Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10258/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “attestasiya komissiyasının qərarının ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 05 mart 2025-ci il tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılmasını və ləğv edilməsini, attestasiya komissiyasının tərtib etdiyi attestasiya vərəqəsinin etibarsız hesab olunmasını və ləğv edilməsini, 05 mart 2025-ci il tarixli attestasiya komissiyasının “Tutduğu vəzifəyə uyğun deyil” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 32 il fortepiano müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddətin son 14,5 ilini Bakı şəhəri Binəqədi rayonu 11 nömrəli onbirillik musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. Mədəniyyət Nazirliyi və Mədəniyyət Baş İdarəsinin rəhbərliyi ilə Binəqədi rayonu 11 nömrəli Onbirillik Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 202 nömrəli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduqları vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya komissiyası yaradılmışdır. Attestasiyanın keçirilməsi barədə ona xx.xx.2024-cü il tarixində 17 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə məlumat verilməmişdir. Məktəb direktoru şifahi olaraq bildirmişdir ki, attestasiya 2025-ci ilin fevral ayının 2-də başlayacaq. Attestasiya fevral ayının 28-də başlamış, ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalan”nın 1.2-ci bəndinə uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, o, 24 fevral 2025-ci il tarixində müəllim yoldaşlarından öyrənmişdir ki, attestasiya 28 fevral 2025-ci il tarixində Bakı Xoreqrafiya Akademiyasında keçiriləcək. 03 mart 2025-ci il tarixində onun mobil telefonuna 05 mart 2025-cil tarixində saat 10:45-də Bakı Xoreqrafiya Akademiyasında attestasiya olunacağı barədə SMS daxil olmuş, 05 mart 2025-ci il tarixində attestasiya otağına daxil olarkən həyəcandan ani olaraq şəkəri artığına görə özünü çox pis hiss etmiş, gözləri qaralmış, soyuq tər gəlmiş, fortepianonu bulanıq görmüşdür. Nə qədər çalışsa da, gözündə olan qaranlıq itməmişdir. Komissiyaya bildirmişdir ki, o, şəkərli diabet xəstəsidir. Xahiş edir özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verilsin. Lakin komissiya əlləri ilə kameraları göstərərək icazə olmadığını bildirmiş (düşünür ki, bu cür vəziyyətlərdə komissiyanın diqqətli və həssas yanaşması vacib idi, belə bir vəziyyətin komissiya tərəfindən nəzərə alınmaması qanunla nəzərdə tutulan müvafiq qaydalara uyğun deyil və şəffaf qiymətləndirmə prosesinə ziddir). Gözləri bulanıq gördüyü üçün klaviaturanı aydın görə bilmirmiş. Ani olaraq sağ əl barmaqları getməmişdir. Buna baxmayaraq, çətinliklə də olsa, əsəri ifa etmişdir. Sonra ona 4 sual verilmiş, sualları cavablandırmışdır. Lakin sualın düz və ya səhv cavablandırmağı barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra ona şifahi şəkildə attestasiyadan keçmədiyimi bildirmişlər. Keçirdiyi həyəcan və stresslərdən bir müddət evdə xəstə yatmış, xx.xx.2025 ci il tarixində məktəbə getmiş və saat 11.15-də sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbul etmə tarixini və saatı göstərməklə imza edərək əmək kitabçasını, əmək müqaviləsinə xitam əmrinin surətini və attestasiya vərəqəsnin əslini qəbul etmişdir. Evə qayıtdıqdan sonra onun yaşam tərzinə və 32 illik müəllim karyerasınason qoyan “Attestasiya vərəqəsini və digər sənədləri oxumuş, attestasiya vərəqəsində onun barəsində yazılan hədsiz dərəcədə yanlış məlumatları oxuyanda özünü çox pis hiss etmiş, sağlamlıq vəziyyəti daha da ağırlaşmlşdır. Hazırda müalicəsi davam edir. İddiaçı hesab edir ki, xx.xx.2025-ci tarixində keçirilən attestasiyanın nəticələri və attestasiya komissiyasının qərarı aşağıdakı səbəbdən qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Attestasiya zamanı səhhətiilə bağlı yaranmış ani vəziyyət (şəkərinin qalxması ilə səhhətinin pisləşməsi) komissiya tərəfindən nəzərə alınmayıb. Attestasiya zamanı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının tələblərinin kobud pozulması halları müşahidə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlük məsələsinin müzakirə edilməsi məqsədilə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə lazımi qadada məlumat verilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş, proses iştirakçılarının fikri dinlənilmiş, məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi təkliflər verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini olduğu kimi müdafiə edərək, iddianın mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın: -3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. -4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarına görə iddiaçı əmək müqaviləsi əsasında müəllim kimi işlədiyi 11 nömrəli Musiqi Məktəbində fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrini mübahisələndirir. Bununla bağlı iddiaçı müvafiq tələblə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İş materiallarında olan A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi üzrə verilmiş 01 aprel 2025-ci il tarixli, 45 nömrəli Əmrdən görünür ki, Bakı şəhər A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyası xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını qərara almışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olubolmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, sonuncu Əmək Məcəlləsinin 79-cu maddəsində gostənlmış hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. Bakı şəhər A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (b) bəndi və 63-cü maddəsini və “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13-cü abzasını rəhbər tutaraq, Bakı şəhər A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi Məhəbbət Yediyar qızının Abdullayevə 03 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qsnunvəncılıyə uyğun olaraq 33 günlük son haqq-hesabının ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Yuxarıda istinad olunan normaları hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mülki xarakter daşıdığından işə inzibati qaydada baxıla bilməz. Belə ki, iddia cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlir. Buna görə də, tələbə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından yolverilməzdir. İddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Ona görə də iddia bu hissədə də qeyri-mümkün sayılmalıdır. İddianın mümkünlüyü ilə bağlı Plenum Qərarının sonuncu bəndində qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçılara aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə yardım etmə vəzifəsinə uyğun olaraq qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq işəgötürəninə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməklə ehtimal etdiyi hüquqlarının müdafiəsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10258/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10258/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver