Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1026/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 28 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (böyük hüquqşünas, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə iddiaçı Xidmətin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsindən azad olunmuşdur. Buna səbəb olaraq mübahisələndirilən əmrdə onun məsuliyyətsizlik göstərərək aztəminatlı və heç bir qazancı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verməsi göstərilmişdir. Qeyd olunan xüsusatlara əsasən bildirir ki, onun hərəkətləri ilə bağlı tam, hərtərəfli araşdırma aparılmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul olunmuşdur. Bu səbəbdən hesab edir ki, Xidmətin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri əsassızıdır və ləğv edilməlidir. Belə ki, 09.04.2020-ci il tarixdə əmisi oğlu X22, 10.04.2020-ci il tarixdə bibisi oğlu X26 və 12.04.2020-ci il tarixdə əmisi qızı X17 ona müraciət edərək xüsusi karantin rejimi dövründə aztəminatlı heç bir qazancı olmayan şəxslərə 190 manat aylıq müavinət müəyyən edildiyini, həmin müavinətin alınması üçün onlayn müraciət etmədə onlara köməklik göstərməsini xahiş etmişlər. O isə qeydiyyat prosesini bilmədiyindən tanışı X10 müraciət etmişdir. Sonuncu qeydiyyat prosesinin həyata keçirilməsi üçün hər bir şəxsin şəxsiyyət vəsiqəsinin şəklinin, telefon nömrəsinin və emalinin tələb olunduğunu bildirmişdir. O, qohumlarına aid zəruri sənədləri İ.Məmmədova whatsapp (***-***-**-**) proqramı vasitəsilə göndərmiş və ondan qeydiyyat prosesinin həyata keçirilməsini xahiş etmişdir. Bir neçə gün sonra əmisi oğlu Z.Hacıyev onlara gələrək onlayn müraciət etmiş bir neçə nəfər tanışına artıq sms gəldiyini və ona hansı səbəbdən sms gəlmədiyini soruşmuşdur. O, bununla əlaqədar İ.Məmmədova zəng etmiş, o isə ona təqdim etdiyi 3 nəfərdən 2 nəfəri qeydiyyatdan keçiridiyini R.Hacıyevanın qeydiyyatı ilə bağlı sistemdə xəta baş verdiyindən prosesi yenidən həyata keçirməli olduğunu və R.Hacıyevanın şəxsiyyət vəsiqəsinin şəklinin telefonundan silindiyindən, yenidən göndərməsini xahiş etmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini göndərmək üçün İsmət tərəfindən yaradılmış whatsapp qrupuna daxil olan zaman sonuncunun qrupda “Azərpoçt”un internet adresi və həmin internet adresində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək hər kəsin öz adına poçt vasitəsilə hər hansı məktub, pul, bağlama və s. gəlibgəlmədiyini öyrənmə imkanının olduğu barədə məlumat paylaşdığını görmüşdür. “Aliexpress” online ticarət şəbəkəsindən alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan mövcud internet adresindən istifadə edərək onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini yoxlamaq istəmiş, ancaq telefon vasitəsilə adresə daxil ola bilməmişdir. Bu səbəbdən də İ.Məmmədova R.Hacıyevanın şəxsiyyət vəsiqəsindən əlavə öz şəxsiyyət vəsiqəsini də göndərərək qeyd olunan adresdən onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini öyrənməsini xahiş etmişdir. 14.04.2020-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi tərəfindən ona zəng edilərək nə üçün aztəminatlı və heç bir qazanc yeri olmayan şəxslərə təyin olunan 190 manat aylıq ödənişin alınması üçün müraciət etdiyi soruşulmuşdur. O, müraciətdən xəbərsiz olduğunu bildirmiş və bu məsələni aydınlaşdırmaq üçün İ.Məmmədova zəng etmişdir. İ.Məmmədovla bu barədə danışdığı zaman sonuncu ona göndərdiyi bütün şəxsiyyət vəsiqələri üzrə, o cümlədən səhvən onun adından da aztəminatlı və heç bir qazanc yeri olmayan şəxslər üçün müəyyən olunmuş pul vəsaitinin alınması ilə bağlı müraciət ünvanladığını bildirdi. Bundan sonra o, qeydiyyatın ləğv edilməsi üçün rəsmi müraciət etmişdir. Bir neçə gün sonra Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan məsələ ilə bağlı ondan izahat alınmışdır. Araşdırmaya təqdim etdiyi izahatda eynilə yuxarıda qeyd etdiyi şəkildə sualları cavablandırmışdır. X25 və digər şəxslərdən heç bir izahat alınmamışdır. Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi elan olunduğundan onlar növbə ilə idarəyə işə getmişlər. Araşdırmanın aparıldığı zaman aralığında işə cəlb olunmadığından gedişatdan xəbəri olmamış və yalnız 08.05.2020-ci il tarixdə idarəyə gedən zaman 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrlə işdən azad olunduğunu öyrənmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə bəhrələnmək niyyəti olmamışdır. Adından müraciətin edilməsi tanışı İsmət Məmmədovun səhvi və diqqətsizliyi ucbatından olmuşdur. Lakin işin faktiki halları nəzərə alınmamış, təsadüfi bir yalnışlıq onun xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə bəhrələnmək niyyəti kimi qiymətləndirilmiş, İsmət Məmmədovun məsələ ilə bağlı fikirləri öyrənilməmiş və onun barəsində qərəzli olaraq mübahisələndirilən qərar qəbul edilmişdir. “Dövlət Vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 45-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: töhmət; sonuncu xəbərdarlıqla şiddətli töhmət; 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; xüsusi rütbəni bir pillə aşağı salma; vergi orqanlarında xidmətinə xitam verilmə. Əsasnamənin 48-ci maddəsinə əsasən intizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 5.1-ci maddəsinə əsasən vergi orqanının digər əməkdaşlarına həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göstərilənlərdən də məlum olduğu kimi, vergi orqanlarında xidmətə xitam verilmə vergi orqanı əməkdaşları üçün nəzərdə tutulan ən ağır intizam tənbehi tədbiridir. Həmin intizam tənbehi tədbirinin tətbiq olunması üçün şəxs daha öncə onun barəsində tətbiq edilmiş digər müqayisədə daha yüngül intizam tənbehi tədbirindən nəticə çıxarmamalı, funksional vəzifələrinin icrasını və müəyyən olunmuş davranış qaydalarını kobud surətdə davamlı şəkildə pozmalıdır. Mübahisələndirilən əmrdən göründüyü kimi onun niyyətinin xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə bəhrələnmək olması sübuta yetirilməmişdir və bu halı təsdiq edən əsaslı sübutlar olmamışdır. Hətta qeyd olunan hal baş versə də belə bu hala görə qanunvericilikdə nəzərdə tutulmuş ən ağır intizam tənbehi tədbirinin müəyyən olunması yolverilməzdir. Təsadüfi deyildir ki, cavabdehin istinad etdiyi əməli törədən 14 nəfər vergi orqanı əməkdaşı olmasına baxmayaraq onlardan yalnız üçü barəsində xitam qərarı qəbul edilmişdir ki, bu da özlüyündə araşdırmanın obyektiv aparılmadığının və ədalətli qərar qəbul edilməməsinin göstəricisidir. Eyni zamanda bildirir ki, o, 23.09.2015-ci il tarixdən fond hesabı müfəttiş kimi, 15.08.2016-cı il tarixdən isə ştat işçisi kimi vergi orqanınlarında xidmət etmişdir. 5 ilə yaxın Xidməti fəaliyyəti dövründə ona verilmiş tapşırıqların icrasını layiqincə yerinə yetirməyə çalışmışdır. Vergi işçisinin etik davranış qaydalarının tələblərini daim gözləmiş və barəsində bu günədək hər hansı intizam tənbehi tədbiri görülməmişdir. Bu hal onun intizamlı əməkdaş olduğunu sübut edir. Eləcə də o, ailənin yeganə oğul övladı olmaqla ailədə yeganə çalışan şəxsdir. Atası 69 yaşlı X11 ağır şəkər xəstəsidir və anası X5 isə 60 yaşı var. İşdən azad olunması ilə valideynlərinə qulluq etmək üçün maddi imkandan məhrum olmuşdur. Göründüyü kimi mübahisələndirilən qərar qərəzli olaraq qəbul edilmişdir, işin faktiki halları, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi və törədilən əməlin ağırlıq dərəcəsi nəzərə alınmamışdır. Bu səbəbdən 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ləğv edilməli, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı ilə Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər müəyyən edilmişdir. Qeyd edilən Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planının İİ hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus” (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı qəbul edilmişdir. Qeyd edilə ödəmə ölkədə makroiqtisadi sabitliyin təmininə və məşğulluq məsələləri ilə bağlı dövlət tərəfindən mövcud vəziyyətdən çıxış üçün hazırlanmış tədbirlərin icrasına yönəldilmək məqsədilə nəzərdə tutulmuşdur. Bu cür dövlət üçün ağır bir şəraitdə iddiaçının sosial məsuliyyətsizlik nümayiş etdirməklə və həmçinin özünü cəmiyyətin işsiz təbəqəsinin mənafelərinin fövqündə tutmaqla vergi orqanı əməkdaşına yaraşmaz şəkildə münasibət göstərərək dövlət əmlakından sui-istifadə məqsədilə birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə www.e-sosial.az elektron ünvanında şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Nəticədə iddiaçı vergilər nazirinin 9 dekabr 2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini pozmuşdur. Qeyd edilən Qaydaların 3.2-ci hissəsinə əsasən vergi orqanı əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Əməkdaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməsi və ya qərarlar qəbul etməsi qadağandır. Vergi orqanı əməkdaşı vergi orqanlarında ən mühüm etik dəyərlərdən olan dövlətçilik və ictimai mənafenin qorunması və nümunəvilik kimi dəyərlərə sadiq qalmalıdır. Bu dəyərlər dövlətçiliyə yüksək hörmət nümayiş etdirilməsində, dövlətin maraqlarının və nüfuzunun uca tutulmasında, ictimai mənafenin gözlənilməsində, xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunmasında, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsində özünü göstərir. Aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanı əməkdaşına yaraşmayan davranışa yol verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f” bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3, 4.8, 4.9, 4.11 və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2 və 3.2.1-ci yarımbədnlərinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə 14 saylı Ərazi Vergilər İdarəsinin X2 24.04.2020-ci il tarixli1 nömrəli Protokolu və 24.04.2020-ci il tarixli **********444900 nömrəli məktubu nəzərə alınmaqla 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində özünün göndərdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında məlumatı olmadan guya tanışı İsmət Məmmədov tərəfindən onun adından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə 190 manat birdəfəlik yardım pulunun alınması üçün onlayn müraciət edildiyini bildirmişdir. Sözsüz ki, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə təhsil almış və 2015-ci ildən dövlət vergi orqanlarında xidmət etmiş əməkdaşın bu cür “yanılması” inandırıcı deyil. Bununla yanaşı iddiaçı öz dəlilini təsdiq etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə 190 manat birdədəlik yardım pulunun alınması üçün onlayn müraciətin məhz hansı “İP” ünvandan edilməsini təsdiq edən sübutu xidməti araşdırmaya və eyni zamanda məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində həmçinin bildirir ki, “aliexpress” online ticarət şəbəkəsində alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan onun adına hər hansı bir göndərişin gəlib-gəlmədiyini yoxlamaq üçün şəxsiyyət vəsiqəsinin surətini “whastapp” vasitəsilə dostu İsmət Məmmədova göndərsə də sonuncu səhvən onun adından 190 manat vəsaitin alınması üçün müraciət etmişdir. Burada da iddiaçı ərizəsində qeyd etdiyi faktları sübut etmək üçün ilk növbədə ”Aliexpress” online ticarət şəbəkəsində alış-veriş etmə faktını təsdiq edən sənədi, bununla əlaqədar ödənişin edildiyini təsdiq edən sənədi, bacısı tərəfindən onun adına pul göndərildiyini təsdiq edən sənədi, “aliexpress” online ticarət şəbəkəsində aldığı malın ona çatdırılmasını təsdiq edən poçt sənədlərini araşdırmaya və ya məhkəməyə təqdim etməli olduğu halda bunların heç birini etməmişdir. İddiaçı qeyd etdiklərini yalnız “whastapp” danışıqlarına nəzərə saldıqda ümumiyyətlə heç bir şeyin aydın olmadığı və sonuncunun bildirdiyi dəlillərin öz təsdiqini tapmadığı açıq-aşkar görünür. Göstərilənlərə əsasən hesab edilir ki, iddia tələbinin əsası kimi istinad olunanlar heç bir sübut və sənədlərlə təsdiqini tapmadığından, eləcə də gətirilən dəlillər həm işin faktiki hallarına, həm də ağlabatanlıq meyarlarına cavab vermədiyindən iddia tələbi təmin olunmamalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sisteminə çıxışı olmadığından, bir sıra vergi orqanı əməkdaşı göstərilən haldan sui-istifadə edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçərək, birdəfəlik yardımın alınmasına cəhd göstərmişlər. Hətta əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda olmuş 23 (iyirmi üç) əməkdaşa avtomatik olaraq 190 manat məbləğində birdəfəlik yardım təyin edilmişdir. Lakin göstərilən halların qarşısı alınmış, təqsirli vergi orqanı əməkdaşları barəsində inzitam tənbeh tədbirləri görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, İddiaçı onun tanışıdır. Tanışı Ültfan ona zəng vuraraq əmisi oğlu Zöhrab, bibisi oğlu Tahir və bibisi qızı Rübabəni xüsusi karantin rejimi dövründə aztəminatlı heç bir qazancı olmayan şəxslər kimi 190 manat aylıq müavinətin alınması üçün onlayn müraciət etməkdə onlara köməklik göstərməsini xahiş etmişdir. O, həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətini “whatsapp” nömrəsinə göndərməsini bildirmişdir. İddiaçı həmin şəxsiyyət vəsiqələrinin surətini göndərmiş və o, həmin şəxslərin adından onlayn qaydada müraciət etmişdir. Lakin səhvən Ültfanın adından da müraciət etmişdir. Belə ki, ona məxsus şəxsiyyət vəsiqəsinin FİN kodu ondan əvvəldən mövcud olmuşdur. Belə ki, İddiaçı onlayn ticarət şəbəkəsindən alış-veriş etdiyindən onunla tez-tez əlaqə saxlayıb, xaricdən onun adına gələn sifarişlərin çatıb-çatmadığını öyrənirdi. O, Ültfanın adından da müraciət etdiyini başa düşdükdən dərhal sonra kodu tez ləğv etmək istəsə də, lakin sistem donduğundan müraciətin ləğv edilməsi mümkün olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrindən görünür ki, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi (2-ci dərəcəli müfəttiş) İddiaçı vergi orqanında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İşdə olan 14 saylı Ərazi Vergilər İdarəsinin 24 aprel 2020-ci il tarixli, 01 saylı Protokolundan görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyənnamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İddiaçı yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46cı maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə İdarənin inzibati binasında İdarənin X2 keçirilən iclasında baxılmış və yekun olaraq Bəyənnamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının vəkilinə verilmiş 11 noyabr 2020-ci il tarixli, **********830500 saylı məktubdan görünür ki, Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı İddiaçı xidməti fəaliyyəti dövründə barəsində heç bir həvəsləndirmə tədbiri görülməyib, intizam tənbeh tədbiri olaraq “İntizam tənbehi tədbirinin görülməsi barədə” Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli, **********452400 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin əsasını təşkil edən xidməti məruzənin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, **********564400 saylı məktub əsasında sözügedən əmrin əsasını təşkil edən 22.04.2020ci il tarixli, **********966900 saylı xidməti məruzənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Araşdırmanın nəticəsi barədə” xidməti məruzədən görünür ki, Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq vergi orqanlarında işləmələrinə baxmayaraq 7 (yeddi) vergi orqanı əməkdaşı (X12, X13, İddiaçı, X27, X7, X4 və X24) dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı onların özləri və ya ailə üzvləri tərəfindən müraciətlər edilmişdir. Həmçinin əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda olmuş 23 (iyirmi üç) əməkdaşa avtomatik olaraq 190 manat məbləğində birdəfəlik yardım təyin edilmiş, bunlardan 7 (yeddi) əməkdaş (X14, X28, X18, X15, X19, X1 və X20) müvafiq poçt şöbələrinə gedərək qeyd olunan vəsaiti əldə etmişlər və yalnız Daxili təhlükəsizlik baş idarəsinin müdaxiləsindən sonra onu geri qaytarmışlar. Bu hərəkətləri ilə (hərəkətsizliyi) adları qeyd olunan vergi orqanı əməkdaşları tərəfindən məsuliyyətsizlik göstərilərək, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10cu maddəsinin “a” və “f” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3-cü, 4.8-ci, 4.9-cu, 4.11 -ci və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci və 3.2.1-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, adları qeyd olunan vergi orqanı əməkdaşları barəsində intizam tənbehi tədbiri görülməsi üçün rəhbərlik qarşısında məsələ qaldırması xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, İddiaçı tərəfindən ona 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciət edilib-edilməməsi barədə sorğuya baxılmış və bildirilmişdir ki, İddiaçı 17.04.2020-ci il tarixində 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün müraciət etmişdir. 22.04.2020-ci il tarixində ona sözügedən ödəmənin verilməsindən imtina olunmuşdur. Beləliklə işin hallarından müəyyən edilir ki, Bəyənnamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İddiaçı faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə www.e-sosial.az elektron ünvanında şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçmişdir. Bununla bağlı Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı onun izahatı alınmış, araşdırma nəticəsində dövlət vergi orqanının əməkdaşına yaraşmayan davranışa yol verdiyi müəyyən edilmişdir. İddiaçı yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46cı maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə 14 saylı Ərazi Vergilər İdarəsinin X2 keçirilən 24 aprel 2020-ci il tarixli iclasında baxılmış və yekun olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə 01 saylı Protokolla razılıq verilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinə əsasən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi (2-ci dərəcəli müfəttiş) İddiaçı vergi orqanında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Lakin iddiaçı onun hərəkətləri ilə bağlı tam, hərtərəfli araşdırma aparılmadığı və nəticədə barəsində ədalətsiz qərar qəbul olunduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbinin əsası olaraq ilk növbədə birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020ci il tarixdə www.e-sosial.az elektron ünvanında şəxsiyyət vəsiqəsinin rekvizitlərinin onun özü tərəfindən deyil, yanlışlıq olaraq tanışı İsmət Məmmədovun səhvi və diqqətsizliyi ucbatından daxil edildiyini, onun barəsində ən sərt intizam tənbehinin tətbiq edildiyini, lakin buna baxmayaraq daxili araşdırma zamanı İsmət Məmmədovun izahatının alınmadığını göstərmişdir. İddiaçı ona məxsus şəxsiyyət vəsiqəsi məlumatlarının İsmət Məmmədova göndərilməsinə səbəb olaraq sonuncunun “Azərpoçt”un internet adresi və həmin internet adresində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək hər kəsin öz adına poçt vasitəsilə hər hansı məktub, pul, bağlama və s. gəlib-gəlmədiyini öyrənmə imkanı olduğu, onun da “Aliexpress” onlayn ticarət şəbəkəsindən alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan mövcud internet adresindən istifadə edərək onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini yoxlamaq istəməsi, lakin telefon vasitəsilə adresə daxil ola bilmədiyindən İ.Məmmədova öz şəxsiyyət vəsiqəsini də göndərərək qeyd olunan adresdən onun adına hər hansı göndərişin gəlibgəlmədiyini öyrənməsini xahiş etməsi əsası ilə göndərdiyini göstərmişdir. Öz dəlillərini əsaslandıracaq sübut olaraq İsmət Məmmədov ilə aralarında olan “Whatsapp” proqramı vasitəsi ilə olan yazışmanın kserosurətini məhkəməyə təqdim etmişdir. Lakin həmin yazışmaları mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yazışmaların həqiqətə uyğun olması, həqiqətən iddiaçı ilə İsmət Məmmədov arasında aparılması sübut olunmur. Həmçinin qeyd olunan yazışmalarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatın olması müəyyən edilməmişdir. Məhkəmə ümumiyyətə iddiaçının iddiasının əsası kimi göstərdiyi dəlilləri inandırıcı hesab etmir. Belə ki, hazırki dövrdə onlayn ticarət şəbəkəsindən alış-veriş edildiyi halda digər üçüncü şəxsin köməyi olmadan bağlamaların hərəkəti barədə məlumatın birbaşa şəxsin özü tərəfindən əldə edilməsi mümkündür. İddiaçının 17 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 13 aprel 2020-ci il tarixdə bilməyərək dövlət tərəfindən işsiz şəxslərə (vətəndaşlara) verilən 190 manat məbləğində birdəfəlik yardımın alınması üçün müraciət ünvanladığını, onun faktiki olaraq işlədiyini nəzərə alaraq, müraciətin etibarsız sayılmasını xahiş etməsi ilə bağlı məhkəməyə təqdim etdiyi teleqrama münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin teleqramı onun barəsində Daxili təhlükəsizlik baş idarəsi tərəfindən araşdırma aparılaraq, məsələ ilə bağlı izahatı alındıqdan sonra göndərmişdir. İddiaçı həmçinin barəsində araşdırma aparılarkən X8 izahatının alınmadığını göstərmişdir. Lakin göstərilən hal cavabdehin hərəkətlərində qərəz olması və araşdırmanın hərtərəfli aparılmadığına dəlalət etmir. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edildiyindən, iddiaçının özünün 15 aprel 2020-ci il tarixdə izahatı alınmışdır. Bununla belə məhkəmə araşdırması dövründə işin obyektiv araşdırması zərurətindən X23 şahid qismində dindirilmişdir. Məhkəmə şahid qismində dindirilmiş X8 ifadəsində göstərilənlərə münasibətdə qeyd edir ki, İ.Məmmədov iddiaçının yaxın tanışıdır. Onun ifadəsində göstərilən ziddiyyətli məqamlar məhkəmədə əsaslı şübhələrin yaratmışdır. Belə ki, İ.Məmmədov verdiyi ifadəsində müraciəti etdikdən dərhal sonra onun ləğv edilməsi ilə bağlı cəhd etdiyini göstərsə də, lakin iddiaçı izahatında onun barəsində daxili araşdırma aparıldığı zaman İ.Məmmədov tərəfindən səhvən onun adından müraciət edildiyini öyrəndiyini bildirmişdir. Həmçinin yalnız İ.Məmmədovun ifadəsində göstərilənlər mötəbər sübut kimi qəbul edilərək, iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. İfadədə göstərilən xüsusatlar işin müəyyən edilmiş halları və digər sübutlarla da təsdiq olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31.0 və 31.0.1-ci maddələrinə əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir. Əmək Məcəlləsinin 10-cu maddəsinin a) yarımbədinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) yarımbədinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etməyə borcludur. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 48-ci maddəsinə əsasən intizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci bəndinə əsasən vergi orqanının əməkdaşı bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Həmin Qaydaların 3.7.1-ci bəndinə əsasən əməkdaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməsi və ya qərarlar qəbul etməsi qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının vergi orqanı əməkdaşı olduğu halda, qanunvericiliyin tələblərini pozaraq, dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik yardımın alınması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda keçməklə məsuliyyətsizlik göstərdiyi, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verdiyi müəyyən edildiyindən, onun barəsində intizam tənbeh tətbiq edilməsi əsaslı olmuşdur. Həmçinin qanunvericiliklə müəyyən edilmiş hansı intizam tənbehinin tətbiq edilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və intizam tənbehi verilərkən iddiaçının xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmışdır. Digər tərəfdən “Araşdırmanın nəticəsi barədə” xidməti məruzə əsasında yalnız iddiaçının deyil, bir neçə vergi orqanı əməkdaşının dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı müraciət etdikləri və bununla bağlı cavabdeh tərəfindən iddiaçı ilə birgə həmin şəxslərlə də bağlı intizam tənbehinin tətbiq edilməsi, cavabdeh tərəfindən onun barəsində qərəzli olaraq mübahisələndirilən qərarın qəbul edilmədiyinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi barədə cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri qanuni və əsaslı olmuşdur. İddia tələbi əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan, həmin tələbdən irəli gələn iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində də rədd edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. İddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1026/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1026/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver