Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10260/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulnasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmətə başlamış, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, döyüşlər zamanı partlayış və qəlpələr nəticəsində hər iki gözündən ağır yaralanaraq bir gözünü tam itirmişdir, 2-ci dərəcə müharibə əlilidir. 2021-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2024-cü ilin may ayında ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək mənzilə görə kirayə haqqı ödənilməsini xahiş etmiş, lakin imtina edilmişdir. Cavabdehin 21 may 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, 2021-ci il tarixindən ehtiyata buraxıldığından onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı bildirir ki, onun həm müharibə iştirakçısı, həm müharibə əlili, həm də ehtiyyata buraxılmış hərbi qulluqçu olaraq mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ və bu hüququnu təmin olunana kimi isə kirayə haqqı almaq hüququ vardır. Lakin cavabdeh onun hüququnu təmin etmək əvəzinə, əlaqəsiz cavab verərək kirayə haqqı ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması və müvəqqəti kirayə xərclərinin ödənilməsi ilə bağlı müraciətinə baxılmış və 2021-ci il tarixdən ehtiyata buraxıldığından müvafiq qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsinin mümkün olmadığı qeyd edilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Müvafiq sorğu ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənəddən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci bəndinin “b” yarımbəndinə əsasən xəstəliyə görə ehiyata buraxılmışdır. -Azərbaycan Respublikasının Müdafiə Nazilriyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. -Əlillik alt sisteminin qiymətləndirmə üzrə məlumatından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” gözdən əlillik səbəbi ilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir . -Tovuz regional “ASAN xidmət” X3 tərəfindən verilən AZ-İİ № 583562 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Sərdərova” soyadı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, Tovuz rayonunun Azaflı kəndində 0.65 ha kənd təsərrüfatı təyinatlı (ümumi birgə) torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-0947 nömrəli, xx.xx.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda İddiaçı (ümumibirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Tovuz rayonu, Azaflı kəndində 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-947 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının verildiyi, X1 adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş qeydiyyat kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunda qulluq etmiş xx.xx.2021-ci il tarixdə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır. -Bakı şəhəri Cavabdeh 23 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı rayon icra hakimiyyətində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Məktubda qeyd olunmuşdur ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına götürülməsi barədə müraciətinə rayon icra hakimiyyəti tərəfindən imtina verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Silahlı Qüvvələrində çavuş rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmət keçmiş, xx.xx.2021-ci il tarixdə müvafiq əmrlə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin “b" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İşin araşdırılan halları ilə özünün və ailə üzvünün mülkiyyətində yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin olması müəyyən edilməmişdir. Ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırkı iddia ilə cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarət olmaqla aşağıdakı vəzifələrin cavabdehin üzərinə qoyulması xahiş edilir: 1. Ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi; 2. Mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi Məhkəmə hesab edir ki, tələbin birinci hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. AR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. Həmin Qanunun 28.5-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. Həmin Qanunun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olan şəxslər. Məhkəmə qeyd edir ki, iddiaçı xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq hərbi xidmət keçmiş hərbi qulluqçu olduğundan mənzil hüququ xüsusi qanunla tənzimlənir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 2-ci və 3-cü abzaslarına görə, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, qanunvericilikdə müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyü vurğulanmışdır. Qanunverici müddətdən artıq hərbi qulluqçularının mənzillə və ya torpaq sahəsi ilə təmin edilməsi üçün 2 qayda müəyyən emişdir: şəxs ya yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış olmalı, ya da 15 təqvim ili və daha çox xidmət etmiş olmalıdır. Hazırkı iş üzrə iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən xəstəliyinə görə ehtiyata buraxılmış hərbi qulluqçu olduğundan mənzil növbəsinə götürülməsi onun xidmət illəri ilə şərtləndirilmir. Həmçinin iddiaçının özünün və ailə üzvünün mülkiyyətində yaşayış sahəsi təyinatlı daşınmaz əmlak aşkar edilmədiyindən, beləliklə də, sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olduğundan onun hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi üçün “qanuni gözləntisi” vardır. Odur ki, cavabdehin bu hissədə imtinası qanunazidd qiymətləndirilir. Məhkəmə iddia tələbinin 2-ci hissəsinə, yəni müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi kirayə xərclərinin ödənilməsi yalnız yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıya o halda mənzil uçotuna götürülmüş hərbi qulluqçu kimi müvəqqəti mənzilə görə kirayə haqqı ödənilə bilərdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ən azı 15 təqvim ili xidmət etmiş olsun. Hazırkı halda isə iddiaçının xidmət ilinin 15 ildən az olması işin mübahisəsiz halı olduğundan o, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə aid edilə bilməz. Odur ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi vəzifəsi Cavabdehnə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 15 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10260/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10260/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver