Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10265/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi və s. tələbləri barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilərək, İddiaçı mənzil uçotuna götürülməsi və müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-xx.xx.2009-cu il tarixlərdə Azərbaycan Respublikası MTN Sərhəd Qoşunlarının, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin, Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin sıralarında düşmənlə təmas xəttində yerləşən hərbi hissələr üzrə bölmə və şöbələrdə xidmətdə olmuş, xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən pensiya təyin olunmaqla ehtiyata buraxılmışdır. Xidmət dövründə növbədə olsa da, yaşayış sahəsilə təmin olunmamışdır. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2019-cu il tarixdən Bakı şəhərində kirayədə yaşayır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, 15 təqvim ilindən artıq həqiqi hərbi xidmətdə olduğu üçün mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmasına dair ərizəsi əsasında Suraxanı rayon İcra Hakimiyyətində qeydiyyata alınmış, rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə ona və ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə başlanmışdır. Lakin, cari ilin yanvar ayından mənzil kirayəsi haqqının ödənilməsi dayandırılmış, səbəbini öyrənmək üçün çoxsaylı müraciətlərdən sonra bəlli olur ki, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 143 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə N. Əliyev mənzil uçotundan çıxarılmış, bu səbəbdən də mənzil kirayəsi haqqının ödənilməsindən imtina edilmişdir. Əsas kimi övladı X6 ipoteka krediti ilə 2 otaqlı mənzil alması, digər övladı X4 Ağstafa rayonunun Poylu kəndində 0.12 ha torpaq sahəsinin birgə mülkiyyətində olduğunun müəyyən edilməsi göstərilmişdir. Hesab edir ki, qeyd edilən sərəncam tam əsassız və qanunsuzdur. Belə ki, mənzil kirayəsi haqqının ödənilməsinə hüququ olan hərbçinin yetkinlik yaşına çatmış, sərbəst iş fəaliyyətində olan və ailə qurmağa hazırlaşan övladının ipoteka krediti ilə mənzil alması həmin hərbi qulluqçunun digər ailə üzvləri ilə birgə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə tənzimlənən təminatlardan məhrum edilməsinə əsas ola bilməz. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, sərəncama münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli, xx.xx.2019-cu il tarixli “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında” sərəncamın surətindən görünür ki, Sərəncamın 1.1-ci bəndinə əsasən ehtiyata buraxılmış hərbi qulluqçu Əliyev X3 rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin Siyahısına daxil edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi”nə dair müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.71 kv.m olan mənzili X1 götürmüşdür. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 nömrəli xx.xx.2022-ci il tarixli “Mənzillə təmin olunmuş ehtiyyatda olan hərbi qulluqçuların yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundan çıxarılmaları haqqında” sərəncamından çıxarışdan görünür ki, araşdırma zamanı Suraxanı RİHB-nın xx.xx.2019-cu il tarixli 13 saylı sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə (özü) ehtiyyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RİH-ə təqdim etdiyi arayışda onun övladları X4 adına Ağstafa rayonu, Poylu kəndində 1200 kv. torpaq sahəsinin, digər övladı X6 adına isə ipoteka krediti ilə 2 otaqlı mənzil olduğu müəyyən edilmişdir. Qeyd olunanlara, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2, 55.1.4-cü, 55.1.5-ci maddələrinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə istinad edərək, Sərəncamın 1-ci bəndinə əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin siyahısından çıxarılması qərara alınmış, Sərəncamın 2-ci bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2022-ci il tarixli, 143 nömrəli sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: -1965-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1992-ci il tarixən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası MTN-də həqiqi hərbi xidmətdən keçmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “V” bəndinə əsaəsn (xəstəliyə görə) Azərbaycan Respublikası Milli Təhlükəszlik Nazirliyinin xx.xx.2009-cu il tarixli, 1738 şh saylı əmri ilə ehtiyata buraxılmışdır. - 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 1238 nömrəli, xx.xx.2019-cu il tarixli arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası, Ağstafa rayonu, Poylu kəndində anadan olmuş İddiaçı dair Azərbaycan Respblikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2019-cu il tarixdə yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Arvadı – X5 (xx.xx.1970-ci il təvəllüdlü), 2. Övladı – X9 (xx.xx.1996-cı il təvəllüdlü), 3. Övladı - X7 (xx.xx.1998-ci il təvəllüdlü). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixli arayışa əsasən X6 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciəti üzrə aşağıdakı daşınmaz əmlak (əmlaklar) aşkar edilmişdir: ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, hüquq növü mülkiyyət, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 171, M6, M1 (2 otaq, ü/s 57,6 kv.m, y/s 34 kv.m) ünvanında yerləşən mənzil, JN-635 qeydiyyat nömrəli, hüququn növü ümumibirgə mülkiyyət, Ağstafa rayonu, Poylu kəndində 1.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi, JN-444A qeydiyyat nömrəli, hüququn növü ümumibirgə mülkiyyət, Ağstafa rayonu, Poylu kəndində 1.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin 06 iyun 2022-ci il tarixli sərəncamından iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamaını işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmət keçmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.2009-cu il tarixli, 1738 şh saylı əmri ilə ehtiyata buraxılmışdır. O, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmn edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Lakin, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci, 55.1.4-cü və 55.1.5 –ci maddələrinə istinad edilməklə iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərin siyahısından çıxarılmış, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamın qəbul edilməsinə əsas olmuş işin faktiki halı isə ondan ibarət olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RİH-ə təqdim etdiyi arayışda onun övladları X4 adına Ağstafa rayonu, Poylu kəndində 1200 kv.m torpaq sahəsinin, digər övladı X6 adına isə ipoteka krediti ilə 2 otaqlı mənzil mövcuddur. Həmçinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı arvadı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə yaşayır. Məhkəmə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin «b» bəndinə əsasən xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlar iddiaçının həyat yoldaşı ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması halları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsinə istinad etməklə iddiaçını güzəştli mənzil növbəsindən çıxartmaqda iddiaçıya münasibətdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların heç biri iddiaçıya münasibətdə tətbiq edilə bilməz. O cümlədən iddiaçının övladlarının mülkiyyətlərində daşınmaz əmlakın olması iddiaçının güzəştli mənzil növbəsindən çıxarılmasına əsas vermir. Belə ki, iddiaçının övladları müstəqil fərd olaraq həddi buluğa çatmış və müvafiq qaydada əmlak əldə etmişlər. Bu halın mövcud olması iddiaçının güzəştli mənzil növbəsindən çıxarılmasına əsas sayıla bilməz. Odur ki, məhkəmə qeyd edir ki, qeyd olunan halın iddiaçıya münasibətdə tətbiq olunaraq onun güzəştli mənzil növbəsindən çıxarılması barədə qəbul edilən sərəncam qanunsuz və əsassızdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın - inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim dəlilləri də, əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı ləğv edilsin və İddiaçı güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına bərpa edilməsi və müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10265/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10265/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver