Məhkəmə qərarları › İş №2-1(112)-10261/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10261/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10261/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən 160 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5060/2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən 160 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi və mülkiyyətinə verilməsi Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı icra olunmuş və Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13/6 saylı qərarı ilə həmin torpaq sahəsinin dəyəri ödənilməklə mülkiyyətinə verilməsi qərar alınmışdır. Daha sonra, onunla Bələdiyyə arasında eyni tarixli alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən 160 kv.m torpaq sahəsi dəyəri (1 kvm. üçün 26 manat olmaqla 4160 manat) tam ödənilməklə ona satılmışdır. Bundan sona isə həmin alqı-satqı ilə bağlı müvafiq akt tərtib edilməklə torpaq sahəsinin situasiya planı tərtib edilərərk Bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bir müddət bundan əvvəl tərəfindən qeyd edilən və hal-hazırda da istifadəsində olan torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair aidiyyatı üzrə cavabdeh təşkilata müraciəti imtina ilə qarşılanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, alqı-satqı müqaviləsində 160,0 kv.m torpaq sahəsi qeyd edilsə də, faktiki olaraq 180,0 kvm.-ddir. Sahənin bir hissəsi (42,0 kv.m) ayrıca metal torla çəpərlənərək meyvə ağacları əkilərək ayrılmışdır. Faktiki sahə yol kənarı, digər tərəfdən yaşayış binasından 8,0 metr aralı məsafədə üzərində bir neçə yaşıllıq ağacları və meyvə ağacları olan yerdən ibarətdir. İmtinada daha sonra göstərilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə torpağı olması aşkar edilməmişdir. Bununla razılaşmayaraq onu bildirməyi zəruri hesab edir ki, qeyd edilən torpaq sahəsinin kvadratmetrinin müqavilədə göstəriləndən artıq olması, çəpərlənməsi, meyvə ağaclarının əkilməsi, xüsusən də elektron kadastr baza məlumatlarında aşkar edilməməsi imtina üçün əsas ola bilməzdi. Bu imtina tam qanunsuz və əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair çıxarış və plan ölçünün tərtib edilməsi ilə bağlı 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə daxil olmuş ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********48 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sahənin bir hissəsi (42.0 kv.m) ayrıca metal torla çəpərlənərək meyvə ağacları əkilərək ayrılmışdır. Faktiki sahə yol kənarı, digər tərəfdən yaşayış binasından 8.0 metr aralı məsafədə üzərində bir neçə sayda yaşıllıq ağacları və meyvə ağacları olan yerdən ibarətdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahənin bir hissəsi su boru xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda sahəyə dair təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-S-0166-8/2025 **********48 nömrəli məktubla imtina edilmişdir.

8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5060/2014 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən 160 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi və mülkiyyətinə verilməsi Bakı şəhəri Yasamal Bələdiyyəsinə həvalə edilmişdir.

9. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.20214-cü il tarixli, 13/6 nömrəli qərarına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)- 5060/2014 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə İddiaçı Ş.Mehdiyev küçəsi, 3 saylı binanın yaxınlığında cizgidə göstərilən sahədə icarə müqaviləsi əsasında istifadəsində olan 160.0 kv.m torpaq sahəsinin hərracdan kənar zona üzrə normativ qiymətlə ona satılması, torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında alqı-satqı aktı və müqavilənin bağlanması qərara alınmışdır.

10. Torpaq sahəsinin alqı-satqı müqaviləsi və aktı, həmçinin yerləşmə cizgisi və bələdiyyəyə vergi və ödənişlərin ödənilməsi barədə bildiriş iş materiallarına əlavə edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-1180/2025 nömrəli məktubla bildirilmişdir ki, Yasamal rayon Yasamal Bələdiyyəsinin arxiv fondu üzrə 2014-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2014-cü il tarixli 13/6 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 1000 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ilə Yasamal Bələdiyyəsi arasında bağlanmış hər hansı hüquqmüəyyənedici sənəd və Yasamal Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/6 saylı qərarı bələdiyyədə aşkar edilməmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tairxli, 3-21- 3-30/2-25403/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Bundan başqa daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatların əks olunduğu sxem və ortofoto görüntüsü təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmuş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3/2-9108/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev ünvanında yerləşən torpaq sahəsində kommunikasiya xətlərinin mövcudluğu və mühafizə zonası ilə əlaqədar məlumatların təqdim edilməsi barədə müraciətə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsində baxılmışdır. Nəzərə çatdırılmışdır ki, müraciətdə qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda yerləşən torpaq sahəsinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin istismarında olan kommunikasiya xətlərinin, su anbarlarının, nasos stansiya və qurğularının mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir.

15. İş üzrə "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 01-325/25 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən, aparılmış tədqiqatın nəticəsindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/6 saylı qərarı ilə İddiaçı ayrılmış 0.016 ha (160 kv.m) torpaq sahəsinə əlavə edilmiş situasiya planında göstərilən torpaq sahəsi ilə onun naturada göstərdiyi torpaq sahəsi eynilik təşkil edir, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, naturada heç bir kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:

1. Sahənin bir hissəsi (42.0 kv.m) ayrıca metal torla çəpərlənərək meyvə ağacları əkilərək ayrılmışdır. Faktiki sahə yol kənarı, digər tərəfdən yaşayış binasından 8.0 metr aralı məsafədə üzərində bir neçə sayda yaşıllıq ağacları və meyvə ağacları olan yerdən ibarətdir.

2. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahənin bir hissəsi su boru xəttinin mühafizə zonasında yerləşir.

3. Eyni zamanda sahəyə dair təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur.

23. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

24. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

25. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1913 saylı qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürmüşdür.

26. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi bələdiyyə tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar ayrılmış və həmin sənədlərin əsli iddiaçıda mövcudur. Belə olan təqdirdə məhkəmə həmin qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin (mötəbərlik prezumpsiyası) tələbləri (19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.) baxımından mötəbər qiymətləndirir.

27. İnzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri kimi elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olamsına, həmçinin sahənin bir hissəsinin su boru xəttinin mühafizə zonasında yerləşməsinə, sahəyə dair təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluğun mövcud olmasına istinad edilmişdir ki, məhkəmə cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyinə və məhkəmənin sorğusuna əsasən aidiyyəti qurumdan əldə edilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/6 saylı qərarı ilə İddiaçı ayrılmış 0.016 ha (160 kv.m) torpaq sahəsinə əlavə edilmiş situasiya planında göstərilən torpaq sahəsi ilə onun naturada göstərdiyi torpaq sahəsi eynilik təşkil edir, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, naturada heç bir kommunikasiya xətlərinin mühafizə zolağına düşmür, torpaq sahəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin istismarında olan kommunikasiya xətlərinin, su anbarlarının, nasos stansiya və qurğularının mühafizə zonasında yerləşmir.

28. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

29. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən 160 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar