Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1026/2024 07.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkrlıqla iş üzrə Baş İdarəsinin cavabdeh xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh qarşı (FİN: xxxxxxx) üçüncü şəxs xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh (FİN: 1EP84TN) “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Üçüncü şəxs xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh (FİN: 1EP84TN) iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin cavabdeh xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh (FİN: xxxxxxx) qarşı, (üçüncü şəxs Cavabdeh (FİN: 1EP84TN)) “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə inzibati işə 7 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh (FİN: xxxxxxx) (bundan sonra – cavabdeh) ********** nömrəli VÖEN-lə qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun dövlət büdcəsinə 306,22 manat və Dövlət Sosial Müdafiə Fonduna 7821,53 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona xx.xx.2021-ci il tarixli bildiriş verilmişdir. Borc ödənilmədiyinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin borcuna görə 10000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. “Mercedes Benz B170” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 580854 nömrəli gömrük vəsiqəsinə (ANGİ) əsasən xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh (FİN: 1EP84TN) (bundan sonra – üçüncü şəxs) mülkiyyətindədir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 306,22 manat və Dövlət Sosial Müdafiə Fonduna 7821,53 manat məbləğidə ödənilməmiş borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2008-ci il buraxılışı olan “Mercedes Benz B170” markalı (qara metallik rəngli) **-MH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 10000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh borc məbləğini ödəməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8710/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8710/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə vergi borcu olan cavabdeh şəxs o deyil, başqa şəxsdir. Ad, soyad və ata adı eyni olduğundan yanlışlıqla onun maşını üzərinə məhdudiyyət qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8710/2023 nömrəli iş üzrə 1.12.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edimiş, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh (FİN: 1EP84TN) üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8710/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Üçüncü şəxs verdiyi izahatında heç bir vergi borcunun olmadığını, onunla adı soyadı, ata adı eyni olan şəxsin vergi borcunun ona aidiyyəti olmadığını, vergi orqanının yanlışlıqla onun avtomobilini siyahıya aldığını qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir Məhkəmə işə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Bu cür yanaşma “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 № li qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Həmin qərarın 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Baxılan işdə də, inzibati orqan olan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ Vergi Məcəlləsinin 90.1-ci maddəsində təsbit edilmişdir. Eyni zamanda hazırki iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı mübahisə vergi ödəyicisi olan cavabdehin vergi borcunun ödənilməsini təmin edilməsi üçün siyahıya alınmış əmlakın satılması ilə bağlıdır. Əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. İş materiallarından müəyyən edilir ki, iş üzrə üçüncü şəxsin soyadı, adı və ata adı, hazırkı işdə cavabdehin soyadı, adı və ata adı ilə eynidir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iş üzrə cavabdeh olan, ********** nömrəli VÖEN-lə qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Cavabdeh - xx.xx.1968-ci il təvəllüdlüdür (FİN: xxxxxxx). Lakin iddiaçı İdarə verdiyi iddia ərizəsində cavabdehin mülkiyyətində olan avtomobili deyil, üçüncü şəxs - xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh (FİN: 1EP84TN) mülkiyyətində olan avtomobili siyahıya almış və həmin avtomobilin satılmasına dair iddia vermişdir. İddia tələbinə uyğun olaraq siyahıya alınmış avtomobilin Cavabdeh mülkiyyətində olub-olmaması ilə bağlı DYPİ-yə sorğu edilmiş, sorğuya verilmiş xx.xx.2023-cü il tarixli məktubda **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixdən 580854 nömrəli gömrük vəsiqəsi əsasında Cavabdeh adına qeydiyyatda olması bildirilmişdir. Həmin məktuba əlavə edilmiş kompüter çıxarışından müəyyən edilir ki, avtomobilin mülkiyyətçisi Cavabdeh xx.xx.1984-cü il təvəllüdlüdür. Göründüyü kimi, iddiaçı vergi ödəyicisi olan cavabdehin vergi öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində deyil, üçüncü şəxsin mülkiyyətində olan əmlakı siyahıya almış və həmin əmlakla bağlı məhkəmədə iddia qaldırmışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1026/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1026/2024
07.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver