Məhkəmə qərarları › İş №2-1(112)-1026/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1026/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1026/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsinə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 30,5 kv.m ölçüdə sahəyə dair icarə müqaviləsi bağlanılmışdır. Daha sonra, aralarında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən şəhadətnamə verilmişdir. Nəticədə iddiaçı həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Sonradan iddiaçının yerləşdiyi ərazidəki torpaq sahəsi və mövcud tikililər "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Həmin müəssisədə sonradan ləğv edilmişdir. Daha sonra iddiaçı tərəfindən 2013-cü il tarixdə iddiaçıya məxsus obyektin yerləşdiyi ərazinin sökülməsi barədə hüquq mühafizə orqalarına müraciət edilmişdir. Lakin, cinayət işinin başlanılması rədd edilmişdir. Ancaq, müəyyən edilmişdir ki, kiçik müəssisəyə aid qeyri-yaşayış sahəsinin fiziki şəxslər tərəfindən başqa hüquqi şəxslərə satıldığı aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi daxil olmaqla digər tikililər "xxxx" MMC tərəfindən sökülmüşdür. İddiaçı ilkin olaraq hansı əsaslarla tikililərin X3 və X1 adına özəlləşdirilməsi ilə bağlı məlumat əldə etmək istəmiş, müəyyən edilmişdir ki, həmin şəxslərə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, lakin cavabdeh qeyd edir ki, iddiaçıya məxsus şəhadətnamə barədə məlumatları mövcud olmamışdır. Beləliklə iddiaçı hesab edir ki, onlara məxsus əmlak əmlak kompleksinin içində ilkin olaraq ASC-nin mülkiyyətinə verilmiş, daha sonra T.Seyidov və O.Vəliyevin adına ilkin hüquqi qeydiyyat aparılmışdır. Nəticədə iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Məhkəmənin qərardadı ilə X5, X4, X2, "xxxx" MMC və "xxxx" MMC zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" ASC şirkət və zavod bazasında 30 aprel 2001-ci il tarixli 239 nömrəli sərəncam əsasında yaradılmış və özəlləşdirilməsi 21 dekabr 2004-cü il tarixdə başa çatmışdır. ASC-nin özəlləşdirilməsinə dair sənədlərdə iddiaçı tərəfindən özəlləşdirilmiş qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair hər hansı məlumat mövcud olmamış, həmin əmlakın ASC-nin əmlakının tərkibinə daxil edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə iddiaçıya məxsus sahə ASC tərəfindən təkrar özəlləşdirilməmişdir. Üçüncü şəxs Y.Qurbanov tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında müqavilə bağlanılmış, müqaviləyə əsasən əmlakın onun mülkiyyətinə keçirilməsinə dair çıxarış verilmişdir. Nəticədə də üçüncü şəxs vicdanlı alıcıdır və mülkiyyət hüququna münasibətdə iddiaçının səhlənkarlığına görə məsuliyyət daşımamalıdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Dövlət Şirkətinin X10nun bazasında "xxxx" ASC-nin yaradılmasına dair 254 nömrəli 23 oktyabr 2006-ci il tarixli sərəncamının iddiaçının mülkiyyətində olan 30,5 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" ASCnin mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Dövlət Şirkətinin X10nun bazasında "xxxx" ASC-nin yaradılmasına dair 23 oktyabr 2000-ci il tarixli, 254 №-li sərəncamın "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olan 30,5 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarında olan cinayət işinin başlanılması barədə qərardan görünür ki, əmlak sökülsə də əmlak kompleksi satın alındığından və həmin əmlakın başqa şəxslərə məxsus olmasını təsdiq edən heç bir sənəd mövcud olmadığından özgənin əmlakı qəsdən məhv edilməmişdir. İş materiallarından görünür ki, 23 oktyabr 2000-ci il tarixli 254 nömrəli sərəncam əsasında X10 bazasında "xxxx" ASC yaradılmış və həmin sərəncama əlavədə Zavoda məxsus ayrıca özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısı təsdiq edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin özəlləşdirmə ilə bağlı sərəncamı əsasında ona məxsus olan 30,5 kv.m olan qeyri-yaşayış sahəsi qanunsuz olaraq özəlləşdirilmiş, daha sonra isə həmin əmlak əmlak kompleksinin tərkib hissəsi kimi sökülərək yeni tikili inşa edilmişdir. Qeyd olunan məlumatın təsdiqi ilə bağlı məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması ilə əlaqədar 30,5 kv.m qeyri-yaşayış sahəsinin həqiqətən də özəlləşdirilmiş əmlakın tərkibində olub-olmamasına məlumatın dəqiqləşdirilməsi ilə əlaqədar qərardad qəbul edilmişdir. Mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair texniki pasporta əsasən 30,5 kv.m sahə həmin ünvanda yerləşən "xxxx" ASC-yə verilmiş və texniki pasportdakı 2 mərtəbəli “A” litterli tikilinin 1-ci mərtəbəsinin bir hissəsi olmuşdur. Lakin "xxxx" ASC-yə verilmiş texniki pasportda qonşu sahə kimi göstərilməklə həmin 30,5 kv.m sahə öz əksini tapmamışdır. Faktiki olaraq ASC-nin texniki pasportunda göstərilən tikililər, o cümlədən iddiaçıya məxsus 30,5 kv.m sahə də sökülərək yerində yeni tikililər inşa edilmişdir. İş üzrə tərəflərin iştirakı ilə aparılmış məhkəmə araşdırması zamanı da texniki sənədlərdə əmlakın yerləşdiyi yer konkret müəyyən edildiyindən həqiqətən də əmlakın özəlləşdirməyə daxil olmadığı müəyyən edildiyindən, məhkəmə prosessual qənaət prinsipi baxımından ekspertizanın təyininə zərurət görməmişdir. Mütəxəssis rəyi kifayətedici sübut qismində tətqiq edilərək məhkəmənin gəldiyi nəticə üzrə yetərli olmuşdur. Göründüyü kimi sərəncama əlavə olunan özəlləşdirilən əmlak kompleksinin tərkibində iddiaçıya məxsus sahə qonşu sahə kimi göstərilmiş, lakin 30,5 kv.m sahənin özəlləşdirilməsi həyata keçirilməmişdir. İddiaçının hal-hazırda öz əmlakından istifadə edə bilməməsi isə həmin əmlakın özəlləşdirilməsi ilə bağlı deyil, həmin əmlakın əmlak kompleksini özəlləşdirmiş, özəlləşdirməyə daxil olmasa da qonşu sahənin də həmin şəxs tərəfindən sökülməsi ilə bağlı olmuşdur. Belə olduğu təqdirdə isə, əmlakın sökülməsini həyata keçirməyən, eləcə də iddiaçının əmlakının özəlləşdirməsini ümumiyyətlə aparmayan cavabdehə qarşı hazırkı iddianın qaldırılmasında subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Mütəxəssis rəyi ilə də konkret olaraq müəyyən edilir ki, tikilinin bir hissəsi də olsa iddiaçının əmlakı özəlləşdirilməsi həyata keçirilməyən ASCyə verilmiş əmlak kompleksində qonşu sahə kimi göstərilmişdir. Əmlak kompleksinin sonrakı mülkiyyətçisinin 30,5 kv.m olan ölçüdə əmlakı əmlak kompleksinin tərkibi kimi hesab etməklə sökməsi isə, hazırkı halda cavabdehin təqsiri ilə bağlı olmamışdır. İddiaçı isə özəlləşmədən sonra iddiaçının adına şəhadətnamə mövcud olsa da həmin əmlakı da əmlak kompleksinə daxil olan sahə kimi görən və sökərək yeni tikili inşa edən üçüncü şəxsə qarşı mülki qaydada iddia qaldırmaq əvəzinə isə, onun əmlakı ilə heç bir bağlılığı olmayan özəlləşmənin qanunsuz hesab edilməsinə və ona aid hissədə etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır ki, özəlləşmənin ümumiyyətlə ona aid hissəsinin olmaması nəzərə alındıqda təbii haldır ki, ona aid hissənin etibarsızlığı barədə tələbin mümkünlüyündən də söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun mülki qaydada ona məxsus olmuş əmlakın faktiki olaraq söküntüsünü həyata keçirən şəxsə qarşı iddia qaldırmaq əvəzinə, özəlləşməni mübahisələndirmişdir ki, cavabdehin özəlləşdirmə ilə bağlı iddiaçının qanunla qorunan hüquqlarına hər hansı müdaxiləsi mövcud olmamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının subyektiv hüququ mövcud olsa belə iddia müddətinə dair şərt nəzərə alınmaqla da iddia mümkünsüz hesab ediləcəkdir. Məhkəmə bununla əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Qanunun: 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 382 nömrəli 10 avqust 2000-ci il Fərmanının özəlləşdirmənin həyata keçirildiyi, yəni sərəncamların qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasından görünür ki, 15.1-ci maddədə müvafiq icra hakimiyyəti orqanı dedikdə cavabdeh nəzərdə tutulur. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlət əmlakının icarəyə verilməsi və icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti cavabdehə aiddir. Həmin qərar isə inzibati icraat haqqında qanunvericiliyin məqsədləri baxımından hüquqi nəticə yaradan inzibati aktdır. Hazırkı iş üzrə isə iddiaçı sərəncamın müəyyən hissədə etibarsız hesab edilməsinə dair müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə qeyd edir ki, subsidiarliq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır, iddiaçı isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsi ilə tənzimlənməli olan hüquqi faktlara istinad etmədən inzibati aktın qanunsuz hesab edilərək ləğvinə dair hallara istinad etsə də, hazırkı iddianı “müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürüldükdən sonra eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldırıla bilməz. Göründüyü kimi iddia tələbində və işin faktiki hallarında qanunsuzluğu nəzərə alınmaqla ləğvinə dair hallara istinad edilərək mübahisələndirilən inzibati aktın etibarsızlığı tələb edilmişdir ki, hazırkı işin faktiki halları subyektiv hüququn mövcud olduğu təqdirdə aktın etibarsızlığına yox, ləğvinə əsas bilən əsaslandırma qismində çıxış edir ki, qeyd olunan hal da hazırkı iddianı müəyyən etmə və tanınma yox, mübahisələndirmə növündə iddia ilə eyniləşdirir. Nəticə hissədə sərəncamın hissəvi etibarsızlığı qeyd edilməsi isə məhkəmə iddia müddətinin tətbiqinindən istinaddan yayınma halı kimi qiymətləndirir. Halbuki, işin faktiki hallarından, cinayət işi üzrə qərardan müəyyən edilir ki, iddiaçı özəlləşdirmə ilə bağlı məlumatlı olsa da nəinki günlərlə, illərlə sayıla biləcək müddət ərzində həmin özəlləşməni və onun həyata keçirilməsinə əsas olmuş sərəncamı mübahisələndirməmiş, 30 günlük müddətlə bağlı şərtlərə riayət edilmədən aktın etibarsızlığı kimi işin faktiki hallarına uyğun olmayan tələb irəli sürmüşdür. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-643/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il qərarından da müəyyən edilir ki, məhkəmə iddianın mümkünlüyünə dair göstərilən mövqedən çıxış etmiş, müəyyən etmə və tanınma kimi görünən iddiaya mübahisələndirmə növündə iddia qiyməti verərək iddia müddətinin tətbiqinin zəruriliyi barədə hüquqi mövqe nümayiş etdirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar