Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10260/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçının heç bir borcu olmadığına görə onun banklar sistemindən çıxarılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçının heç bir borcu olmadığına görə onun banklar sistemindən çıxarılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək bildirmişdir ki, onun banklar sistemindən çıxarılması və ona Banka Kredit borcu olmayan şəxs barədə arayış verilsin. Əmanətlərin Sığortalanması Fondu iddiaçının məktubuna cavab verərək bildirmişdir ki, “onun 28 iyul 2021-ci il tarixli ərizəsinə ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmış və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 03.11.2011-ci il tarixli, 204 saylı kredit müqaviləsinə əsasən 3800 (üç min səkkiz yüz) manat məbləğində iddiaçıya kredit verilmişdir. İddiaçı bank qarşısındakı öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Qaradağ rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli 2(002)- 1865/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosessində olan "xxxx" ASC-nin iddiası rədd olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(103)-8883/2018 saylı Qərarı ilə Qaradağ rayon Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarları üzrə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır”. Göründüyü kimi cavabdeh özü etiraf etmişdir ki, iddiaçı bank qarşısında öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış həm rayon məhkəməsində həm də Apelyasiya məhkəməsində cavabdehin iddiası təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair münasibətini təqdim edərək göstərmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 03.11.2011-ci il tarixli 204 saylı kredit müqaviləsinə əsasən 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə kredit müqaviləsi üzrə qalan 10.307,57 (on min üç yüz yeddi manat, 57 qəpik) manat kredit borcunun və 30 (otuz) manat mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə Bank tərəfindən Qaradağ rayon Məhkəməsində iddia qaldırmışdır. Qaradağ rayon Məhkəməsinin 2(002)-1865/2018 saylı, 05.06.2018-ci il tarixli Qətnaməsi ilə iddia tələbi iddia müddətinin tətbiq olunması əsası ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8883/2018 saylı, 15.08.2018-ci il tarixli qətnaməsi ilə Qaradağ rayon Məhkəməsinin 2(002)-1865/2018 saylı, 05.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda 2-1(112)-10260/2021 saylı, 21.10.2021-ci il tarixli inzibati iş üzrə İddiaçı 03.11.2011-ci il tarixli, 204 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 10.307,57 (on min üç yüz yeddi manat, 57 qəpik) mənat təşkil edir. Bank İddiaçı 03.11.2011-ci il tarixli, 204 saylı kredit müqaviləsi üzrə olan borcu yalnız məhkəmə qaydasında tələb etmək hüququnu itirmişdir. Lakin faktiki olaraq İddiaçı Banka borcu olduğuna görə Bank aylıq borcunun 03.11.2011-ci il tarixli, 204 saylı müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tələb etməyə haqlıdır. Məhkəmə iddiaçını dinlədikdən sonra iddia ərizəsini və cavabdehin münasibətini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia əzizəsindən göründüyü kimi iddiaçının tələbi heç bir borcu olmadığına görə onun banklar sistemindən çıxarılmağı ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərdən (kredit müqaviləsindən) irəli gələn mübahisədir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Əmanətlərin Sığortalanması Fondu inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh Əmanətlərin Sığortalanması Fondu inzibati orqan deyildir. Beləliklə məhkəmə müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında olan hüquq münasibətləri kredit müqavilə üzrə yaranmış münasibətlər olaraq publik hüquq sahəsinə deyil, xüsusi hüququn nizamasalma predmetinə aiddir. Buna görə də iddiaçı hazırkı iddiaya mülki icraat qaydasında baxılması üçün ümumi məhkəməyə müraciəyt etməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçının heç bir borcu olmadığına görə onun banklar sistemindən çıxarılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10260/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10260/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver