Məhkəmə qərarları › İş №2-1(112)-10263/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10263/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10263/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilin şəxsi hesab vərəqəsinin adına dəyişdirilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 94.2 kv.m, köməkçi sahəsi 64.2 kv.m və həyətyanı sahəsi 30.2 kv.m olan 6 otaqlı mənzilin şəxsi hesab vərəqəsinin iddiaçının adına dəyişdirilməsi haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında Bakı şəhəri Nərimanov rayon İcrayə Komitəsinin 23 sentyabr 1983-cü il tarixli 51 saylı qərarına əsasən pasport qeydiyyatına alınmış və o vaxtdan həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Övladları həmin ünvanda dünyaya gəliblər və hal hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Yaşadığı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 94.2kv.m, köməkçi sahəsi 64.2 kv.m və həyətyanı sahəsi 30.2 kv.m olan 6 otaqlı mənzilin şəxsi hesab vərəqəsinin iddiaçının adına dəyişdirilməsini istədi və xx.xx.2025-ci il tarixli ərizə ilə Cavabdehə müraciət etdi, lakin xx.xx.2025-ci il tarixli məktubla mənzilin şəxsi hesab vərəqəsinin adına dəyişdirilməsindən imtina edilmişdir. ünvan 1 ünvanında Bakı şəhəri Nərimanov rayon İcrayə Komitəsinin 23 sentyabr 1983-cü il tarixli 51 saylı sərəncamına əsasən mənzilin şəxsi hesab vərəqəsi 0645 nömrə ilə atası X1 adına qeydə alınmışdır və atası 24 mart 2024-ci ildə vəfat etmişdir. Mənzil kirayə və kommunal xidmət haqlarını vaxtında ödəyir, MKİS-i ilə heç bir problemi yoxdur. Hesab edir ki, mənzilin kirayə müqaviləsinin bağlanmasından imtina edilməsi qanunsuz və əsassızdır, belə ki, faktiki olaraq ailə üzvləriylə birlikdə mənzildən qanunu istifadə edir və əvvəlki kirayəçinin qanunu vərəsəsi və ailə üzvüdür.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-14/2-K-9-091/2025 saylı məktubla iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “ərizənizə əlavə etdiyiniz sənədlərdən göründüyü kimi Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli, 51 nömrəli qərarı ilə atanız X1 Daş Karxanası küçəsi 689 a nömrəli özbaşına tikilmiş evə ailə tərkibi 4 nəfər olmaqla pasport qeydiyyatına alınması qərara alınmışdır. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 599 nömrəli Sərəncamı ilə özbaşına tikililərin hüquqi qeydiyyatdan keçirilməsi qadağan edilmişdir. Bu səbəbdən atanızın vəfatı ilə əlaqədar, özbaşına tikilmiş evin adınıza sənədləşdirilməsi mümkün deyildir.”

4. Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 51 nömrəli qərarına əsasən X1 Daş Karxanası küçəsi 689 a nömrəli özbaşına tikilmiş evə ailə tərkibi 4 nəfər (qızı İddiaçı daxil olmaqla) ilə pasport qeydiyyatına alınması qərara alınmışdır.

5. Nərimanov rayon MKTB 18 saylı MKİS tərəfindən tərtib edilən şəxsi hesab vərəqəsinə əsasən 51 nömrəli xx.xx.1983-cü il tarixli qərar əsasında Daş Karxanası küçəsi, ev 689 a ünvanında qeydiyyata düşən kirayəçi X2 7 nəfər ailə tərkibi (qızı İddiaçı daxil olmaqla) ilə birlikdə yaşayır.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü) ünvan 3 ünvanında xx.xx.2025-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.

7. AZ-İİ nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır tərəflər hazırlıq icraatı üzrə məhkəmə iclasında iştirak etmirlər.

II. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. İddia ərizəsindən görünür ki, iddiaçı mərhum atasının (kirayəçinin) adına tərtib edilmiş mənzilə dair şəxsi hesab vərəqəsinin adına keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan): 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

15. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 81-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrıayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

16. Məhkəmə hesab edir ki, iddiaçı mərhum atasına kirayəçi kimi verilmiş sənədin – səxsi hesab vərəqəsinin onun adına keçirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən düzgün (əlverişli) olmayan iddia kimi qiymətləndirilir. Belə ki, iddiaçının çatmaq istədiyi məqsədə uyğun hüquqi müdafiə vasitəsi adına sosial kirayə müqaviləsinin bağlanmasıdır. Qanunvericiliyin tələbindən də görünür ki, iddiaçı ünvan 1 ünvanında Bakı şəhəri Nərimanov rayon İcrayə Komitəsinin 23 sentiyabr 1983-cü il tarixli 51 saylı qərarına əsasən pasport qeydiyyatına alınaraq istifadə hüququ tanındığı üçün və o vaxtdan həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı üçün xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85ci maddəsinin tələblərinə əsasən özünün icarədar hesab edilməsini tələb edə bilər.

17. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericilikdə şəxsi hesab vərəqəsinin addanada keçirilməsi tələbinə dair müddəa olmamaqla, cavabdeh qurumun belə vəzifəsi (səlahiyyəti) nəzərdə tutulmamışdır.

18. Beləliklə, iddia lazımi qaydada qaldırılmamış, cavabdeh qurumun isə mənzilin şəxsi hesab vərəqəsinin iddiaçının adına rəsmiləşdirmək və ya keçirmək vəzifəsi (səlahiyyəti) yoxdur.

19. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar