Məhkəmə qərarları › İş №2-1(112)-10264/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10264/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10264/2025 13.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sahiblik və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Tağıyev küçəsində yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 2189 saylı Sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinə və üzərində mövcud olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 saylı Sərəncamı ilə iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha (600 kv.m) torpaq sahəsi ayrılmışdır. Həmçinin, sərəncama əsasən torpaq sahəsinin sxematik planı tərtib edilərək verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Tağıyev küçəsində yerləşən iddiaçıya məxsus torpaq sahəsi üzərində qanuni əsaslarla inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan bütün zəruri sənədləri toplayıb cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh mmüraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsi Zeytun Sovxozuna ayrılmış ərazidir və sahəyə dair İdarəyə digər şəxsin müraciəti daxil olmuşdur. Bu səbəbdən qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövləl reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 2189 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.06 ha torpaq sahəsinin sənədləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Müraciətilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Tağıyev küçəsində yerləşən ünvana baxış keçirilmiş, istifadəsində və sahibliyində olan əmlakın sənədlərlə uyğunluğu və mövcud vəziyyəti yoxlanılmışdır. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2025-ci il tarixli, 3-52/2-O-106-091 2025 nömrəli məktubla bildirilmişdir ki, ayrılmış torpaq sahəsinin mövcud vəziyyətinə uyğun tərtib olunmuş sxemdə göstərilən 0.06 ha torpaq sahəsinin qanunamüvafiq qaydada vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair etirazları yoxdur. Bundan başqa, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Tağıyev küçəsində yerləşən ona məxsus torpaq sahəsi üzərində qanuni əsaslarla inşa edilmiş fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi işlənib hazırlanmış, təsdiq edilmiş şəkildə cavabdehə təqdim edilmişdir. Həmçinin müraciətinə əlavə edilmiş notarial qaydada təsdiq edilən ərizədə (imtina məktubunda qeyd edilən digər şəxs) vətəndaş X3 tərəfindən cavabdeh orqana - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı şəkildə bildirmişdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi ev tikintisi üçün ayrılmış 800 kv.m torpaq sahəsinə dair Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən adına ayrılmış xx.xx.2007-ci il tarixli, 08/31 nömrəli qərara əsasən tərəfindən müraciət edilmişdir. Etdiyi müraciət səhv olduğu üçün həmin müraciətin ləğv edilməsi xahiş edilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağı bildirilmişdir. Göründüyü kimi, iddiaçı ilkin müraciətinin qəbulu zamanı cavabdeh orqanın tələb etdiyi bütün sənədlərin hamısını tam şəkildə təqdim etmiş və cavabdeh orqan bütün sənədlərinə baxdıqdan sonra müraciət ərizəsini qəbul etmiş, həmin vaxt hər hansı çatışmazlıq barədə iddiaçıya bildirilməmişdir, eləcə də cavabdeh orqanın əməkdaşları tərəfindən əmlakın yerləşdiyi ünvana baxış keçirilmiş və sxematik xəritə ilə mövcud vəziyyəti arasında hər hansı uyğunsuzluq aşkar edilməmişdir, lakin sonradan cavabdeh orqan heç bir əsas olmadan, yalnız formal mülahizəyə əsaslanıb qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehin imtina məktubunda istinad etdiyi halların qanuni sahibliyində və istifadəsində olan əmlakı üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Lakin cavabdeh heç bir hüquqi və faktiki əsas olmadan, yalnız özünün formal mülahizələrini qeyd etməklə əsassız və qanunsuz olaraq imtina etmişdir. Eyni zamanda, cavabdeh orqanın verdiyi şablon xarakterli imtina məktubu inzibati icraat haqqında qanunun və qaydaların tələblərinə uyğun olmamaqla yanaşı, ətraflı şəkildə əsaslandırılmamış və sadəcə bir neçə cümlə formal mülahizə edilmişdir. Halbuki, imtina məktubunda göstərilənlərin iddiaçının hazırkı işi ilə heç bir əlaqəsi yoxdur və imtina üçün hüquqi əsas ola bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, eyni sənədlərlə İdarəyə ünvanlanmış əvvəlki müraciət zamanı fərqli torpaq sahəsi göstərilmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-878/2021 №-li qərarı ilə İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və planölçünün verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi keçmiş Zeytun Sovxozuna ayrılmış ərazidir və sahəyə dair İdarəyə digər şəxsin - X2 Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin tərtib etdiyi sənədlər əsasında müraciəti daxil olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddianın əsaslılığı: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Məhkəmənin sorğusuna əsasən, Dövlət Arxivinin Bakı Fililalı tərəfindən təqdim edilmiş Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli sərəncamından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli Sərəncamına əsasən fərdi ev tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar ayrılmış torpaq sahəsinin mövcud vəziyyətinə uyğun tərtib olunmuş sxemdə göstərilən 0.06 ha torpaq sahəsinin qanunamüvafiq qaydada vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair etirazın olmadığı bildirilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin soğrusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, vətəndaşın (iddiaçının) Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-52/2-Ə-106-091/2025 saylı müraciətinə əsasən sözügedən torpaq sahəsinə dair yeni sxematik plan tərtib edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyətinə münasibətdə yuxarı səlahiyyətli orqan olduğundan, həmin qurum tərəfindən qəbul olunmuş akta münasibət bildirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Tağıyev küçəsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Layihədə fərdi yaşayış evinin texniki göstəriciləri və eskizi əks olunmuşdur. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-878/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi”nə dair iddia tələbi təmin edilməmişdir. -Üçüncü şəxs X3 tərəfindən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış, notarial qaydada təsdiq edilmiş, xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/31 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 800 kv.m torpaq sahəsinə dair etdiyi müraciət səhv olduğundan həmin müraciətin ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 №-li Sərəncamına əsasən ona ayrılmış 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın, plan-ölçü sənədinin və texniki pasportun verilməsindən ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar (2.7) da daxildir (iddiaçının müraciət etdiyi dövrdə (16 iyul 2025-ci il tarixədək) qüvvədə olmuş redaksiya). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1- dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Qeyd olunan maddənin normasından irəli gələn hüquqi nəticələrə əsasən, hüquqmüəyyənedici sənədlərin tərkibi və əhatə dairəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki (yəni 01 yanvar 2013-cü ilədək olan) və sonrakı dövrlərdə inşa olunmuş tikililərə münasibətdə fərqləndirilmişdir. Baxılan mübahisənin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli Sərəncamı ilə əsaslandırır, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının isə inşa işlərinin xx.xx.2013-cü il tarixindən öncə həyata keçirilməsi faktına əsasən meydana gəldiyini irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə baxılması, birbaşa şəkildə həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqlarının müəyyən olunmasından asılıdır. Belə ki, yuxarıda istinad olunan Qanunun 8.0.9.1.2-ci maddəsindən göründüyü kimi, 01 yanvar 2013-cü il tarixədək məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu yetərli sayılır. Buna görə də məhkəmə, ilk öncə torpaq sahəsinə münasibət bildirilməsini zəruri hesab edir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Belə ki, iddiaçı ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli Sərəncamını, ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən cizgini cavabdehə təqdim etmişdir. Nəzərə almaq lazımdır ki, iddia olunan torpaq sahəsinin ayrılmasına dair sərəncamın arxiv çıxarışı, həmçinin müvafiq qaydada tərtib edilmiş cizgisinin əsli vardır, eləcə də torpaq ayıran qurum tərəfindən də (rayon icra hakimiyyəti) də cizginin təqdim edilən cizginin həqiqiliyi təsdiq edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da təqdim edilmiş sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə cavabdehin imtina dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının əvvəlki müraciətində fərqli torpaq sahəsini göstərməsi, iddiaçının əvvəlki müraciətində fərqli torpaq sahəsinin göstərilməsi özlüyündə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas kimi çıxış etmir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-878/2021 nömrəli qərarı ilə iddiaçının tələbinin rədd edilməsi ilə bağlı məhkəmə hesab edir ki, həmin qərarın hüquqi nəticələri hazırkı iş üzrə icraata maneə təşkil etmir və iddiaçının hüququnun mahiyyəti üzrə qiymətləndirilməsinə təsir göstərmir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırda baxılan tələb əvvəlki iş üzrə predmet olmuş torpaq sahəsinə deyil, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş yerləşmə sxeminə uyğun olaraq iddiaçının faktiki istifadəsində olan, yəni əvvəlki iş üzrə təqdim edilmiş sənədlər və sxemlərlə üst-üstə düşməyən başqa torpaq sahəsinə münasibətdə irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının eyni tələblə təkrar müraciətə maneə yaratması üçün işlər arasında həm tərəflərin, həm tələbin predmetinin, həm də tələbin hüquqi əsaslarının eyni olması zəruridir. Göstərilən şərtlərin hazırkı iş üzrə məcmu şəkildə mövcud olmaması Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarının hüquqi qüvvəsinin iddiaçının hazırkı tələbi üzrə məhkəməyə müraciət hüququnu məhdudlaşdırmadığını deməyə əsas verir. Belə ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan, əvvəlki məhkəmə işi ilə hazırkı iş arasında predmetin eyniliyindən söhbət gedə bilməz. Torpaq sahəsinə dair digər şəxsin müraciət olması məsələsinə gəlincə, iş materiallarına əlavə edilmiş üçüncü şəxs X2 notarial qaydada təsdiq edilmiş ərizəsində iddia olunan torpaq sahəsinə dair müraciətinin səhv olduğunu qeyd edərək, bununla bağlı hər hansı tələbinin olmadığını qeyd etmişdir. Belə olan halda, üçüncü şəxsin sözügedən torpaq sahəsi üzrə hüquq iddiasının və ya mübahisə predmeti ilə bağlı hüquqi marağının mövcud olmaması nəzərə alınmaqla, həmin müraciət hazırkı iş üzrə iddiaçının tələbinin təmin edilməsinə maneə yaradan hal kimi qiymətləndirilə bilməz. İddiaçının istifadəsində olan torpaq sahəsinin keçmiş Zeytun sovxozunun ərazisində yerləşməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Həmin Məcəllənin 8-ci maddəsinə görə torpaq islahatını həyata keçirmək məqsədilə rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu kolxozlar, sovxozlar, digər kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları tərəfindən səmərəli istifadə edilməyən (meşə fondu, qışlaq və yaylaq sahələri, qoruqlar və yasaqlıqlar istisna olmaqla) torpaq sahələri, habelə vətəndaşların xüsusi mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilmiş torpaq sahələri hesabına yaradılır. Həmin Məcəllənin 9-cu maddəsinə görə torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli Sərəncamı qəbul edilərkən müvafiq dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 7-9-cu maddələrinin tələblərinə görə dövlət mülkiyyətində olan (o cümlədən, sovxoz ərazisinə aid olan) torpaqların fiziki şəxslərin istifadəsinə verilməsi səlahiyyətinə malik olmuşdur. Odur ki, mübahisəli torpaq sahəsinin keçmiş Zeytun sovxozunun ərazisinə düşməsi halı belə onun dövlət torpağı olmasını istisna etmədiyindən vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqları yaranmış və həmin hüquqların qeydiyyatı cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinə dair hissəsinə münasibətdə bildirir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, kadastr məlumatlarına əsasən evin 2008-ci il tarixdən müşahidə olunduğu, fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun olduğu qeyd edilmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi-vəkili məhkəmə iclasında verdiyi izahatında sözügedən fərdi yaşayış evinin 2008-ci ildə inşa edildiyini təsdiqləmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixədək inşa olunduğu müəyyən olunur. Belə olan halda məhkəmə, iddia tələbinin fərdi yaşayış evinə dair hissəsinə münasibətdə hesab edir ki, fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinin tətbiq edilməsi prosessual qənaət prinsipi baxımından məqsədəuyğundur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2013-cü il tarixinədək torpaq sahəsinin xüsusi mülkiyyətində olmaqla, yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu kifayət hesab olunmuşdur. İddiaçıya məxsus evin layihəsi vardır və inşa edilmiş evin layihə ilə uyğunsuzluğu barədə tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə olan halda qeyd edilir ki, iddiaçının fərdi yaşayış evini inşa etdiyi dövrdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı rəsmiləşdirilməmiş olsa da, torpaq sahəsinin ayrılmasına dair yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında onun gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Hazırkı məhkəmə qərarı ilə həmin hüquqların qeydiyyata alınması təmin olunduğuna görə, iddiaçı göstərilən maddənin tətbiq dairəsinə daxil olmaqla, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd tələblərinə cavab verir. Bu səbəbdən də, həm torpaq sahəsi, həm də onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Tağıyev küçəsində yerləşən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 saylı Sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə çıxarışın, torpağa dair plan və ölçü sənədinin və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsxə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar