Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10263/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X6 Katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qərarın ləğvi, ad və soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının uşağın adının və soyadının dəyişdirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli, 34/2023-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X3 adının “Diana”, soyadının “Məmmədova” dəyişdirilməsi öhdəliyinin Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2021-ci ildə doğulmuş övladı qızının adının və soyadının dəyişdirilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda qızının atası Xarkov şəhəri, Fərqanskaya küçəsi,n ev33B, mənzil 76 ünvanında yaşayan X7 notarial qaydada təstiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsini də təqdim etmişdir. Həmçinin, azyaşlı övladı X4 adının və soyadının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon Qeydiyyat Şöbəsinə də müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının uşağın adının və soyadının dəyişdirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli, 34/2023-cü il tarixli qərarı ilə xahişləri təmin olunmamış və qızının adı və soyadı dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası heç bir əsas göstərmədən düzgün olmayaraq qızının ad və soyadının dəyişdirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Binəqədi rayon Qeydiyyat Şöbəsi də həmin qərara əsaslanıb qızımın ad və soyadını dəyişməkdən imtina etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının imtinasını əsassız və uşağının mənafeyinə zidd hesab edir. Belə ki, xx.xx.2021-ci il təvəllüdlü qızını danışmağa başlayandan Diana adı ilə çağırırlar. Həmçinin ailələrində, qohumlar arasında, getdiyi baxçada onu öz adı ilə deyil Diana adı ilə tanıyırlar. Qızı da öz adını yalnız Diana bilir və o cür qəbul edir. Uşağı rəsmi adı “Vəsilə” adını heç cür qəbul etmir və həmin adla çağırılmasını istəmir. Ona Vəsilə adı ilə səslənəndə heç bir reaksiya vermir. Uşağının psixoloji baxımdan alışdığı və qəbul etdiyi Diana adına dəyişdirilməsi onun mənafeyinə uyğundur. Qızı adının birmənalı Diana olduğunu bilir və Vəsilə adını heç cür qəbul etmir. Bildirir ki, Diana adı geniş yayılmış, hər kəs tərəfindən xoş qəbul edilən addır və gülünc hesab oluna bilməz. Qızı onun himayəsindədir. Onun bütün maddi və mənəvi təlabalını o ödəyir. Cavabdeh valideyinlik vəzifəsini yerinə yetirmir, azyaşlı övladının tərbiyəsində iştirak etmir və heç bir köməklik göstərmir. O, hətta məhkəmə qətnaməsi ilə müəyyən edlilmiş alimenti ödəməkdən yayınır. Ona görə də qızının soyadının onun soyadı “Məmmədova”ya dəyişdirilməsi üçün atasının rəyinin alınması qanunvericiliyin tələbinə görə məcburi sayılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ № 422931 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Huseinov Azym ilə X8 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 357 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş MYİ seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Huseinov Azym ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X12 ərizəsində əsasən X2 onun azyaşlı qızı, 25 iyun 2021 il təvəllüdlü, X5 adının X10 dəyişdirilməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş Qəyyumluq və himayəçilik komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli 34/2023 saylı qərarından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci və 189-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarf’nm 1.4-cü bəndinə əsasən Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X4 adı və soyadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/7-13-806/204 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edlmiş ‘Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”-na müvafiq olaraq kifayət qədər əsas olmadığı üçün və həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını,ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinin müddəalarına əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə,eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə,valideynlərin birgə xahişinə əsasən icazə verilə bilər. Binəqədi rayo İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X4 adı və soyadı dəyişdirilməsinə imtina edilmişdir. Bu səbəbdən müraciətinizi təmin edə bilmirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-10/2-M-252-164/2023 nömrəli cavab məktubu ilə təqdim olunmuş Qəyyumluq və himayəçilik komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli 34/2023 saylı qərarından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci və 189-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarf’nm 1.4-cü bəndinə əsasən Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X4 adı və soyadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı normalara istinad edir. Məhkəmə qeyd edir ki, uşağın (maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar) ad və soyadla bağlı hüquqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – AM) ilə tənzimlənir. Həmin Məcəllənin “Uşağın ad, ata adı və soyad daşımaq hüququ” adlanan 53-cü maddəsi uşağa doğularkən adın, ata adının və soyadın verilməsi qaydasını, “Uşağın adının və soyadının dəyişdirilməsi” adlanan 54-cü maddəsi isə ad və soyada malik uşağın adının və soyadının sonradan dəyişdirilməsi qaydasını tənzimləyir. Həmin maddələrə əsasən: -Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Göründüyü kimi, qanunverici uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir: 1.valideynlərin birgə xahişi; 2.uşağın mənafeyinin nəzərə alınması. Hazırkı işdən görünür ki, iş üzrə İddiaçı X12 ilə birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X4 adının “Diana” adına, soyadının isə ‘'Məmmədova” soyadına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. X13 notariat qaydada təsdiq edilmiş ərizəsində uşağın adının “Diana" soyadının isə “Huseınova” kimi yazılması barədə razılığını bildirmişdir. Cavabdeh inzibati orqan mübahisələndrilən xx.xx.2023-cü il tarixli qərarında uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi və 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmamasını nəzərə alaraq, X4 adının və soyadının dəyişdirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Uşağın mənafeyi ilə bağlı məhkəmə qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericilik uşağın mənafeyinin həm ad qoyulması, həm də adın və soyadın dəyişdirilməsi zamanı nəzərə alınmasının müəyyən etmişdir. Yəni inzibati orqan uşağın adının və soyadının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətləndirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan askpekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. İşdən görünür ki, cavabdeh imtina cavabı verərkən uşağın adının və siyadının dəyişdirilməsinin və yeni ad və soyadın onun mənafeyinə zərər yetirib yetirməməsini qiymətləndirməmiş, cavabdeh sadaladığı halların və qanunvericiliklə uşağın ad və soyadın dəyişdirilməsinə razılıq verilməsini istisna edən hansı halların mövcud olduğunu əsaslandırmamış, bu barədə işin faktiki halları nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmamışdır. “İnzibati İcraat haqqında” Qanunun: -14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. -16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -57.2-ci maddəsinə görə yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -59.1-ci maddəsinə görə yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.3-cü maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. -61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Hazırkı işin hallarından görünür ki, ərizəyə müvafiq komissiyada kollegial tərkibdə baxılaraq müraciətin təmin edilib-edilməməsi ilə bağlı qərar formasında, əsaslandırılmış, dəqiq və aydın şəkildə, işin faktiki və hüquqi hallarına istinad edilməklə müvafiq inzibati akt qəbul edilməmişdir. İnzibati Prosesual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; -73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; -73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının müraciəti ilə bağlı inzibati icraat cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq səlahiyyətli komissiyasında qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun aparılmamış, inzibati orqanın diskresion səlahiyyətinə aid olan müraciətə baxılmanın nəticəsi olaraq işin faktiki və hüquqi hallarını müəyyən edən, cavabdehin öz mülahizəsini dəqiq və aydın şəkildə ifadə edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun əsaslandırılmış inzibati akt qəbul edilməmişdir. Belə olan halda, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra inzibati orqanda yenidən aparılacaq inzibati icraatın nəticəsi olaraq qəbul ediləcək yeni inzibati aktı mübahisələndirmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4 ad və soyadının dəyişdirilməsinə icazə verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bİnəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10263/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10263/2024
16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver