Məhkəmə qərarları › İş №2-1(112)-1027/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1027/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1027/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “təmir işlərinin görülməsi və kirayə xərcinin ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin təmir işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməsi barədə Bakı Şəhər İcra hakimiyyətinin üzərinə öhdəlik qoyulması və cavabdeh orqanın hərəkətsizliyi nəticəsində mənzilindən istifadə hüququndan məhrum olduğu müddət üçün ümumilikdə 13500 (on üç min beş yüz) manat kirayə ödənişinin cavabdehdən alınaraq kompensasiya qismində ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir və mənzil qəzalı vəziyyətə düşənə qədər ailəsi ilə orada yaşamışdır. 2020-ci ilin yay aylarında mənzilin qonaq otağında su sızmalarının olduğu müşahidə olunmuş, mütəmadi olaraq 2 qonşunun mətbəx otağından, 1 qonşunun isə hamam otağından onun mənzilinin qonaq otağına su sızdırılmış, həmçinin xırda qum və daş qırıntıları tökülmüşdür. 2020-ci ilin yanvar ayının ortalarında sözügedən mənzilin qonaq otağının tavanı tamamilə çökmüşdür. Bu hadisə nəticəsində həmin otaq 3 qonşunun döşəməsinin dağıntıları altında qalmışdır. Bu 4 mənzil hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Həmin gün Yasamal rayon 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları hadisə yerinə gəlmiş və artıq həmin mənzildə yaşamağın onların həyatı üçün təhlükəli olduğunu və orada yaşaya bilməyəcəklərini bildirərək onları evdən çıxartmışlar. Bundan sonra, Mənzil Kommunal Təsərrüfat Birliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları binanın təmirinin dövlət hesabına həyata keçiriləcəyini, həmin vaxta qədər isə bina sakinlərinin mənzil ilə təmin olunacağını onlara bildirmişdir. Məsələyə baxılması üçün aidiyyatı qurumlara müraciət etsə də indiyə qədər heç bir tədbir görülməmişdir. Nəticədə, onsuz da qəzalı vəziyyətdə olan mənzil tamamilə dağılmışdır. Artıq mənzildən əsər-əlamət qalmamışdır. Fövqaladə hallar Nazirliyindən rəy gəldikdən sonra təmirə başlayacaqlar. O, Fövqaladə Hallar Nazirliyindən evinin təmiri üçün rəy almışdır, amma icraçı öz öhdəliyini yerinə yetirməkdən yenə də boyun qaçırmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, binanın təmir olunması üçün ilk növbədə dövlət büdcəsindən pul ayrılmalı, daha sonra isə tender elan olunmalı idi. Buna baxmayaraq, hadisənin üzərindən uzun müddət keçsə də, bu istiqamətdə hər hansı addım atılmamışdır. Onlar yalnız hər hansı partlayışın qarşısını almaq məqsədi ilə binaya işıq və qazın verilməsini dayandırmaqla kifayətlənmişlər. O, cavabdeh orqanın hərəkətsizliyi nəticəsində 2 ildən artıqdır ki, öz mülkiyyətində olan evindən istifadə hüququndan məhrum olmuşdur. Həmin mənzildən çıxarıldıqdan sonra cavabdeh tərəfindən müvəqqəti yaşayış üçün heç bir yardım göstərilməmiş, kirayədə yaşamaq üçün ödənilməli pul vəsaiti qarşılanmamışdır. O bu müddət ərzində müvəqqəti yaşayış üçün müxtəlif kirayə mənzillərdə qalaraq aylıq 500 (beş yüz) manat kirayə ödənişi etməklə bu günə qədər 13500 (on üç min beş yüz) manat maddi itkiyə məruz qalmışdır. Cavabdeh orqan tərəfindən təmir işlərinin hələ nə zaman başlayacağı barədə tədbir görülməsi, təmir işlərinin nə qədər müddət davam edəcəyi və onun kirayə mənzillərdə qalaraq daha nə qədər maddi itkilərə, borclara məruz qalacağı bəlli deyildir. Sözügedən ünvanda yerləşən bina qəzalı vəziyyətdə olduğundan yaşayış üçün yararsızdır və əsaslı şəkildə təmir olunmalıdır. Əks halda binanın uçması və daha çox ailənin bədbəxt hadisə nəticəsində xəsarət alması qaçınılmazdır. Bu səbəbdən də, təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ən qısa zamanda başlanmalıdır və operativ şəkildə həyata keçirilməlidir. Cavabdeh orqan məsələyə biganə qaldıqca vəziyyətləri getdikcə pisləşir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* serialı çıxarışdan görünür ki, ünvan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-03887 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Aktda qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2№li memarlıq-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3№li memarlıqinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X1 Agentliyinin 11 mart 2021-ci il tarixli, 34/01837 nömrəli və 07 may 2021-ci il tarixli, 34/03529 nömrəli tapşırıqlarına əsasən ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirdik. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası 2 girişli, 3 mərtəbəli olub 1907-ci ildə inşa edilmişdir. Bina planda ‘TT’ şəkilli olub daxili həyətlidir. Yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. (İnventar nömrəsi: 3681) Binanın bir hissəsi hal-hazırda Cəlil Məmmədquluzadənin ev muzeyi kimi fəaliyyət göstərir. Baxış keçirilən binanın əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Son illərdə binanın fasad və dam hissələrində təmir işləri aparılmışdır. Baxış zamanı binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilin tavan hissəsi, 2-ci mərtəbədə isə 12 saylı mənzilin üzərində yerləşən 13 saylı mənzilin və 2-ci mərtəbədə yerləşən ümumi istifadədə olan mətbəxin döşəməsinin deformasiyaya uğraması müşahidə edildi. 12 saylı mənzilin ağac materialından olan tavan hissəsində mənzilin və 2-ci mərtəbənin ümumi sahəsinin döşəməsi) mərtəbərarası örtüyün təqribən 3 kv.m sahəsi qismən uçmuşdur, digər sahələrdə isə ciddi şəkildə deformasiyalar yaranmışdır. Binada təmir işləri aparıldığından əsas yükdaşıyan divarlarda çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı binanın daxili həyət hissəsində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin tikilməsi müşahidə edildi. Sonradan inşa edilmiş yaşayış sahələri binanın əlavə yüklənməsinə və fəza sərtliyini xeyli zəiflətməyinə səbəb olmuşdur. ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən məhdud işlək, ümumi istifadədə olan mətbəxin, 12 və 13 saylı mənzillərin mərtəbəarası örtükləri (12 saylı mənzilin tavanı, 13 saylı mənzilin döşəməsi) isə qəzalı vəziyyətdədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ümumi istifadədə olan mətbəxə, 12 və 13 saylı mənzillərə giriş məhdudlaşdırılmalı və xəbərdaredici nişanlar qoyulmalıdır. Yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə layihə əsasında bərpagücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli, 13583/g nömrəli məktubunda bildirilmişdir ki, S.Tağızadə küçəsi 56 saylı ünvanda yerləşən yaşayış evi Dövlət Mənzil Fonduna aid binadır və Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bildiririk ki, 2019-cu ildən başlayaraq Bakı Şəhər icra Hakimiyyətinin sifarişi ilə yerinə yetiriləcək bütün növ təmir, tikinti, yenidənqurma, bərpa və abadlıq işləri (o cümlədən mənzil fondu) üzrə sifarişçi funksiyaları Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli, 50 saylı sərəncamı ilə tabeliyində yaradılan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə tapşırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Əsaslı Tikinti və Təmir MMC-nin xx.xx.2022-ci il tarixli, 2/217 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işlərinin aparılması üçün ayrılmış vəsait hesabına vətəndaşların şəxsi mülkiyyətində olan mənzillərdə təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulmadığından yuxarıda qeyd edilən ünvandakı mənzildə təmir-bərpa işlərinin aparılması mümkün olmamışdır. Eyni zamanda məlumat üçün nəzərinizə çatdırırıq ki, "xxxx" MMC tərəfindən sifarişçi qismində dövlət mənzil fonduna aid yaşayış binalarında təmir-bərpa işləri balanssaxlayıcı Mənzil- Kommunal Təsərrüfatı Birlikləri və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin birgə hazırlayaraq təqdim etdiyi siyahıya uyğun olaraq həyata keçirilməkdədir. ünvan 5 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 21,05.2021-ci il tarixli aktının vizual baxış əsasında tərtib olunmasını nəzərə alaraq, həmin binanın instrumental müayinə olunaraq müvafiq rəy verilməsi üçün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət olunmuşdur. Veriləcək rəyin nəticəsinə uyğun olaraq, habelə balanssaxlayıcı tərəfindən növbəti ilin titul siyahısına daxil ediləcəyi halda sakinlərin şəxsi mülkiyyətində olan mənzillər istisna olmaqla sözügedən yaşayış binasında bərpagücləndirmə işləri aparıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən cavabdeh qismində qoyulmuş inzibati orqanın iddia tələbi üzrə cavabdehliyinin olmaması əsası ilə mümkünsüz sayılması nəticəsinə gəlir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, ünvan 1 saylı mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilin tavan hissəsi, 2-ci mərtəbədə isə 12 saylı mənzilin üzərində yerləşən 13 saylı mənzilin və 2-ci mərtəbədə yerləşən ümumi istifadədə olan mətbəxin döşəməsinin deformasiyaya uğradığı, mərtəbərarası örtüyün qismən uçduğu müəyyən olunmuş, bu barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin yaşayış binasının texniki vəziyyəti haqqında Akt tərtib edilmişdir. Hazırkı iddiasında iddiaçı ona mülkiyyətində olan 12 saylı mənzilin təmir işlərinin görülməsi vəzifəsinin Bakı Şəhər İcra hakimiyyətinin üzərinə qoyulması və mənzilindən istifadə hüququndan məhrum olduğu müddət üçün kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Şəhərsalma və Tiinti Məcəlləsinin: -3.0.19-cu maddəsinə əssən tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi; -3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; Mənzil Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. -24.2-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. -24.4-cü maddəsinə əsasən razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. -24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -25.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. -25.3-cü maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. - 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. -28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. -28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. -28.3-cü maddəsinə görə mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. -28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. -28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. -84.0-cı maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: 84.0.4. evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində yaşayış sahəsini saxlamaq mümkün olmadıqda və ya onun ümumi sahəsinin azalması nəticəsində həmin yaşayış sahəsində yaşayan kirayəçi və onun ailə üzvləri yaşayış sahəsinə ehtiyacı olan hesab edildikdə və ya yaşayış sahəsinin ümumi sahəsinin əhəmiyyətli dərəcədə artması nəticəsində yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi ayrılma normasından əlli faizdən çox artıq olduqda. -87.1-ci maddəsinə görə evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər bu cür əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, kirayəyə verən əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən yaşayış sahəsinin sosial kirayə müqaviləsi ləğv edilmədən digər yaşayış sahəsi verməyə borcludur. Əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddətdə kirayə müqaviləsi ilə manevr fondunun yaşayış sahələri verilir. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsinə köçməkdən imtina edərlərsə, kirayəyə verən məhkəmə qaydasında onların köçürülməsini tələb edə bilər. Kirayəçinin və onun ailə üzvlərinin manevr fondunun yaşayış sahəsinə və geriyə köçmələri kirayəyə verənin hesabına həyata keçirilir. -87.2-ci maddəsinə əsasən manevr fondunun yaşayış sahəsinin verilməsi əvəzinə kirayəyə verən kirayəçinin və onun ailə üzvlərinin razılığı ilə onlara sosial kirayə müqaviləsi ilə digər abadlaşdırılmış yaşayış sahəsi verə bilər. Bu halda əsaslı təmir edilməli və ya yenidən qurulmalı evdə (binada) yerləşən yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. -94.0-cı maddəsinə əsasən manevr fondu yaşayış sahələri aşağıdakı şəxslərin müvəqqəti yaşaması üçün nəzərdə tutulur: 94.0.1. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşların; (....). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə 24 may 2010-cu il tarixli 272 nörməli Fərmanın 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Sadalanan normalardan görünür ki, Mənzil Məcəlləsinin 28-ci maddəsi qəza vəziyyətində olan xüsusi mülkiyyətdə olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını tənzimləyirsə, 87-ci maddəsi isə dövlət mənzil fonduna aid evin (yaşayış binası) əsaslı təmiri qaydalarını tənzimləyir. Belə ki, qanunvericilik ilk növbədə xüsusi mülkiyyətə özəlləşdirilmiş mənzil (yaşayış binasının) qəza vəziyyətinə düşdükdə əsaslı təmir və bərpa etmək vəzifəsini mülkiyyətçiyə həvalə etmişdir. Bununla əlaqədar olaraq mülkiyyətçinin (və ya mülkiyyətçilərin) yaşayış sahəsinin əsaslı təmiri, yenidən qurulması (rekonstruksiya) üçün müvafiq icra hakimiyyəti orqanına yenidənqurmaya razılıq alınması üçün müraciət etməsi tələb olunur. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün mənzilin mülkiyyətçisinin (və ya mülkiyyətçiləri) Məcəllənin 24.2-ci maddəsində sadalanan ərizə və sənədləri razılaşdırmanı həyata keçirən yerli icra hakimiyyəti orqanına təqdim etməsi tələb olunur. Əsaslı təmirin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması mülkiyyətçi üçün onun tərəfindən yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsas kimi çıxış edir. Və yaxud əks hal- yəni yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında yerli icra hakimiyyəti orqanının qərarından mülkiyyətçi (və ya mülkiyyətçilər) tərəfindən məhkəmə şikayət verilə bilməsi imkanı nəzərdə tutulur. Yalnız bir halda xüsusi mülkiyyətdə olan mənzil (yaşayış binasının) bərpasının mülkiyyətçinin hesabına deyil, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada keçirilməsi mümkündür ki, bu hal da yuxarıda qeyd edilən Məcəllənin 28.5-ci maddəsində nəzərdə tutulan mənzilin məhz təbii fəlakət nəticəsində yarasız hala düşməsi və təmirə ehtiyacı olmasıdır ki, bu zaman belə təmir xərclərinin dövlət hesabına aparılması mütləq deyildir. Belə ki, sözügedən maddədə “təmir (bərpanın) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər” ifadəsi qeyd edilmişdir. Bundan əlavə qanunvericilikdə həm də dövlət mənzil fonduna aid, sosial kirayə müqaviləsi əsasında vətəndaşların istifadəsinə verilmiş mənzillərin, onların yerləşdiyi binanın (evin) əsaslı təmiri və ya yenidən qurulması tənzimlənmişdir. Yuxarıda qeyd edilən MM-nin 87-ci maddəsi məhz dövlət mənzil fonduna aid, şəxsi mülkiyyətdə olmayan yaşayış sahələrinin əsaslı təmir və yenidənqurması işlərinin aparılmasını mənzilin kirayəçilərinə deyil, bilavasitə kirayə verənə (və ya balanssaxlayıcı qurum) həvalə edir. Bu zaman kirayəyə verən üçün qanun əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən digər yaşayış sahəsinin və ya manevr fondunun yaşayış sahələri vermək vəzifəsini nəzərdə tutur. Hazırkı iş üzrə qeyd edildiyi kimi iddiaçının iddia etdiyi yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir, dövlət mənzil fonduna aid mənzil deyildir. Belə olan halda xüsusi mülkiyyətdə olan mübahisəli mənzilin əsaslı təmir işlərinin dövlət büdcəsi hesabına, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməli olmasına dair normativ əsas müəyyən olunmur. İddiaçı xüsusi mülkiyyətçi kimi mənzilində yaranmış qəza vəziyyəti ilə bağlı özü (və ya digər mülkiyyətçilərlə birlikdə) yenidənqurmanın (rekonstruksiya) tikinti norma və qaydalarına riayət etməklə razılaşdırması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək imkanı olduğu halda cavabdehə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd edilməlidir ki, MM-nin 28.5-ci maddəsi ilə nəzərdə tutulmuş haldan irəli gələ bilən tələb hüququnun da mövcudluğu hazırkı iş üzrə müəyyən olunmur. Belə ki, mübahisəli mənzilin tavan hissəsində, üst mərtəbədəki mənzilinin döşəməsində deformasiyalar hər hansı təbii fəlakət nəticəsində yaranmamışdır. Bu barədə FHN Tikintidə Nəzarət Dövlət Agentliyinin yaşayış binasının texniki vəziyyətinə dair aktda bilavasitə göstərilmiş, eyni zamanda aktda bina sakinləri tərəfindən inşa edilmiş əlavə yaşayış sahələrinin binanın əlavə yüklənməsinə və zəifləməsinə səbəb olduğu vurğulanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd)., Beləliklə, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “təmir işlərinin görülməsi və kirayə xərcinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar