Məhkəmə qərarları › İş №2-1(112)-10273/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10273/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10273/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X21, X7 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X21, X22 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onların və həddi buluğa çatmayanlar xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 ünvan 1 ünvana pasport qeydiyyatına alınmaqlarının cavabdeh Binəqədi rayon Polis İdarəsinin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun müddətdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Onlar faktiki olaraq bu fərdi yaşayış evində yaşayır, təsərrüfat aparır və faktiki olaraq sahiblik və istifadə edirlər. Fərdi yaşayış evinə ünvan-nömrə verilmişdir. Tərəflərindən müvafiq olaraq bələdiyyəyə vergilər ödənilir. Bu fərdi yaşayış sahəsinə aid kommunal xərclər tərəflərindən ödənilir. Fərdi yaşayış evinin yararlı halda saxlanması üçün xeyli vəsait sərf etmişlər. Bu fərdi onların daimi yaşayış yerləridir və başqa yerdə yaşayış yerləri yoxdur. Onların bu ünvana qeydiyyata alınmaqları hüquqlarının həyata keçirilməsinə imkan yaradacaqdır. Bu ünvanda qeydiyyatda olan X30 iddiaçıların bu ünvana qeydiyyata alınmaqlarına etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir. Onların fərdi yaşayış evinə qeydiyyata alınmamaqları səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2-1324 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X16 Binəqədi RPl Q. və ŞVŞ-nin rəisinin hərəkətlərinin qanunsuz hesab edilməklə, daimi yaşadığı Bakı şəhəri Biləcəri qəsəbəsi 1 may yaşayış massivi 4 saylı evə yaşamaq hüquqlarının tanınması və yaşayış yeri üzrə qeydiyyata götürülməsi barədə ərizəsi təmin edilmiş, X30 Bakı şəhəri Biləcəri qəsəbəsi 1 may yaşayış massivi 4 saylı evə yaşamaq hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş X17 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd olunmuşdur ki, xx.xx.1948-ci il təvəllüdlü X18, xx.xx.1997-ci il təvəllüdlü X10, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı3, xx.xx.1971-ci təvəllüdlü İddiaçı4, xx.xx.2020-ci təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X12 ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qeydiyyata düşməsinə etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-20541/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında X30 xx.xx.2004-cü il tarixdən, X3 xx.xx.2004-cü il tarixdən, X13 xx.xx.2007-ci il tarixdən, X4 21,06.2004-cü il tarixdən, X6 xx.xx.2017-ci il tarixdən, X14 xx.xx.2017-ci il tarixdən qeydiyyatdadırlar. Əlavə olaraq bildiririk ki, X31 xx.xx.2003-cü il tarixdən, X23 xx.xx.2004-cü il tarixdən, İddiaçı3 xx.xx.2019-cu il tarixdən, İddiaçı4 xx.xx.2002-ci il tarixdən, X24 xx.xx.2019-cu il tarixdən,X25 xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseynov döngəsində yerləşən ümumi sahəsi 80.97 kv.m, yaşayış sahəsi 50.04 kv.m, yardımçı sahə 30.93 kv.m olan 4 otaqlı ev 1, mənzil 24 xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********84 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-46/2-25657/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında X13, X4, X6, X14 qeydiyyatdadırlar. Bakı şəhəri, ünvan 9 ünvanında X31 xx.xx.2003-cü il tarixindən, X23 xx.xx.2004-cü il tarixindən, İddiaçı3 xx.xx.2019-cu il tarixindən, İddiaçı4 xx.xx.2002-ci il tarixindən, X24 xx.xx.2019-cu il tarixindən, X25 xx.xx.2021-ci il tarixindən qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş AN – İ № ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə satıcı İddiaçı1 Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 80.97 kv.m olan mənzili alıcı X2 mülkiyyətinə verir. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı İddiaçı1 xx.xx.2023-cü il tarixdək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-10-1/2-227/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Biləcəri qəsəbəsi ,1 May Massivi, ev 4 ünvanı fərdi yaşayış evidir, torpağa və evə dair müvafiq sənədləri yəni mülkiyyət hüququnu təsdiq edən çıxarış olmadığından hüquqi cəhətdən özbaşına tikili sayılır. Bundan əlavə qeyd olunan ünvanda 1 nəfər X32 qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-46/2-Q- 159xx/xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən Sizin, ailə üzvlərini İddiaçı4, X26, İddiaçı3, X27 və X15 ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinizin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığınız ünvana qeydiyyata alınması məsələsinə tərəfimizdən baxılacaq. Bu məktub RPİ-nin QMB-si tərəfindən imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçılar X32 ilə ünvan 1 ünvanda faktiki yaşasalar da həmin ünvanda qeydiyyatda deyilllər. İddiaçı1 xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzili X1, müqavilə tələbinə uyğun olaraq həmin ünvandan xx.xx.2023-cü il tarixdək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçının oğlu X32 həmin ünvanda qeydiyyatdadır. Binəqədi Rayon Məhkəməsinin 2-1324 nömrəli, xx.xx.2004-cü il tarixli Qətnaməsi ilə X17 Bakı şəhəri Biləcəri qəsəbəsi 1 may yaşayış massivi 4 saylı evə yaşamaq hüquqları tanınmış və həmin qətnamə əsasında sonuncu yaşayış yeri üzrə sözügedən ünvana qeydiyyata götürülmüşdür. İddiaçıların faktiki yaşadıqları sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Eyni zamanda, ünvan 15anı üzrə hər hansı əmlak xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsin adına qeydiyyatdan keçməmişdir. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Belə olan halda hesab edilir ki, iddiaçının ailə üzvü X32 həmin ünvanda qeydiyyatda olduğu halda iddiaçıların da onunla birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdırlar. Nəzərə almaq lazımdır ki, həmin ünvanda qeydiyyatda olan X30 iddiaçıların mübahisəli ünvana qeydiyyata alınmalarına etiraz etmədiyi, razı olduğuna dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçıların ailə üzvünü qeydiyyata almış, iddiaçıların müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı onlara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı3, xx.xx.1971-ci təvəllüdlü İddiaçı4, xx.xx.2020-ci təvəllüdlü X28, xx.xx.2019-cu il təvəllüdlü X12 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı3, xx.xx.1971-ci təvəllüdlü İddiaçı4, xx.xx.2020-ci təvəllüdlü X28, xx.xx.2019-cu il təvəllüdlü X12 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar