Məhkəmə qərarları › İş №2-1(112)-10266/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10266/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10266/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “şəhid atası olaraq ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şəhid X4 atası olaraq ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X10 İİ Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixində gedən döyüşlərin birində şəhid olmuşdur. İddiaçı 2023-cü ilin dekabr ayından Suraxanı Rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Hazırda o, müvəqqəti əsaslarla ünvan 1 ünvanında yaşayır. Suraxanı rayonuna yeni qeydiyyata düşdüyünə görə hazırda yaşadığı ünvan üzrə mənzil növbəsinə götürülməyi zərurəti yaranmışdır. Lakin cavabdeh imtina etmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq bu iş üzrə iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir iddiaçının adına Lerik rayonu, Hovil kəndində yerləşən 0,0256 ha və 0,9035 hektar torpaq sahələri ümumi birgə payda qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Lerik rayon İcra Hakimiyyəti Başçısının 07 nömrəli, 16 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən şəhid ailəsi İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinin tələblərinə müvafiq olaraq yaşayış yerini dəyişərək digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə köçməsi ilə əlaqədar yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotundan çıxarılması, rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasına şəhid ailəsi İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna alınması və yaşayış yerinin dəyişməsi zərurəti ilə əlaqədar yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotundan çıxarılması ilə bağlı sənədlərin Suraxanı rayon İcra Hakimiyyətinə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. XVİİİ ЖГ seriyalı, 435823 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.1995-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. Atası İddiaçı, anası X5r. AZ-İİ seriyalı, 087586 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilmiş zədələnmə nəticəsində ölmüşdür. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır və X11 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə verilən 1223 manat pul kompensasiyasından ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Lerik rayonu, Hovil kəndində 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (5 nəfər) X1 adı ilə bağlı JN-006 nömrəli xx.xx.1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsinin 0.9035 ha hissəsinə dair ümumibirgə əsaslarla ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, yerdə qalan 0.0256 ha hissəsi ilə bağlı ümumi birgə əsaslarla ********** qeydiyyat nömrəli xx.xx.2023cü il tarixli çıxarışlar tərtib edilmişdir. X1 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 1995-ci il təvəllüdlü X10 xx.xx.2020-ci il 44 günlük İİ Vətən müharibəsində çağrılana qədər ailəsi ilə birlikdə qonşuların aktına əsasən Bünyadzadə küçəsi, ev 14, mənzil 21 ünvanda qeydiyyatsız yaşamışdır. xx.xx.2024-cü il tarixli Akta əsasən həqiqətən 1995-ci il təvəllüdlü X10 xx.xx.2020-ci il 44 günlük İİ Vətən müharibəsinə çağırılana qədər ailəsi ilə birlikdə Bünyadzadə küçəsi ev 14, mənzil 21-də qeydiyyatsız yaşamışdır. Akt ünvan 4 ünvanda yaşayan X6, mənzil 22-də yaşayan X2 və mənzil 12-də yaşayan X9 tərəfindən tərtib edilərək imzalanmışdır. 2024-cü il tarixli Akta əsasən 1964-cü il təvəllüdlü İddiaçı və X11 xəstəlikləri ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən Məktəbli küçəsi, ev 83 ünvanında qeydiyyatsız yaşamışdır. Akt Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, mənzil 79-da yaşayan X13, mənzil 23-də yaşayan X12 və mənzil 60-da yaşayan X7 tərəfindən tərtib edilərək imzalanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun şəhid X4 atası olaraq ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçının mənzil növbəsinə götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin ev iddiaçının mülkiyyətində deyildir. Mənzil istismar səhəsinin arayışına əsasən iddiaçı ailə üzvləri ilə 2020-ci ildən həmin ünvanda yaşayır. İddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində hər hansı yaşayış sahəsi yoxdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. Göründüyü kimi, iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, ona münasibətdə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar