Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10270/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və müvəqqəti yaşamaq üçün icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması” haqqında Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və yaxın qohumluq münasibəti əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Rusiya Fedarasiyasında anadan olmuşdur. Hal-hazırda da Rusiya Federasiyası vətəndaşıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı X5 ailə həyatı quraraq tərəflərin nikahı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 1051 №-li nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyata alınmışdır. İddiaçı 2020-ci ildə pandemiya dövründən Azərbaycanda qohumlarının yanında yaşamışdır. Vefrov Timofeyev ilə tanış olduqdan sonra ailə həyatı qurmağa qərar vermişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək yaxın qohumluq münasibəti əsasında ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması” haqqında Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ilə İddiaçı müraciəti təmin edilməmişdir. Qərarda imtinanın əsası kimi aparılmış icraat nəticəsində şəxsin müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduğunun müəyyən edildiyi qeyd olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə istinad edilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Bu səbəbdən hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı Cheblakova Valentina cavabdeh Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - DMX) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizəyə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı Cheblakova Valentina ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin (bundan sonra- MYİ) verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxs Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs Azərbaycan Respublikasının vətəndaşı Timofey Vetrovla nikah əsasında müvəqqəti yaşama icazəsi almışdır. Qeyd olunmalıdır ki, nikahın məqsədli olub-olmaması ilə bağlı müvafiq araşdırmaların aparılması zamanı Azərbaycan Respublikasının vətəndaşı Timofey Vetrovun izahatı alınmışdır. Araşdırma zamanı, şəxs özü də etiraf edərək nikahlarının məqsədli olduğunu və Cheblakova Valentinaya MYİ almaq üçün belə qərara gəldiklərini, hər ikisinin də fərqli ünvanda yaşadıqlarını bildirmişdir. Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. İşin hallarından da görünür ki, şəxs ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə məqsədli şəkildə nikaha daxil olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZ-İİ 561358 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan vətəndaşı X5 nikaha daxil olmuşdur. - Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-ci il tarixli ******* saylı qərarından görünür ki, Rusiya Federasiyası vətəndaşı ********* nömrəli pasporta malik olan Cheblakova Valentinanın 28 mart 2023-cü il tarixli müraciəti təmin edilməmiş, Rusiya Federasiyası vətəndaşı ********* nömrəli pasporta malik olan Cheblakova Valentinanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. - Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportundan görünür ki, X1 Rusiya Federasiyasının vətəndaşıdır. - Timofey Vetrov izahatında bildirmişdir ki, onun iddiaçı ilə nikahı məqsədlidir və Cheblakova Valentinaya müvəqqəti yaşamaq icazəsi almaq üçün belə qərara gəlmişlər, hər ikisi də fərqli ünvanda yaşayırlar.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (bundan sonra Məcəllə) 45-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar müəyyən olunmuşdur. Məcəllənin 45.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: Məcəllənin 45.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Məcəllənin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Rusiya Federasiyası vətəndaşı (765488840 nömrəli pasport) X1 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-ci il tarixli ******* saylı qərarı ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Cavabdehdən alınmış inzibati icraat materiallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı X5 ailə həyatı quraraq tərəflərin nikahının 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 1051 №-li nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyata alınmışdır. Həmin tarixdə də iddiaçı Dövlət Miqrasiya Xidmətinə müraciət edərək yaxın qohumluq münasibəti əsasında ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Araşdırma zamanı Timofey Vetrovun izahatı alınmış, həmin şəxs etiraf edərək nikahlarının məqsədli olduğunu və Cheblakova Valentinaya müvəqqəti yaşamaq üçün icazə almaq üçün belə qərara gəldiklərini, hər ikisinin də fərqli ünvanda yaşadıqlarını bildirmişdir. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirsə də, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Bununla əlaqədar sübutun məhkəməyə təqdim edilməsi iddiaçının vəkilinə təklif olunsa da, məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya müvəqqəti yaşayış icazəsi verilməsindən imtinası nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X3rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onunla bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və müvəqqəti yaşamaq üçün icazə verilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva