlər kefiyyətsiz olduğundan 2 ay sonra yararsız vəziyyətə düşmüşdür. 2023-cü ilin noyabr ayının 13-də yaranmış problemlə bağlı doktor Ağazadə Afət xanıma müraciət etmişdir. Afət doktorun köməkçisi Rasim (*** *** ** **) həkimə zəng edərək qoyulan implantların sınıb-dağılması barədə məlumat verdi, ağzı qan içindədir,- dedi. "Mənimlə başqa vaxt əlaqə saxla",- deyərək cavab verdi. Bu halda hara gedəcəyini bildirdi, bu anda başqa bir həkim yaxınlaşaraq bildirdi ki, sınmış implant dişlərin "şrupları" çıxarın, sonra mübahisəni davam etdirin. Həmin qadın həkim, şrupları ağzından çıxarıb ona verdi (təqdim edə bilər). Bundan sonra yenidən onlara müraciət edəndə bildirdilər ki, Azərbaycanda heç bir implanta zəmanət verilmir. İddiaçıya diş həkimi X1 nəticəsində real olaraq 2500 dollar və 650 AZN zərər dəymişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır

9. Hazırkı iddia tələbi cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir.

10. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərindən irəli gələn yardımetmə səlahiyyətini həyata keçirərək 07 may 2025-ci il tarixli məktubla hazırkı iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət etməyini iddiaçıya təklif etmişdir.

11. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Cavabdeh Məhdud Məsuliyyətli inzibati orqan sırasına daxil edilməmişdir.

13. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir.

14. Göstərilənlərə əsasən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir.

15. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunsun.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar