Məhkəmə qərarları › İş №2-1(112)-10261/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10261/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10261/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən 1 A saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsi, yəni oğlu X2 və İddiaçı2 ilə birgə ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 1 A ünvanında yaşayır. Yaşadıqları, lakin, qeydiyyatda olmadıqları sözügedən ünvana onun və İddiaçı2 qeydiyyata düşməsi üçün cavabdehə müraciət etmişlər. Cavabdeh 13.05.2021-ci il tarixli, 059-13534B nömrəli qərarı ilə onların həmin mənzilə qeydiyyata alınmalarından imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin 16.04.2019-cu il tarixində keçirilmiş birgə iclasının 05 nömrəli protokolun qərarına əsasən, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış evində mərtəbə 1, ümumi sahəsi 32.45 kv.m, yaşayış sahəsi 18.48 kv.m olan 1 otaqlı, 1 A nömrəli mənzil daimi yaşamaq üçün İddiaçı1, yəni ki, ona, 3 nəfərdən ibarət ailə tərkibi ilə ayrılmışdır (İddiaçı1, X2 və İddiaçı2). Həmin qərar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 08.07.2019-cu il tarixli, 94 nömrəli sərəncamına əsasən təsdiq olunmuşdur. Həmin sərəncamı iddia ərizəsinə əlavə edir. Yuxarıda qeyd olunanlara əsasən, onların həmin mənzilə qeydiyyata düşmələri üçün tam hüquqları vardır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan İddiaçı1 məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı1 yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 22A, mənzil 34-dür. İşdə olan İddiaçı2 məxsus AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 22A, mənzil 34-dür. İşdə olan cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 13.05.2021-ci il tarixli, 059-13534B nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun və İddiaçı2 ünvan 2, mərtəbə 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana tərəflərindən qeyydiyyata alınması qanunamüvafiq deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərlər. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 16 aprel 2019-cu il tarixli, 05 nömrəli Protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış evində mərtəbə 1, ümumi sahəsi 32.45 kv.m, yaşayış sahəsi 18.48 kv.m olan 1 otaqlı 1 A nömrəli mənzil daimi yaşamaq üçün İddiaçı1 3 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə görə ayrılmışdır - İddiaçı1 - 1962-cü il təvəllüdlü –özü, X2 - 1989-cu il təvəllüdlü – oğlu, İddiaçı2 - 1994-cü il təvəllüdlü - qızı. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 94 nömrəli, 08.07.2019-cu il tarixli “SOCAR-ın 23.04.2019-cu il tarixli, SOCAR**********31060661X00015 saylı məktubuna baxılması haqqında” Sərəncamından görünür ki, SOCAR-ın 23 aprel 2019-cu il tarixli, SOCAR**********31060661X00015 saylı məktubu, SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaq Respublika Komitəsinin 16.04.2019-cu il tarixində keçirilmiş birgə iclasının protokol (pr.№05) qərarını nəzərə alaraq, qərara alınmışdır ki: 1. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin 16.04.2019-cu il tarixində keçirilmiş birgə iclasının 05 nömrəli protokol qərarı nəzərə alınaraq, ünvan 2 ünvanında 5 mərtəbəli binanın, mərtəbə 1, ümumi sahəsi 32.45 kv.m, yaşayış sahəsi 18.48 kv.m olan 1 otaqlı 1 A nömrəli mənzili daimi yaşamaq üçün İddiaçı1 3 nəfərdən ibarət ailə tərkibində ayrılsın: İddiaçı1 – 1962-ci il təvəllüdlü – özü; X2 – 1989-cu il təvəllüdlü – oğlu, İddiaçı2 - 1994-cü il təvəllüdlü – qızı. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçıların hazırda qeydiyyata alınmalarını xahiş etdikləri ünvan 1 ünvanında yerləşən 1 A saylı mənzil, İddiaçı1 3 nəfər ailə tərkibi ilə ( İddiaçı1 – 1962-ci il təvəllüdlü – özü; X2 – 1989-cu il təvəllüdlü – oğlu, İddiaçı2 - 1994-cü il təvəllüdlü – qızı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclasının 16.04.2019-cu il tarixli 05 nömrəli protokoluna və həmin protokol əsasında Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş 94 nömrəli, 08.07.2019-cu il tarixli sərəncamına əsasən ayrılmışdır. Sözügedən sənədlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıların müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, həmçinin, iddiaçıların hazırda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2ci bəndinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə köçmək üçün əsas verən sənədləri olduğundan, cavabdeh tərəfindən onların sözügedən ünvana qeydiyyata alınmalarından imtina edilməsi nəticəsində, yaşayış yeri üzrə qeydiyyata alınma, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu səbəbdən də, iddiaçılar qeydiyyata alınmalarından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 ünvan 1, mənzil 1 A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar