Məhkəmə qərarları › İş №2-1(112)-10270/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10270/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10270/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur, iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən əmək fəaliyyətinə xx.xx.1989-cu ildə Elmi-Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutunun torakal cərrahiyyə şəbəsində tibb bacısı vəzifəsinə təyin olunmaqla başlamışdır və hal-hazıradək qeyd olunan tibb müəssisəsində çalışır. Həmin tibb müəssisəinin adı bir neçə dəfə dəyişmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 20 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı əmək fəaliyyətinə başladığı zaman tibb müəssisəsinin adı Elmi-Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu, xx.xx.1999-cu ildən X1 İnstitutu, xx.xx.2021-ci il tarixdən X1 X6 Şəxs adlandırılmışdır. İddiaçı əmək fəaliyyətinin əsas hissəsini güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işdə işləməsinə baxmayaraq, cavabdeh müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçının əmək kitabçasından və hal-hazırda əmək fəaliyyətində olduğu Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “X1 İnstitutu” X8 tərəfindən verilmiş 20 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ qazanmışdır. Belə ki, təqdim olunmuş arayışdan və əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək adıçəkilən tibb müəssisəsinin əməliyyatxana bölməsində tibb bacısı (orta tibb bacısı) vəzifəsində, xx.xx.1996-cı il tarixədən xx.xx.2018-ci il tarixədək anestezologiya, reanimasiya və intensiv terapiya şöbəsində böyük tibb bacısı (orta tibb heyəti) vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təşkilat metodik şöbədə tibbi statist (orta tibb heyəti) vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdən hazırkı dövrədək İİ ağciyər vərəmi şöbəsində tibb bacısı (orta tibb heyəti) vəzifəsində çalışır. İddiaçının əmək fəaliyyətində olduğu tibb müəssisəsinin təqdim etdiyi 20 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı çalışdığı müddət ərzində mütəmadi olaraq vərəmli və infeksion xəstələrlə təmasda olmuş, bu səbəbdən əmək haqqına 15% əlavə almışdır. İddiaçının ümumi iş stajının 36 il 06 ay 20 gün, zərərli iş stajının 30 il 05 ay 27 gün təşkil etməsi arayışda qeyd olunmuşdur. Həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 19-cu bəndinin (tibb və sosial təminat idarələri) “a” yarımbəndinə əsasən vərəm və infeksion idarələrdə, bölmələrdə, kabinetlərdə orta tibb heyəti üzvlərinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ olduğu qeyd olunmuşdur. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 55680,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32389,95 manat təşkil edir. Buna görə də həmin tarixədək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 aprel 2022-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 55975,88 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30751,75 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyi “X1 İnstitutu” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixində (əmr № 82, xx.xx.1989-cu il) Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli 163 ünvanında yerləşən X1 İnstitutunun Torakal cərrahiyyə şöbəsinə, tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək əməliyyatxana bölməsində tibb bacısı (orta tibb heyəti) vəzifəsində (əmr № 27, xx.xx.1996-cı il), xx.xx.1996-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində böyük tibb bacısı (orta tibb heyəti) vəzifəsində (əmr № 37, xx.xx.1996-cı il), xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Təşkilati metodik şöbədə tibbi statist (orta tibb heyəti) vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən şəxsi ərizəsi əsasında İİ Ağciyər vərəmi şöbəsinə tibb bacısı (orta tibb heyəti) vəzifəsinə keçirilmiş və bu günə kimi həmin vəzifədə çalışır. Çalışdığı müddət ərzində İddiaçı mütəmadi olaraq vərəmli və infeksion xəstələrlə təmasda olmuş, bu səbəbdən də əmək haqqına 15% əlavə almışdır. Eyni zamanda əmək şəraitinin zərərli xarakterli olması ilə əlaqədar olaraq əmək məzuniyyətinin müddəti 6 gün (tibb bacısı) və 12 gün (Reanimasiya şöbəsi) artırılmışdır (əsas: ştat cədvəli, əmək haqqı cədvəli). Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən təsdiq olunmuş siyahısının 19-cu bəndinin (Tibb və sosial təminat müəssisələri) “a” yarımbəndində nəzərdə tutulmuşdur ki, vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərdə orta tibb heyəti üzvlərinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Elmi-Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu xx.xx.1999-cu ildən X1 İnstitutu adlandırılır. X1 İnstitutu xx.xx.2021-ci il tarixindən “X1 İnstitutu” X8 adlandırılır. İddiaçı zərər stajı 30 il 05 ay 27 gün, ümumi əmək stajı isə 36 il 06 ay 20 gün təşkil edir. İş materiallarında olan xx.xx.1989-cu ildə verilmiş NT-İ seriyalı 541291 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1987-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 1 nömrəli tibb məktəbinə daxil olmuş və 1989cu ildə Uşaq müalicə-profilaktika müəssisələri tibb bacısı ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1989-cu il tarixli qərarı ilə ona uşaq müalicə-profmüəssisələri üzrə tibb bacısı ixtisası verilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı (qida ticarəti ilə məşğul olana qədər heç bir iş təcrübəsi olmamış) xx.xx.1985-ci ildə 26 Bakı Komissarları adına Rayon Qida Ticarəti 68 saylı SGPTU-nu bitirdikdən sonra 33 saylı mağazaya kiçik satıcı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1986-cı ildə 28 saylı mağazaya kassir vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə 1 saylı Bakı Tibb Məktəbi tibb şöbəsinin tələbəsi kimi qəbul olunmuş, xx.xx.1989-cu ildə məktəbi bitirdiyi üçün xaric olunmuş, xx.xx.1989-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi- Tədqiqat Ftiziologiya və X2 cərrahiyə şöbəsinə tibb bacısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1996-cı ildə əməliyyat otağında tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə reanimasiya və anesteziologiya şöbəsində böyük tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə Elmi-Tədqiqat Ftiziologiya və Pulmonologiya İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 İnstitutu adlandırılmışdır, xx.xx.2018-ci ildə Təşkilati metodik şöbədə tibbi statist vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə İİ Ağciyər vərəm şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş və bu günə kimi işləyir (qeyd xx.xx.2022). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək Bakı 1 nömrəli Tibb Məktəbində təhsil almışdır. Təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 20 il 2 ay 28 gün ümumi sığorta stajına malikdir (xx.xx.1987-xx.xx.1989 (təhsil), xx.xx.1985-xx.xx.1987, xx.xx.1989-xx.xx.2006). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1989-cu il tarixindən hazıradək (xx.xx.2022) X1 İnstitutunda tibb bacısı vəzifəsində işləyir (xx.xx.2006-cı ilədək cəmi 16 il 4 ay 3 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXİV Bölmə - Səhiyyə və sosial təminat idarələri, a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində; kod 2260000a –orta tibb heyəti. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 16 il 4 ay 3 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar