Məhkəmə qərarları › İş №2-1(112)-10264/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10264/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10264/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, 1990-1991-ci illərdə Xocavənd rayonu Əmrallar kəndi ərazisində dövlətimizin müdafiəsi və ərazi bütövlüyü uğrunda erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarınd iştirak etmişdir. O, könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşmüşdür. Onun döyüşlərdə iştirakını şahid döyüş yoldaşları da təsdiq edə bilər. İddiaçı hesab edir ki, cavabdehin müharibə veteranı və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər də təqdim edilməlidir. Döyüşlərdə iştirak edən sənədlər dedikdə isə, silahların təhkim olunması barədə əmrlər, çıxarışlar, orden, medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət alma haqqında arayışlar, əmrlərdən çıxarışlar və başqa sənədlər başa düşülür. Eyni zamanda, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Halbuki, iddiaçı sübut qismində icra hakimiyyətinin arayışını göstərmişdir ki, qeyd olunan arayış sübut hesab edilə bilməz. Çünki, əksər hallarda yerli icra hakimiyyəti orqanları yeni siyahıları tərtib edərkən döyüş əməliyyatları aparılan dövrə aid sənədlərə, siyahılara, əmrlərə istinad olunmadan, kənd icra nümayəndələri tərəfindən verilmiş arayışlara və ya sadecə şahid ifadələrinə əsaslanaraq bu siyahıları tərtib etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olarq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin etirazından müəyyən edilir ki, müharibə veteranı və vəsiqəsi verilməsi barədə cavabdeh inzibati aktın qəbulunu onunla istisna etmişdir ki, icra nümayəndəliyinin arayışı şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi əsası qismində çıxış etmir. Beləliklə, inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu cavabdeh sübut etməlidir ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırmasına əsasən təqdim edilmiş sənədlər müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbulunu istisna etmək üçün yetərli sübut hesab edilir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsini verilməsi ilə bağlı əsaslı sübut qismində Xocavənd rayon İcra Hakimiyyəti Başçısının və Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarını təqdim etmişdir ki, həmin arayışların mötəbərliyi, eyni zamanda iddiaçının döyüşlərdə iştirakı ilə bağlı aidiyyəti sorğular verilmişdir. Sorğulara cavab məktublarından məlum olur ki: -Xocavənd rayon İcra Hakimiyyəti tərəfindən X1 özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsi ilə bağlı arayışın verilməsinə əsas Xocavənd rayon İcra Hakimiyyəti başçısı tərəfindən 08.11.2016-cı ildə təsdiq edilən siyahı təşkil edir. İddiaçının adı həmin siyahının 130-cu bəndində göstərilmşdir. -Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X1 özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsi ilə bağlı arayışın verilməsinə əsas isə şahid ifadələri təşkil edir. (notarial qaydada təsdiq edilmiş ərizələr) Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, birincisi, Xocavənd rayon İcra Hakimiyyəti Başçısının arayışı özü də 2018-ci ildə tərtib olunan bir arayışdır və hansı əsasa istinadən verildiyi bəlli deyil. Həmin arayışa əlavə olunmuş, iddiaçının adının qeyd olunduğu Siyahıya gəldikdə isə, həmin Siyahının latın əlifbası və kompüter texnologiyası vasitəsilə tərtib edilib çap olunması açıq şəkildə onu deməyə əsas verir ki, son zamanlarda tərtib olunmuşdur. Beləliklə də, konkret halda, zamanında özünümüdafiə dsətələrinin təşkil olunduğu vaxt Xocavənd rayonu Əmirallar Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib olunmuş Siyahısı mövcud olmadığı halda, 28 il sonra tərtib edilən heç bir əsasa söykənməyən Siyahıda və aryaışdakı məlumatların mötəbərliyi istisna olunur. Bundan başqa Məhkəmə vurğulamağı zəruri hesab edir ki, sözügedən arayışlar yalnız o zaman əhəmiyyət daşıyardı ki, əgər Xocavənd rayon sakini İddiaçı özünümüdafiə dəstələrində iştiraka cəlb olunmasını, adıçəkilən siyahıya onun adının salınmasına əsas verən sənədləri, silahın İddiaçı təhkim olunması barədə əmrin, onun döyüşlərdə yaralanması və ya təltif olunması haqqında sənədlərin, post kitabının təhvili, o cümlədən onun döyüşlərdə iştirakını sübut edən digər sənədlər mövcud olsun. Hazırki halda iddiaçının adının qeyd olunduğu siyahı aidiyyəti üzrə kənd inzibati ərazi dairələrindən toplanmış məlumat əsasında tərtib olunduğundan, kənd inzibati ərazi dairələrində iddiaçı ilə bağlı məlumat isə məhz şahid ifadələrindən kökləndiyindən, arayışlar əsasında iddiaçının Xocavənd rayon Əmirallar kənd özünümüdafiə dəstəsinin tərkibində 1990-1991ci illərdə iştirak etməsi sübut olunmur. Göründüyü kimi cavabdeh inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğu sübut edilmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, yuxarıda sadalanan normativ-hüquqi aktların müddəalarının təhlil də göstərir ki, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İddiaçı isə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə, o cümlədən yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda adının olmasına dair rəsmi məlumata (o da döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda mötəbər sayıla bilərdi),yəni qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1251/2021 saylı iş üzrə qəbul etdiyi 28.07.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı, həmçinin siyahı ilə birlikdə döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır. İddiaçının Füzuli rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini Füzuli rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahı olsa da, döyüşlərdə iştirakı sübut edən başqa sənəd mövcud olmamışdır. İddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi işdə olan yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı və arayışdan başqa hər hansı sübutla təsdiq olunmur. Göründüyü kimi oxşar iş üzrə yuxarı instansiya məhkəməsi də hesab edir ki, siyahı və arayış özü özlüyündə şəxsin müharibə veteranı və vəsiqəsini əldə etməsinin müstəqil əsası qismində çıxış edə bilməz. Eyni zamanda digər oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində bu növ mübahisələrdə təqdim olunmuş arayışların mötəbər sayılması üçün həmin arayışların verilməsinə əsas olan sənədlər, həmçinin vətəndaşın özünümüdafiə dəstələrində iştirak etdiyini təsdiq edən digər sənədlərin təqdim olunması tələb olunur. (Bax: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1184/2021 27.10.2021-ci il tarixli qərarı; 2-1(103)-1876/2021 26.08.2021-ci il tarixli qərarı) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar